İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə-Azərbaycan birliyinə qarşı Qərb hiyləsi

Prezident İlham Əliyevin Çavuşoğlu ilə görüşdə verdiyi mesajın arxasında dayanan mühüm məqamlar; ölkəmizə qarşı məkrli planların hədəfləri açıqlandı; “Cənubi Qafqazda iki qardaş ölkənin birgə qurduqları indiki “status-kvonu” dəyişdirmək heç bir halda mümkün görünmür”

Prezident İlham Əliyevin Çavuşoğlu ilə görüşdə verdiyi mesajın arxasında dayanan mühüm məqamlar; ölkəmizə qarşı məkrli planların hədəfləri açıqlandı; “Cənubi Qafqazda iki qardaş ölkənin birgə qurduqları indiki “status-kvonu” dəyişdirmək heç bir halda mümkün görünmür”

Prezident İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən Türkiyə-Azərbaycan birliyinin bu gün daha da güclü olmasının vacibliyini bildirib. Geosiyasi vəziyyətin dəyişdiyini deyən Prezident İlham Əliyev belə bir şəraitdə Azərbaycan-Türkiyə birliyinin hər zaman olduğu kimi, bu gün də güclü olmasının vacibliyini qeyd edib və bu birliyi pozmaq istəyənlərin arzularının puç olacağına əminliyini bildirib. 

Prezidentin bu fikirlərindən də belə aydın olur ki, Azərbaycanla Türkiyənin münasibətlərini pozmaq istiqamətində bu iki dövləti istəməyən güclər hərəkətə keçiblər. Belə olmasaydı, İlham Əliyev kimi bir siyasi lider yuxarıda qeyd etdiyimiz fikirləri səsləndirməzdi. 

Məlumatlara görə, Azərbaycan-Türkiyə münasibətlərinə soyuqluq gətirmək, münasibətləri pozmaq arzusunda olan dövlətlər və beynəlxalq təşkilatlar bunun üçün Ermənistanla Türkiyənin sərhədlərinin açılması və münasibətlərin qurulmasının əsas kart olacağını hesablayırlar. Ona görə də son zamanlar Türkiyəyə bir tərəfdən vədlər verirlər, bir tərəfdən isə təzyiq göstərirlər ki, Ermənistanla sərhədləri açsın. 

Aydın Quliyev: “Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb”

Aydın Quliyev

Siyasi şərhçi Aydın Quliyev bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Türkiyəni Ermənistanla sərhədi açmağa yenidən məcbur etməyə çalışırlar, bazarlıq yolları axtarırlar, həm də Rusiya ilə şantaj edirlər: “Qərbin Ermənistan planları son dərəcə ciddidir. 5 apreldə hay-küylə keçirilmiş üçtərəfli Brüssel müzakirəsi planın içindədir. Mərkəzdə Ermənistandır. Bunlar erməni diasporuna və lobbiyə görə deyil. Qərbdə  ermənilərin son 150 ildə- 1878- ci il rus- türk San- Stefano sülh sazişindən və 1878-ci il Berlin sülh konfransından sonra hər cür geosiyasi oyunlarda alət roluna həvəslə getdiklərini bilirlər. Müxtəlif dövrlərdə bir-birinə zidd oyunlara getsələr də yenə də oynayırlar. Çünki böyük itkilər versələr də, qazandıqlarını da bu yolda qazanıblar. Gah çar Rusiyasının, gah Qərbin,  gah SSRRİ-nin, gah Rusiyanın, gah da yenidən Qərbin əlində alət olublar. Məhz bu hesaba ərazilər qopardıblar, dövlət qurublar. Müxtəlif geosiyasi mərkəzlərin "layihəsi" olmaqla razılaşıblar. Bu “böyük layihələrin” içində özlərinin də təbii ki, aralıq layihələri olub. Ən sonuncu layihələrdən  biri kimi SSRİ-ni dağıdan separatizm dalğasını (Qarabağ) başlatmaqla Qərbin aləti oldular. Qarabağı müvəqqəti ələ keçirib burunları əziləndən və Ukrayna müharibəsi başlayandan sonra yenidən Qərbin “oyun alətləri” sırasına qayıtdılar. Ermənistan bu gün yeni layihənin aləti olmağa razılıq verib: Cənubi Qafqazda qarşıdurma yaratmaq, Azərbaycanla sülh məsələsini gündəmdən çıxarmaq, Qərbi Cənubi Qafqaza gətirmək, Cənubi Qafqazı Rusiya ilə Qərbin fəal geosiyasi qarşıdurma meydanına çevirmək, bununla Rusiyanı 2-ci cəbhəyə cəlb etməklə zəiflətmək və birqütblü dünya düzəninin qurulmasında Qərbə yandaşlıq etməklə".

Siyasi şərhçinin fikrincə, yeni böyük oyunda Ermənistan təbii ki, öz mənafelərini də görür və bu xüsusda Qərbdən-ABŞ və Fransadan konkret vədlər alıb. Ermənistanın istəkləri hər zamankı kimi birinci növbədə Azərbaycanın ərazilərini yenidən qoparmaqla bağlıdır. Vətən müharibəsinin nəticələri ilə təbii ki, barışmaq fikirləri yoxdur: “Qərbin və Ermənistanın uzlaşdırılmış  mənafeləri üstündə qurulan oyunun icrası üçün ilk növbədə Ermənistanı güclü regional dövlət halına gətirmək istəyirlər. Ya da onu heç olmasa indiki kimi, tarixdə "ən zəif erməni məkanı" olmaq halından çıxarmalıdırlar. Cəmi 4 il əvvələ - 2020-ci ilə qədər Ermənistan öz tarixində ən güclü vəziyyətdə görünürdü. Azərbaycanın torpaqlarını işğal etmişdi, danışıqlarda özünü məğlubedilməz aparırdı, Qərb və qismən hətta Rusiya da onun tərəfini saxlayaraq Azərbaycana “məğlubiyyətinizlə barışın” kimi ədalətsiz və allahsız mesajlar verirdilər, Ermənistanı inandırmışdılar ki, o, bu bölgədə həmişə Türkiyəyə qarşı lazım gələndə Qərbin, lazım olanda Rusiyanın əlində təzyiq aləti kimi gərəkli olacaq. Ermənistan eyforiyada idi. Bəs necə? O özünü Rusiyaya da, Qərbə də əbədi lazım olan qüvvə statusunda görürdü.

Ancaq İlham Əliyevin 2020-2023-cü illərdə dahiyanə düşünülmüş geosiyasi kombinasiyası Ermənistanın eyforiyasını yerə vurdu və beləliklə, cəmi 4 il əvvəlki “qüdrətli Ermənistan” ən zəif və miskin Ermənistan halına düşdü. İrəvan regional  təcrid vəziyyətində boğulur, bir vaxtlar Türkiyəyə qarşı çox fəal işlətdiyi “genosid kartı” məhz Azərbaycanın Zəfəri ilə gündəmin arxa mövzusuna çevrilib, qüdrətli görünən diaspor “qulağı kəsik” vəziyyətə düşüb. Azərbaycan-Türkiyə ittifaqı sayəsində təcavüzkar Ermənistan bu cür cilovlanıb. Ermənistanın Qərbdəki havadarları əmin oldular ki, Türkiyə-Azərbaycan ittifaqı olduqca Ermənistanı düşdüyü acınacaqlı məğlub durumdan xilas etmək mümkün olmayacaq. Ona görə də bu ittifaqı pozmaq hədəflərdən biridir".

A.Quliyev qeyd etdi ki, Ermənistanı miskin durumdan çıxarmaq yolunda Qərbin ilk böyük planı 5 aprel Brüssel görüşü oldu. Açıq bəyan etdilər ki, Ermənistanın müqavimətliliyini və sabitliyini gücləndirmək bir saylı hədəfləridir: “Kimə qarşı "müqavimətlilikdən" söhbət  getdiyi isə məlumdur. Elə bir plan qurublar ki, Azərbaycanla sülhə getmədən Ermənistanı indiki ağır durumdan çıxarmaq və hərbi-iqtisadi cəhətdən bölgənin ən güclü dövlətinə çevirsinlər. Brüsseldə Paşinyanın mifik “Sülh kəsişməsi” layihəsinə elə-belə dəstək vermədilər ki... Məqsəd Azərbaycanın əlini daha da gücləndirə biləcək Zəngəzur dəhlizini arxa plana sıxışdırmaq və əvəzində Ermənistanı regionun “habına” çevirə biləcək “Sülh kəsişməsini” həyata keçirməkdir. Belə ki, Mərkəzi Asiya-Azərbaycan-Ermənistan-Gürcüstan xətti üzrə Qara dənizə çıxış, Mərkəzi Asiya-Azərbaycan-Ermənistan-Türkiyə xətti üzrə Aralıq dənizinə çıxışı təmin etməkdən söhbət gedir. Hər iki marşrutun kəsişmə nöqtəsi kimi Ermənistan götürülür.

Ermənistanı gücləndirmək üçün başqa plan və layihələr də var. Türkiyə-Ermənistan sərhədlərinin açılması planı yenidən gündəmə qaytarılıb. 2008-ci ildə Amerikanın böyük təzyiqləri ilə imzalanma masasına gətirilmiş “Sürix protokolları” məhz Azərbaycanın müqaviməti və qardaş Türkiyənin ağıllı qüvvələrinin dəstəyi ilə gündəmdən atıldı. Yenidən başlayıblar. Diplomatik çevrələrdə Qərbin Ermənistanla sərhədi açması  üçün qardaş Türkiyəyə böyük təzyiqlərin yenidən işə salınması kimi planın olduğu barədə ciddi söz-söhbətlər gedir. Qardaş Türkiyə ilə Azərbaycanın birliyinə zərbə vurmaq, Türkiyəni Rusiya ilə  şantaj etmək və onu  bazarlığa çəkmək niyyətləri var".

Siyasi ekspert vurğuladı ki, Ukrayna müharibəsi ilə Rusiyanın çox zəif və idarəolunan duruma salınması halında Türkiyəni NATO məkanında təklənmək xofu ilə qorxutmaq istəyirlər: “Ukrayna müharibəsinin sonunda Rusiyanı idarəolunan hala gətirəcəklərinə möhkəm inanırlar. Qardaş Türkiyəni Rusiya ilə yaxşı münasibətlərin perspektivsiz olduğuna inandırmaq cəhdləri var.

Türkiyəni indiki siyasi hakimiyyətin varisliyi məsələsində ən müxtəlif kanallarla bazarlığı çəkmək niyyətlərinin olması da ən ilginc ehtimallar sırasındadır.

Qardaş ölkəni “Türkiyənin bu günü Azərbaycanla, sabahı isə həm də Ermənistanla regional ittifaqdan keçir” kimi mifik və aldadıcı tezisə inandırmaq istəyirlər.

Türkiyənin bütün bu planların və niyyətlərin içində “tarixi bir afyoranın” olduğunu gördüyünə şübhəmiz yoxdur. Qardaş ölkə böyük gələcəyi olan “Türk evi” geosiyasi planlarının aparıcı qüvvəsidir. Dünya parçalanaraq yeni düzənə doğru gedir ki, bu düzənin hazırda parçalanmadan keçdiyini hamı görür. Hamı özünə münasib ittifaqlar qurur. 200 il neytrallıq kursu aparmış ölkələr birdən-birə bu statusdan çıxır, ittifaqlara qoşulur. Hər kəs öz milli dövlət mənafeyindən çıxış edir. 

Prezident İlham Əliyev özünün inauqurasiya nitqində “Türk birliyini” bizim “yeganə ailəmiz” kimi xarakterizə etdi. Bugünlərdə Bakıda Çavuşoğlu ilə bu istiqamətdə müzakirələr yenidən aparıldı. Qardaş ölkə “Türk birliyi” kimi böyük gücün formalaşdırılması prosesindən çıxmaz və çıxmayacaq da. Türkiyə bu birliyin Avrasiyada nələrə gətirib çıxardığını yaxşı bilir. Bu yolda Dağlıq Qarabağ kimi mürəkkəb problem həll olundu, Strateji Şuşa Bəyannaməsi imzalandı, Aralıq dənizi-Türkiyə-Azərbaycan-Xəzər- Mərkəzi Asiya-Çin xətti üzrə hamının həsəd apardığı əməkdaşlıq quruldu, “Yaşıl enerjiyə” keçid üzrə Türk dövlətlərinin və xüsusən Azərbaycanın böyük potensialları və ixrac imkanları var. Güclü gələcək üçün əhəmiyyətli olan bu imkanların qarşısında Ermənistan kimi “dalan ölkəsi” üzərində qurulmuş oyunlarla Türkiyə-Azərbaycan birliyini pozmaq, Cənubi Qafqazda Azərbaycanla Türkiyənin birgə qurduqları indiki “status-kvonu” dəyişdirmək heç bir halda  mümkün görünmür".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR