Onlayn ictimai-siyasi qəzet
Türk Hava Yollarının reyslərində Türkiyə üzərindən tranzit olaraq Rusiyadan Meksikaya uçuşlar üçün tək bilet almaq mümkün deyil.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Türkiyə şirkətinin internet saytından Türkiyə və Meksikaya biletləri ayrıca əldə etmək mümkündür.
Qeyd edək ki, son zamanlar Rusiyadan İstanbul üzərindən Latın Amerikası ölkələrinə, xüsusilə də Meksikaya tranzit uçuşlarda sərnişinlərə qarşı tələblər sərtləşdirilib. Bir çox sərnişinlər İstanbuldan bu ölkələrə uçan təyyarələrə buraxılmırlar. Rusların uçması qadağan edilən ölkələr arasında Argentina, Braziliya, Meksika, Panama və bir sıra başqaları var.
Türk Hava Yolları bu hallarla bağlı yalnız gedilən ölkələrin tələblərinə əməl olunduğuna dair açıqlama verir. Rusiyalılar isə bu açıqlamanı yetərli hesab etməyərək, mətbuatda Türkiyə şirkətinin əleyhinə qərəzli kampaniyalar başladırlar. Məsələ burasındadır ki, Latın Amerikasında qanunsuz qalmağa çalışan şəxsləri onları gətirən hava şirkətləri tərəfindən mənşə ölkələrinə qaytarılması tələb olunur. Bu zaman uçuşun dəyəri şirkətin özü tərəfindən qarşılanır. Ukraynada işğalçı müharibə başlandıqdan sonra Rusiyadan Türkiyə üzərindən Latın Amerikasına uçaraq, oradan qayıtmaq istəməyənlərin sayı sürətlə artır. Bu isə Türk Hava Yolları üçün ciddi xərclər yaradır.
Çərşənbə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya hökuməti və Rusiya Xarici İşlər Nazirliyi Türk Hava Yollarının rusların Latın Amerikasına tranzit uçuşlarına icazə verməməsi ilə bağlı yaranmış vəziyyəti həll etmək üçün fəal işləyirlər.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ