İnsanlara hürriyət, millətlərə istiqlal!

“Türkiyə müharibədən qazanır, amma Ərdoğan sülh istəyir” - SENSASİON AÇIQLAMA

“Novaya qazeta”: “Rusiya ilə Türkiyə arasında münasibətlər mürəkkəbdir, amma Putin İstanbulu yenə ona görə seçdi ki...”

İstanbulda mayın 15-nə nəzərdə tutulan danışıqlar baş tutmadı. Bu gün gözlənilir ki, tərəflər nəhayət ki, bir masa arxasına toplaşsın. Bu mövzuda Putinin niyə görüş yeri üçün İstanbulu seçdiyi, Türkiyənin və prezident Ərdoğanın bu prosesdən siyasi dividentləri haqda hələ də yazılır. Türkiyə və Balkanlar üzrə tədqiqatçı, Atlantik Şuranın rezident olmayan baş elmi işçisi Dimitar Beçev “Novaya qazeta”nın suallarını cavablandırıb.

Vladimir Putinin İstanbulu niyə təklif etməsi barədə ekspert bunları deyib: “Rusiyanın Ukraynaya təcavüzünün ilk günlərindən Türkiyə münaqişədə neytral arbitr rolunu oynayır. Ərdoğanın həm Putin, həm də Zelenski ilə yaxşı şəxsi əlaqələri var. Rusların Ərdoğana etibarı var. 2022-ci ilin aprel ayında Türkiyə artıq danışıqlarda tərəfsiz rol alıb. Eyni zamanda, Türkiyə Rusiyanın tərəfdaşıdır, bura həm də Suriyada qarşılıqlı təmasları da əlavə etmək olar.

Rusiya ilə Türkiyə arasında münasibətlər həqiqətən də mürəkkəbdir, onların arasında rəqabət var. Digər tərəfdən, Türkiyə bir çox cəhətdən Rusiya üçün əvəzolunmaz tərəfdaşdır. Bundan əlavə, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmadı, onun turizm bazarı, enerji ticarəti, hava nəqliyyatı - bütün bunlar ruslar üçün əlçatan qaldı”.

Ekspertə görə, Ərdoğan Ukrayna ilə Rusiya arasında barışıq əldə etməkdə və müharibənin bitməsində maraqlıdır: “Bu, türk biznesi və investisiya sektoru üçün kifayət qədər böyük iqtisadi imkanlar yarada bilər. Onlar Ukraynanın bərpasında iştirak edə biləcəklər. Və bu biznes Türkiyə iqtisadiyyatında mühüm rol oynayır. Ərdoğan bu danışıqlarda fəal rol oynamağa çalışacaq, Amerika və Avropa da prosesə cəlb olunarsa, bu, çox müsbət nəticələr verə bilər. ABŞ və Rusiya arasında təmasların olmadığı bir dövrdə Ankara Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə Rusiya kəşfiyyatının rəhbəri Sergey Narışkin arasında danışıqlara şərait yaradıb. Belə ki, İstanbul dəfələrlə belə görüşlərdə vasitəçi kimi çıxış edib”.

2022-ci ilin yazında İstanbul danışıqlarının niyə uğursuz olmasının səbəblərinə gəlincə, Dimitar Beçev deyib ki, buna bir çox amillər təsir edib: “Birincisi, Moskvanın Ukraynaya qarşı şişirdilmiş tələbləri və həddindən artıq sərt mövqeyi var idi. O, Ukrayna Silahlı Qüvvələrinin tərksilah edilməsini, tam neytrallığını tələb edirdi. Digər amil odur ki, rus ordusunun Buçada və Ukraynanın digər şəhərlərində törətdikləri üzə çıxdı və cəmiyyətin barışa meylli əhvalını tamamilə dəyişdi. İndi də Zelenskinin kifayət qədər ciddi tələbi var: yalnız Putinlə danışmağa razıdır və sairə. Bundan əlavə, ukraynalılar da kifayət qədər sərt tələb irəli sürürlər: əvvəlcə atəşkəs, sonra danışıqlar. Rusiya, əksinə, əvvəlcə danışıqlar tələb edir, sonra atəşkəsə. Vaşinqtonun da öz sərt mövqeyi var, Donald Tramp hər iki tərəfin nümayəndələrinin İstanbulda olmasını israr edir”.

Dimitar Beçevə görə, Ərdoğan danışıqların getməsinə töhfə verə bilər, məsləhətçi, vasitəçi kimi çıxış edə bilər, lakin o, nə Ukraynaya, nə də Rusiyaya təzyiq edəcək: “Bu rolu Donald Tramp oynayacaq, yalnız onun Moskvaya təsir rıçaqları var”.

“Dediniz ki, Ərdoğan müharibəni bitirməkdə maraqlıdır. Axı müharibə Türkiyə üçün kifayət qədər faydalı oldu. Türkiyə hava yolları Rusiyanı tərk edən bütün Avropa aviaşirkətlərini əvəzləyib. Türkiyə ruslar üçün mövcud olan azsaylı inkişaf etmiş kurortlardan biri olaraq qalır. Türkiyə Rusiyaya sanksiya tətbiq edilən malların tədarükü üçün mərkəz rolunu oynadı. Niyə indi sülhdə maraqlı olsun” sualına ekspert belə cavab verib: “Razıyam, müharibə Türkiyə üçün faydalı oldu. Ancaq yenə də sülh onun üçün daha faydalıdır. Rusiyaya qarşı sanksiyalar dərhal qaldırılmayacaq, buna görə də Türkiyənin ticarət vasitəçisi rolu qalacaq. Eyni zamanda, artıq Amerika tərəfdən maliyyə sektoruna belə təzyiqlər olmayacaq, yəni ikinci dərəcəli sanksiyalar olmayacaq. Türkiyə sanksiyalardan yan keçmək üçün marşrutları ancaq müharibənin əvvəlində təqdim edib və sonra məlum olub ki, amerikalılar türk banklarına problem yaratmaq üçün düyməyə basmalı olublar. Rusiyalı turistlər istənilən şəraitdə Türkiyəyə səyahətlərini davam etdirəcəklər. Rusiya qazı və digər enerji resursları ilə ticarət də səngiməyəcək. Bölgədə geosiyasi vəziyyət dəyişərsə, bu, Türkiyə üçün daha da faydalı olar”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR