Onlayn ictimai-siyasi qəzet
Türkanda “Həci bağı” adlanan, dəniz sahilində yerləşən restoranda şiddətli yanğın olub. Alov restoran binasını tamamilə bürüyüb. Şiddətli yanğının söndürülməsi üçün əraziyə bir neçə yanğınsöndürmə maşını cəlb olunub. Yanğınsöndürənlərin səylərinə baxmayaraq, yanğın restoran binasını tamamilə məhv edib.
Musavat.com-a daxil olan məlumata görə, yanğının meydana gəldiyi restoran qəsəbənin sabiq icra başçısı Rahil Babayevə məxsusdur.
Dəniz sahilinin 5 hektarını əhatə edən restoranın inşası Rahil Babayev icra nümayəndəsi olduğu illərə təsadüf edib.
Rahil Babayevin adı mətbuatın gündəminə əvvəllər də kriminal xəbərlərlə gəlib.
2020-ci ilin yayında məlum olmuşdu ki, Rahil Babayev icra nümayəndəsi olarkən iki qəsəbə sakini - 90 yaşlı Xumara Şabanovanın və 80 yaşlı Əzizəxanım Atayevanın ailə tərkibləri haqda arayış verib.
Həmin arayışlarda hər iki qadının ailə tərkibləri haqda məlumatlar saxtalaşdırılıb.
İlk baxışdan mənasız görünən bu saxtalaşdırma çox böyük cinayətlərə, qrup şəklində dələduzluqlara yol açıb. Belə ki, qadınlara saxta “ölüm kağızı” verildikdən sonra onlara məxsus olan və Türkan qəsəbəsinin perspektivli dənizkənarı hissəsində yerləşən bağ torpaq sahələri ələ keçirilib və fantastik qiymətə satılıb, özgəninkiləşdirilib. Cinayətin baş tutması üçün hər iki qadın ölmüş elan olunub!
O zaman həyatda olan 90 yaşlı Xumara Şabanovanın və 80 yaşlı Əzizəxanım Atayevanın əllərində özlərinə aid olan ölüm haqqında şəhadətnamələri də vardı! Adamlar həyatda olsalar da, rəsmi olaraq “dünyadan köçmüş” elan edilmişdilər. Əzizə Atayevanın ölüm haqqında şəhadətnaməsində 2006-cı il 10 iyun tarixində ürək çatışmazlığından dünyadan köçməsi qeyd olunub. 20 may 2014-cü ildə Xumara Şabanova eyni diaqnozla (kəskin ürək çatışmazlığı) “öldürülüb”! Hər iki qadın baş vermiş cinayətdə icra nümayəndəsi Rahil Babayevi suçlandırırdı.
Rahil Babayev saxta arayış verməkdən əlavə, son nəticədə bağ-torpaq sahələrinin satışının baş tutması üçün də addımlar atmışdı. Eyni sxem üzrə hər iki ahıl yaşda olan qadının bağ-torpaq sahələri ələ keçirilərək satılmışdı.
2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rahil Babayev 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onunla bərabər cinayətdə iştirak edən Çingiz Səfərov 3 il 6 ay cəza almışdı. Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov 5 il 6 ay olmaqla, Eldar Mirzəyevlə Zəfər Abdulov isə 3 il olmaqla şərti cəzaya məhkum edilmişdilər.
Rahil Babayev artıq azadlıqdadır. Ahıl qadınlara məxsus olan, Türkan qəsəbəsində, dəniz sahilində, “Türkan bulvarı” ərazisində yerləşən bağ torpaq sahələri isə cinayət nəticəsində özgələşdirildiyindən sahiblərinə qaytarılmadı.
“Həci bağı” restoranında meydana gələn yanğın isə ahıl qadınlara məxsus bağ-torpaq sahələrinin yerləşdiyi ərazilərdən bir neçə kilometr aralıdadır. Yanğının ilkin səbəbi kimi restoran binasındakı sobanın nəzarətsiz qoyulması ehtimalı göstərilir. Ehtimal olunur ki, yanğın restorana sobadan yayılıb. Lakin qəsəbədə bu ehtimalı bölüşməyənlər də az deyil. Rahil Babayevin keçmişini nəzərə alan yerli sakinlər yanğının digər bir səbəbinin olacağını da istisna etmirlər.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ