Onlayn ictimai-siyasi qəzet
Mayın 14-də keçirilən seçkilərdən sonrakı 7 aylıq müddətdə Türkiyə Böyük Millət Məclisinə seçilən 600 deputatdan 61-i istefa verib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu çərçivədə Cümhuriyyət Xalq Partiyasının (CHP) siyahıları ilə seçilən 39 millət vəkilindən 38-i istefa verib, CHP Ərzincan millət vəkili Mustafa Sarıgül isə partiyasında qalıb.
Belə ki, CHP-dən istefa verən 38 deputatdan 15-i Demokratiya və Tərəqqi Partiyasına, 10-u Gələcək Partiyasına, 10-u Səadət Partiyasına, 3-ü isə Demokrat Partiyasına keçib.
Qeyd olunub ki, CHP-dən Gələcək Partiyasına keçən 10 deputat qrup yaratmaq üçün yenidən istefa verib və Səadət Partiyasına keçərək TBMM-də 20 deputatla qrup yaradıb. Bu yaxınlarda Səadət Partiyasının sədr müavini Kocaeli millət vəkili Həsən Bitməzin ölümündən sonra “Səadət-Gələcək” ortaq qruplaşması dağılıb. Bu səbəbdən CHP Kütahya millət vəkili Əli Fazıl Kasap Səadət Partiyasına keçib.
Məlumata görə, Yaşıl Sol Partiyasının siyahılarından seçilən iki millət vəkili istefa verərək EMEP-ə keçib. İki deputat isə Demokratik Regionlar Partiyasına üzv olub.
Eyni zamanda İYİ Partiya Əskişəhər millət vəkili Nəbi Hatipoğlu partiyasından istefa verərək Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olub. İstanbul millət vəkili Ayşe Sibel Yanıkömeroğlu da partiyasından istefa verib. Ankara millət vəkili Adnan Beker, İstanbul millət vəkili Səlim Ensarioğlu və Sakarya millət vəkili Ümit Dikbayır TBMM-də müstəqil olaraq fəaliyyətlərini davam etdirir.
Hakim Ədalət və İnkişaf Partiyasından TBMM-ə daxil olan İstanbul millət vəkili Zəkəriyyə Yapıcıoğlu, Qaziantep millət vəkili Şehzadə Dəmir, Mersin millət vəkili Faruk Dinç və Batman millət vəkili Serkan Ramalı Hüda-Par-a keçib. Eyni siyahıdan seçilən Demokratik Sol Partiyasının (DSP) sədri, İstanbul millət vəkili Öndər Ağsakal isə partiyasında qalıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ