İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə-Rusiya Monitorinq Mərkəzinin hesabatları məxfi saxlanılır

Ekspert: “Son erməni terrorçusu Qarabağdan çıxarılana qədər mərkəz fəaliyyətini davam etdirməlidir”

Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il uzadılıb. Bu barədə qanun layihəsini əvvəl Türkiyə Böyük Millət Məclisi, sonra isə  Rəcəb Tayyib Ərdoğan təsdiqləyib.

Xatırladaq ki, Qarabağ Zəfərindən sonra imzalanan üçtərəfli bəyanata əsasən, Qarabağda yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci ilin yanvar ayının 30-dan fəaliyyətə başlayıb.  Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidmət, inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlar, su, elektrik və istiliklə təmin olunub. Burada hər iki tərəfin birgə istifadəsi üçün ümumi monitorinq mərkəzi, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var. Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir.

Maraqlıdır ki, Birgə Monitorinq Mərkəzinin fəaliyyəti sanki hiss edilmir. Aydındır ki, sərhəddə baş verənlər mərkəzin fəaliyyət sahəsinə aid deyil. Amma bu müddət ərzində Qarabağda erməni təxribatları çox olub. Bu halda da mərkəzin hər hansı açıqlamasına rast gəlinməyib. Mümkündür ki, mərkəzin hazırladığı hesabatlar tərəflərə (Ermənistan təbii ki, istisnadır) verilsə də, konfedensial olaraq saxlanılır. Hər halda, türk əsgərinin bu mərkəzdə fəaliyyəti Azərbaycanın xeyrinə olan faktordur.

Kəlbəcərdən əməliyyata başlamaq Nəcməddin Sadıxovun ideyası idi” - ŞOK İDDİA

 Rövşən Məhərrəmov

Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmov Monitorinq Qrupunun fəaliyyətinə böyük ehtiyac duyur: “Bilirsiniz ki, bu mərkəz üçtərəfli razılaşmadan sonra yarandı və Azərbaycan-Türkiyə qardaşlığı, dost dövlət olaraq bu mərkəzdə Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri də yer aldı. Düşünürəm ki, bu çox yaxşı bir haldır. Ağdamda fəaliyyət göstərən bu Monitorinq Qrupunda Türkiyə ilə yanaşı, hər kəsə məlumdur ki, Rusiya Silahlı Qüvvələri də yer alır. Mütəmadi olaraq mərkəzlə Müdafiə Nazirliyimizin də əlaqəsi var və hər şeydən nazirliyimiz məlumatlıdır. Mümkün deyil ki, nəsə barədə nazirliyimizə məlumat verilməsin. Rusiya Müdafiə Nazirliyinin nümayəndələri Ermənistana da məlumat verirlər. Hansı məlumatları verir, bax bu sual altındadır. Kəşfiyyat və ya digər məlumatların verilməsini kimsə deyə bilməz. Aydın məsələdir ki, burada hər zaman olduğu kimi, Rusiya Ermənistanın maraqlarından çıxış edib. Amma Türkiyə qardaş dövlət olduğu üçün inanmıram ki, Azərbaycana qarşı hər hansı bir təhlükəli hal olsun və bu barədə bizim tərəfə məlumat verilməsin. Bu, mümkünsüzdür. Türkiyə daim bizim maraqları qoruyub. Bilirsiniz ki, bundan əlavə, Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanıb. Bu da bizim Türkiyə ilə qardaş dövlət olmağımızı bir daha sübut etdi. Şuşa Bəyannaməsi bizim sığortamızdır. Orada siz də bildirdiyiniz kimi, hər bir şərait yaradılıb. 4 hektar ərazini əhatə edir. Onların yaxşı fəaliyyətləri üçün bütün şərait yaradılıb. Monitorinq Qrupunda Türkiyə Silahlı Qüvvələrinin də iştirakı bir növ Şuşa Bəyannaməsinə bir dəstəkdir. Biz bilməliyik ki, ətrafımız düşmənlərlə əhatə olunub. Cənubdan İran bilirsiniz ki, tez-tez ölkəmiz əleyhinə çıxış edir, təhdidlər yağdırır, sərhəddə təlimlər keçirir. Digər tərəfdən, Ermənistan kimi düşmənimiz var. Qarabağdan erməni silahlı birləşmələri hələ ki tam şəkildə çıxarılmayıb. Amma o da məlumdur ki, Türkiyə Silahlı Qüvvələri PUA-lar və digər vasitələrlə bütün Qarabağa nəzarət etmək imkanlarına malikdir. Nəzarəti zatən edirlər. Türkiyə Böyük Millət Məclisində müddət bir il uzadılıb. Ümid edirəm ki, keçmiş Qarabağ ərazisində münaqişə həllini tapmayana qədər qardaş ölkənin silahlı qüvvələrinin nümayəndələri oradan çıxarılmayacaq. Hesab edirəm ki, müddət bitdikcə artırılacaq. İstənilən halda, son erməni terrorçusu Qarabağdan çıxarılana qədər Monitorinq Qrupu fəaliyyətini davam etdirməlidir. İnanıram ki, tez bir zamanda bayraqlarımızı Xankəndi və Qarabağda rusların nəzarət etdikləri yerlərdə asacağıq”.

Ramil Məmmədli: “Orta hesabla erməni silahlı qüvvələrinin əsgər itkisi 10  min nəfərdən çoxdur” - Azinforum.az İnformasiya Portalı

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli elə məlumatlar var ki, onun açıqlanmasını məqsədəuyğun saymır: “Türkiyə-Rusiya Monitorinq Mərkəzinin hesabatlarını açıqlamamasının əsas səbəbi təbii ki, mövcud vəziyyətdir. Orada bəzi xırda hadisələr baş verə bilər ki, onun ictimailəşdirilməsi doğru olmazdı. O məlumatların açıqlanması artıq məsələnin ictimailəşdirilməsi anlamına gəlir. Bu da həmin qurum, eləcə də Azərbaycan rəhbərliyi tərəfindən məqsədəuyğun hesab edilmir. Bu səbəbdən də Monitorinq Mərkəzinin hesabatları məxfi saxlanılır. Ümumiyyətlə, Monitorinq Mərkəzinin mövcudluğu ölkəmizin xeyrinədir. Çünki erməni terrorçularının fəaliyyətlərinin bu qurum tərəfindən qeydə alınması, nəzarətdə saxlanılması gələcək fəaliyyətimiz, üstünlük əldə etməyimiz üçün dividentlər qazandırır. Danışıqlarda yəqin ki, Monitorinq Mərkəzinin hesabatları açıqlanacaq. Bu da danışıqlar prosesində bizim üçün üstünlük yaradan məqamlardan biri olacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR