İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk dünyasının bütövləşmə mərhələsi

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında yer alan fikirləri ölkəmizin XIX əsrin sonlarından, XX əsrin əvvəllərindən türk xalqlarının milli şüurunun oyanması prosesinə, özünəqayıdışına, ortaq dəyərlər, dil, tarix, mədəniyyət kimi mühüm amillər üzərindən qarşılıqlı əlaqələrinin genişlənməsinə verdiyi böyük töhfənin məntiqi davamı, yeni hədəflərin nişan verilməsidir.

Hələ XIX əsrin sonlarında türklərin bir araya gələ biləcəyinə əmin olan böyük söz və fikir adamı İsmayıl Bəy Qaspıralı “Dildə, işdə, fikirdə birlik” deməklə bu günümüzü nəzərdə tuturdu desəm, yanılmaram. Bu gün Azərbaycanın “Bir millət – iki dövlət” formulu üzərindən Türkiyə ilə birlikdə suvardığı “birlik ağacı” öz bəhrəsini verməkdədir. Türk dünyası bir ailəyə çevrilir, əcdadlarımızın vəsiyyəti yerinə yetirilir, babalarımızın, atalarımızın arzuları gerçəkliyə çevrilir. Ortaq dil, ortaq mədəniyyət üzərində qurulan əməkdaşlığımız özünü bütün müstəvilərdə - həm düşüncəmizdə, həm də əməlimizdə büruzə verir.

Türk dünyasının böyük oğlu, bayrağımızda yer alan üçlü məramın fikir atası Əli Bəy Hüseynzadə XX əsrin əvvəllərində türk dünyasının nicatının özünəqayıdışda və elmdə, tərəqqidə olduğunu yazırdı. Sitat: "Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyirik,özlərinə deyil! Biz istəyirik ki, islam ölkəsinə onların beyinləri girsin, boğazları, mədələri girməsin. Biz istərik ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın".

WhatsApp Image 2022-11-11 at 17.42.31 (2).jpeg (94 KB)

Əli Bəy Hüseynzadədən gətirdiyim bu iqtibasın qələmə alındığı zamandan 100 ildən çox vaxt keçir, amma sanki bu gün, “qloballaşma” və çeşidli qondarma ideyaların adı altında qan yaddaşımızın korşalmasına, milli identikliyimizin, varlığımızın assimilə edilməsinə yönəlmiş məkrli siyasi texnologiyalara münasibətdə deyilib bu sözlər. İndi yeganə çıxış yolu ortaq dəyərlərə, dilə, mədəniyyətə sahib olan türk xalqlarının nəhəng bir arealda, qarşılıqlı anlayış, birlik və bərabərlik içərisində öz milli varlığını qoruyub saxlamasında, elinə, dilinə, bugününə, sabahına sahib çıxmasında, texnoloji yeniliyə, inkişafa açıq olmasındadır.

Bu baxımdan, Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə Türk dünyasının 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini, bir ailə olduğunu deyən Azərbaycan Prezidenti təhlükəsiz, firavan, azad, müstəqil gələcəyimizin birlikdə qurulmasının zəruriliyinə diqqət çəkir, 2009-cu ildən, Naxçıvanda keçirilən Zirvə Görüşündən başlayan yolun uğurla davam etdirilməsinin mümkünlüyünün mesajını verir, bunun üçün isə yetərincə gücümüzün və potensialımızın olduğunu bəyan edir... Yəni özümüzə güvənməliyik! Təbii resurslarımız – yetərincədir. İnsan resurslarımız da həmçinin Dünyanın “qan damarları”nın keçdiyi nəhəng bir coğrafiyada yerləşirik. Daha dəqiq desəm, dünya bizdən keçir! Şərəfli tariximiz, yüksək mədəniyyətimiz, imperiyaların sarsıda bilmədiyi mənəvi dəyərlərimiz var. Türk etnosu onunla çiyin-çiyinə dayanmağa haqqı çatan qardaş və bacılarını da yanına alaraq, dünyanın böyük siyasi səhnəsinə qayıtmalı, sözünün sahibi olduğu üçün də söz sahibi olmalıdır.

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən Zirvə Görüşündə verdiyi ən önəmli mesajlardan biri də, şübhəsiz ki, türk dövlətlərinin sərhədlərindən kənarda yaşayan soydaşlarımızın problemləri, onların milli özünəməxsusluqlarının qorunması ilə bağlıdır. Bu, həm də Türk Dövlətləri Təşkilatının dünyanın dörd bir yanında, bu və ya digər dövlətlərin indiki sərhədləri daxilində, fəqət öz tarixi ata-baba yurdlarında, həmçinin xarici ölkələrdə yaşayan türklərin arxa-dayağına, güvənc yerinə çevrilməsi baxımından mühüm əhəmiyyətə malik bir mesajdır. Türk dövlətləri və TDT dünya türklərinin rəmzi Kəbəsinə çevrilməlidir. Yalnız bu halda, zalımın qarşısında, məzlumun yanında olan böyük türkün missiyası öz tarixi əhəmiyyətini yenidən bərpa edə bilər.

WhatsApp Image 2022-11-11 at 17.42.32.jpeg (56 KB)

Düşünürəm ki, bu xüsusda Azərbaycan Prezidentinin Zirvə Görüşündəki çıxışından iqtibas gətirmədən sözə davam etmək mümkün deyil. Prezident İlham Əliyev türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha geniş olduğunu deyir və bununla da türk xalqlarının öz tarixi sərhədlərinin haradan keçdiyini unutmadığını, heç zaman unutmayacağını bildirir və bəyan edir ki, “Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb”. Bu qədər açıq və birmənalı... Heç kim yaxasını kənara çəkməsin. Çünki Türk Dövlətləri Təşkilatı dünyada yaşayan bütün türklərin təşkilatıdır. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan bütün türklərin dövlətidir. Yalnız bu düşüncə və baxış bucağı ilə birliyimizi, təhlükəsizliyimizi və inkişafımızı əbədiyyətə qədər təmin edə bilərik.

Türk dünyasının həyatında isə yeni bir mərhələ başlayır - bütövləşmə mərhələsi! Həm də təkcə dövlət olaraq yox, millət olaraq!

Elçin Mirzəbəyli, Əməkdar jurnalist

 1521969861_26991969_551184765268123_4556167257704040926_n (1).jpg (25 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR