Onlayn ictimai-siyasi qəzet
“Türk dünyası tarixdə heç vaxt bu qədər bir olmamışdı. Türk Dövlətləri Təşkilatı 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəlib. Birləşirik. Siyasi, iqtisadi, mədəni, hümanitar və bütün digər sahələrdə birləşirik”.
Musavat.com xəbər verir ki, bu fikirləri Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.
“Hadisələr onu göstərir ki, Türk NATO-sunu görəcəyimiz günlər elə də uzaqda deyil. Unutmayaq ki, türk dövlətlərinin inteqrasiyası məhz 44 günlük müharibədən sonra yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyev türk dünyasının lideri kimi Avrasiyanın orta xəttində tarix yazır”, deyə politoloq əlavə edib.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəlib. Bu barədə açıqlamanı Qazaxıstanın paytaxtı Astanada yerləşən Türk Akademiyası yayıb. Açıqlamada TDT-yə üzv ölkələrdən ibarət Türk Dünyası Birgə Əlifba Komissiyası üzvlərinin iştirak etdiyi iclasın uğurla başa çatdığı vurğulanıb. İclasın əsas məqsədi ortaq əlifba üzrə işləri yekunlaşdırmaq olub. Bu sahədə əldə edilən məlumatlardan və komissiyanın 2 illik fəaliyyət təcrübəsindən yararlanaraq türk dilləri üçün əlifba layihəsi elan edilib. 34 hərfdən ibarət ortaq türk əlifbası təklifi ilə bağlı razılıq əldə olunub.
Məlumata görə, əlifba ilə bağlı ilk dəfə 1991-ci ildə elm adamları tərəfindən təşəbbüs irəli sürülüb. Latın əlifbası əsasında Ortaq Türk Əlifbası layihəsinin hərtərəfli nəzərdən keçirildiyi və komissiya üzvlərinin bu əlifba layihəsində hazırlanması lazım olan məsələlərlə bağlı uyğun qərarlar verildiyi vurğulanıb. Açıqlamda aşağıdakılar qeyd edilir: “ Bu fədakar iş nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılıq əldə olunub. Təklif olunan əlifbada hər bir hərf türk dillərində rast gəlinən müxtəlif fonemləri təmsil edir". Bildirilib ki, əlifba Türk xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq edir.
Afaq Mirayiq,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ