İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə lideri Aİ-yə niyə qəzəbləndi? - Ankaradan tələb olunur ki...

Qərb Ankaradan Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirakına görə hesabat tələb edir, Türkiyə lideri sərt cavab verdi; ekspert: “Türkiyənin güc mərkəzinə çevrilməsini Avropa Birliyi qısqanclıqla qarşılayır”

Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatının son sammitində fəal iştirakı Avropa İttifaqının xoşuna gəlməyib. “Yeni Müsavat” yazır ki, az qala buna görə Ankaradan hesabat istəyirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə onlara tutarlı cavab verib. Ölkə başçısı bildirib ki, Səmərqənddə keçirilən sammitdə iştirak üçün Aİ-yə hesabat vermək niyyətində deyil. “Avropa İttifaqı bizi 52 il həm gözlədəcək, yaxınlaşmağa imkan verməyəcək, sonra da "Niyə bu ölkə ilə görüşdün, niyə başqa ölkə ilə görüşdün?" deyə soruşacaq... Əlbəttə ki, danışıqlar aparacağam. Biz hazırda Avropa İttifaqı qarşısında cavabdeh deyilik", - deyə Türkiyə lideri bəyan edib. Türkiyə prezidenti müxtəlif ölkələrin dövlət başçıları, o cümlədən Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Tzinpinlə ünsiyyətdə olduğunu xüsusilə vurğulayıb: “Mən bütün ölkələrlə danışıqlar aparıram. Çünki biz hamımız bu dünyanın bir parçasıyıq”.

Ərdoğan həmçinin Avropa liderləri ilə görüşlər zamanı heç kimin ona belə suallar vermədiyini xatırladıb, ŞƏT üzvləri ilə olduğu kimi onlarla da dialoq aparmağa hazır olduğunu bildirib. Ərdoğan daha əvvəl də Türkiyənin ŞƏT-ə üzv olmaq niyyəti olduğunu açıqlamışdı. Bəllidir ki, Türkiyənin dünyada və regionda rolu, nüfuzu son illərdə daha da artıb və həlledici söz sahibinə çevrilib. O da məlumdur ki, ŞƏT-in də uğurlu perspektivləri olacaq. Türkiyənin bu platformada liderlik etməsi təbii ki, qurumu qlobal bir gücə çevirər. Maraqlıdır, Aİ ŞƏT-in belə gücə çevrilməsini qısqanır və əngəlləyir, yoxsa Türkiyənin Aİ ilə əməkdaşlığına zidd platformadır deyə Ankaranın bundan kənarda qalmasının arzusundadır? Ərdoğanla bu tonda danışmaqla Avropa nəyə nail ola bilər?

Azad MƏSİYEV - TEZADLAR

Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Türkiyə müstəqil dövlətdir və onun siyasətinə kimsə qarışa bilmir. “Eyni zamanda Türkiyə NATO üzvü olsa belə, Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanksiyalara qatılmadı. Türkiyənin müstəqil qərarıdır ki, hansı platformada iştirak edə bilər. Avropa İttifaqının bu davranışı isə nə beynəlxalq hüquqa, nə etikaya uyğun gəlir. Türkiyə bu birliyin üzvü deyilsə, qurum qarşısında öhdəlik götürməyibsə, Avropa Birliyinə niyə hesabat verməlidir? Sadəcə, Türkiyə güc mərkəzinə çevrildiyi üçün Avropa Birliyi bunu qısqanclıqla qarşılayır və siyasi təzyiq göstərməyə çalışır”. Ekspert hesab edir ki, ŞƏT üzvlüyü tək Türkiyənin deyil, türkdilli dövlətlərin mənafeyinə uyğun gəlir: “Fikrimcə, türkdilli dövlətlərin siyasi inteqrasiyası üçün Şanxay Əməkdaşlıq Təşkilatı əlverişli auditoriyadır”.

Fuad Əliyev Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubuna  münasibət bildirib

Fuad Əliyev

ALDP sədri Fuad Əliyevin fikrincə, Avropa İttifaqı Türkiyə ilə bu ritorikada danışa bilməz: “Qərb Türkiyənin ondan uzaqlaşmasından qorxur. Ona görə belə çağırışlar edirlər. Amma Avropa öz siyasətinə yenidən baxmalıdır. Türkiyəyə qarşı illərlə edilən haqsızlığa son qoymaq yerinə, tələb dilində danışmağa heç bir hüquqi və mənəvi əsasları yoxdur. Sadəcə, Səmərqənd sammiti Qərbə ciddi mənada təsir göstərdi. Onlar yeni güc mərkəzinin formalaşmasını arzulamırlar. Çünki bu platformada Rusiya və Türkiyə güc mərkəzi olaraq ortaya çıxa, bir qütbə çevrilə bilərlər. Zənnimcə, Türkiyə-Rusiya yaxınlaşması kollektiv Qərbi narahat etməkdədir. Üstəlik, Ərdoğanın nüfuzu getdikcə artır, Ukrayna müharibəsində barışcıl mövqeyi ona hörmət yaradır. NATO dövlətlərindən məhz Türkiyə bu savaşda neytral siyasət yürüdərək atəşkəs üçün təşəbbüs göstərir. Bayden və NATO arzulayır ki, Ərdoğan da sanksiyalara qoşulsun, amma Ankara əsla bu münasibəti göstərməz”. Partiya sədrinin sözlərinə görə, ŞƏT hazırda Avropa Birliyi üçün rəqib görünməyə başlayıb: "Ərdoğan və Putinin birgə iştirakı olan bütün tədbirlər Qərbi narahat etməkdədir. ABŞ və Aİ Rusiyanı tam çökdürmək üçün bütün bəşəriyyəti öz yanında görmək niyyətindədir".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR