İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk sammitindən Güneydəki 40 milyonluq soydaşımıza tarixi mesaj - Prezidentdən möhtəşəm çıxış

Bakı hücum siyasəti doktrinasının daha geniş arealda - Türk dünyasında tətbiqinə start verdi

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. Sammitdə çox mühüm qərarlar qəbul edilib, önəmli mesajlar verilib. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı isə sözün həqiqi mənasında digər çıxışlarla müqayisədə bütün diqqətləri özünə daha çox çəkib.

“Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir” - Azərbaycan rəhbəri çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarınızı nəzərə alaraq, bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.

Prezident daha bir vacib məqama toxunub. O, İkinci Qarabağ müharibəsinin nəticələrinin bölgə üçün yeni imkanlar açdığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir: “Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq. Biz bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq”.

“Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil alması daim təşkilatın gündəliyində olmalıdır, bu istiqamətdə lazımi addımlar atılmalıdır”.

Bu sözlər də sammitdə çıxış edən Azərbaycan rəhbərinə məxsusdur.

Dövlət başçısı ona da diqqət çəkib ki, Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət verir: “Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlaması, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.

“Hesab edirəm ki, TDT üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə, məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”, - İlham Əliyev diqqətə çatdırıb.

Ölkə Prezidenti çıxışında həmçinin deyib: “Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün ”Böyük Qayıdış" proqramının icrasına başlamışıq. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşada, Füzulidə, Zəngilanda, Cəbrayılda olub. Mən digər Türk dövlətlərinin başçılarını da Qarabağ və Şərqi Zəngəzura dəvət edirəm. Fürsətdən istifadə edərək işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən tikiləcək Yaradıcılıq Mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm. Bunlar Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürüdür".

“Qarabağla əlaqədar çox ciddi mübarizə aparan və bu mübarizəni hazırda infrastrukturun qurulması ilə ən yüksək səviyyədə davam etdirən İlham Əliyev qardaşımın bu sahədə iki ildə nələr bacardığını, nələri ortaya qoyduğunu görürük”.

Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşü çərçivəsində təşkil olunan mükafatlandırma mərasimində deyib.

İşğaldan azad olunan ərazilərə səfərlər etdiyini və görülən işlərlə tanış olduğunu vurğulayan Türkiyə Prezidenti həmçinin bildirib: “Dəfələrlə həmin ərazilərdə tədbirlərə qatılmaq, həyata keçirilən işləri yerində görmək imkanım oldu. Bu işləri yerində gördükdə bir türk olaraq iftixar hissi keçirdim. Çox qısa müddətdə bu qədər nailiyyət həqiqətən bizim üçün qürur mənbəyidir”.

Qeyd edək ki, görüşün sonunda Səmərqənd Bəyannaməsi qəbul olunub. Sənədi təşkilata üzv olan ölkələrin liderləri imzalayıblar.

“Bu gün Səmərqənddə qəbul etdiyimiz Strateji sənəd bizim üçün vacib yol xəritəsidir”.

Bunu Ərdoğan tviterdə yazıb.

O bildirib ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkə liderlərinin noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən 9-cu Zirvə görüşündə siyasət, təhlükəsizlik, ticarət, nəqliyyat, enerji, səhiyyə və bir çox başqa sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi barədə müzakirələr aparılıb.

Bəhruz Məhərrəmov: Azərbaycan beynəlxalq təsisatları ikili standartlardan  geri çəkilməyə vadar etdi - AZƏRTAC

Bəhruz Məhərrəmov 

Deputat Bəhruz Məhərrəmov Səmərqənd samitinin tarix baxımından önəminin misilsiz olduğunu söylədi: “Səmərqənddə baş tutan Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü türk dünyasının oyanışını ehtiva etməklə, əməkdaşlığın  məzmunca yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Xüsusən Prezident İlham Əliyevin çıxışı Təşkilatın ciddi və real siyasi gücə çevrildiyini, Azərbaycanın isə bu prosesdə hərəkətverici subyekt rolunu nümayiş etdirir. Cənab İlham Əliyev açıq formada bəyan etdi ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Bu çərçivədə isə artıq yeni ümummilli, ümumtürk hədəflər var. İlk növbədə Bakı artıq o qənaətdədir ki, indiki həssas geosiyasi situasiyada  böyük bir ailə olan Türk dövlətlərinin bir-birinin milli maraqlarını nəzərə alaraq  qarşılıqlı dəstək və həmrəylik göstərməsi şərtdir. Əslində belə nümunə artıq mövcuddur, Vətən müharibəsi və sonrakı dövrdə Türk dövlətlərinin ifadə etdiyi həmrəylik birliyimizi yeni qlobal güc kimi dünyaya təqdim etdirdi. Öz növbəsində cənab İlham Əliyev də bildirdi ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq.

Səmərqənd Zirvəsinin digər mühüm cəhəti odur ki, biz artıq siyasi sərhədlərdən mənəvi sərhədlərə doğru çox ciddi məsuliyyətli bir yol alırıq. Daha doğrusu, artıq uca səslə deməkdən çəkinmirik ki, Türk dünyasının coğrafi sərhədləri təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, daha genişdir. Bu elə bir məsələdir ki, ciddi siyasi iradə, nüfuz, iqtisadi və hətta hərbi gücə arxalanmadan bu planın nəinki realizəsi, hətta konseptual olaraq müzakirəsi belə mümkün deyil. Amma artıq bu güc, bu nüfuz və bu qətiyyət, bu həmrəylik də var və məsələ şəxsən Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyev tərəfindən qaldırılır.

Digər mühüm məqam, Azərbaycan Prezidentinin uğurla tətbiq etdiyi hücum siyasəti doktrinasının artıq daha geniş arealda, Türk dünyasında tətbiqinə start verilir. Təsadüfi deyil ki, cənab İlham Əliyev Səmərqənddə aşkar formada vəzifə qoydu ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri təşkilat çərçivəsində daimi əsasda, diqqətdə saxlamağın vaxtı gəlib çatıb. Əlbəttə, niyyət nə qədər ali olur-olsun, konkretləşmədikcə fayda vermir. Bu mənada cənab İlham Əliyevin Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olması, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyətinin bu imkanlardan məhrum olması barədə qətiyyətli mövqeyi, beləliklə də Cənubi Azərbaycan üzərində fokuslanması vahid türk maraqları naminə ideal, konkret başlanğıc oldu".

Əhəd Məmmədli: “Bu qətliam Rusiya tarixinə bir qara ləkə kimi düşdü”

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Ali Baş Komandanın İran mesajlarından söz açdı: “Bu toplantı çox önəmlidir. Ümumiyyətlə, son illərdə, xüsusilə 44 günlük Vətən müharibəmizdən sonra türk dövlətlərinin bir-birinə yaxınlaşmaları, toplanmaları çox sevindiricidir. Ümid edirik ki, bu 10 illərlə davam edəcək, sabit siyasət yürüdüləcək. Türk ölkələrində hakimiyyətlər dəyişsə belə, bu yaxınlaşma dayanmamalıdır, davamlı olmalıdır.

Prezident İlham Əliyevin Səmərqənddəki çıxışının da xüsusi bir önəmi var idi. Bir sıra önəmli mesajlar verdi. İrandakı 40 milyonluq soydaşlarımıza böyük mesaj verdi. Son vaxtlar Rusiya və İranın Ermənistana yönəlik dəstək mövqeləri Azərbaycanı öz kartlarından istifadə etməyə məcbur edir. Hər zaman dediyim kimi, necə ki, İran məzhəb kartından son 30 ildə Azərbaycana qarşı həyasızcasına istifadə edir, eləcə də, biz 40 milyonluq soydaşımızın orada olmasından istifadə etməliyik. Türkiyə də bu “kart”dan yararlanmalıdır. Cənub qonşumuz artıq Azərbaycanın daxili məsələlərinə qarışmamalıdır. Azərbaycan İranın “Axilles dabanı”dır. İranı Qərb dünyası dağıda bilməz, amma Azərbaycan həqiqətən də İranı dağıda bilər.

İrandakı soydaşlarımızın mənafelərini qorumaq üçün ciddi addımlar atmağa məcburuq. Bunu da Türkiyə ilə birlikdə etməliyik. Biz Turan Birliyini heç zaman bəzilərindən fərqli olaraq, əfsanə saymamışıq. Bu reallığa doğru bütün türk dövlətlərinin, o cümlədən, təbii ki, dövlətimizin addımlarını dəstəkləyirik. Sona qədər bu addımların yanındayıq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR