İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk dövlətlərinin kəşfiyyat xidmətlərinin görüşü - əsas hədəf

Sabir Rüstəmxanlı: “Qazaxıstan hadisələri, Qaraqalpaq iğtişaşları, ermənilərin ərazi bütövlüyümüzü təhdid etməsi  türk dünyası üçün təhlükə mənbələridir”

Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində türk dövlətlərinin xüsusi xidmət orqanlarının Konfransının XXIV iclası keçirilib. “Yeni Müsavat” xəbər verir ki, görüş iştirakçıları terrorizmə qarşı birgə mübarizə məsələlərini müzakirə ediblər. İclasda Azərbaycanı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəis müavini Samir İsmayılov təmsil ediblər. İclas iştirakçıları arasında Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan, Qırğızıstan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Kamçibek Taşiyev, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Saqımbayev, Özbəkistan Dövlət Təhlükəsizliyi İdarəsinin rəhbəri də olub.

Görüş iştirakçılarını Qırğızıstan Prezidenti Sadır Japarov qəbul edib. Dövlət başçısı konfransın təhlükəsizlik sahəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün mühüm platformaya çevrildiyini vurğulayıb. “Bu gün Yaxın Şərqdə və Əfqanıstanda bəzi dövlətlərin bütövlüyünü təhdid edən və bu regionlardan çox-çox kənara yayılmaq təhlükəsi yaradan terror fəaliyyətinin eskalasiyası xidmətlərimizdən xüsusi diqqət tələb edir. Aydındır ki, bu təhdid və çağırışlarla mübarizədə mühüm nəticələr yalnız ardıcıl və sistemli iş, birgə və birgə səylər nəticəsində əldə edilə bilər”, - deyə Qırğızıstan Prezidenti qeyd edib. Prezident deyib ki, bu platformanın mənalı və konstruktiv müzakirələri türk dünyasının təhlükəsizliyinə mühüm töhfə verəcək.

Qeyd edək ki, TÜRKON 20 may 1998-ci ildə İstanbulda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin xüsusi xidmət orqanları tərəfindən təsis edilib. Özbəkistan TÜRKON-a 2018-ci ildə qoşulub. Türkdilli dövlətlərə təhdidlərin atdığı indiki dövrdə bu cür əməkdaşlığını mühüm edən səbəblər var. Sözsüz ki, Orta Asiyanın türkdilli ölkələrinə daha çox risklər, terror təhdidləri qonşularındakı dövlətlərin daxilində yuva salan marginal qruplardan gəlir. Əfqanıstan, Pakistan kimi ölkələrdə terror qrupları zaman-zaman türkdilli dövlətlər üçün təhlükə mənbəyi olublar. Qazaxıstan, Özbəkistan və Qırğızıstan dini ekstremizmlə bağlı xüsusi həssaslıq göstərir. Çünki bu ölkələrə Əfqanıstandan terror təhlükəsi sızma ehtimalı yüksəkdir. Türkiyəyə gəldikdə, 30 ildən çoxdur ki, PKK silahlı terror birləşməsi ilə mübarizədədir, bu gün də İraqın şimalında əməliyyatlar həyata keçirir, eləcə də Suriyanın şimalında PKK və YPG qruplaşmalarını zərərsizləşdirməyi hədəfləyib. TÜRKON-dakı türkdilli ölkələrdən Azərbaycan isə həmişə təhlükəni Ermənistandan gözləyir. Çünki erməni terrorizmi əsrlərdir ki, bizə qarşı xain planlar reallaşdırmaq istəyindədir.

Sabir Rustamkhanli - Wikipedia

Sabir Rüstəmxanlı

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a qeyd etdi ki, Qırğızıstanda keçirilən konfransa təkcə təhlükə mənbələrinin aydınlşadırılması, birgə mübarizənin təşkili kimi baxmaq deyil, bu görüşlər həm də türk dövlətlərinin birliyi üçün keçirilir. Buna qədər prezidentlər, nazirlər görüşüb, əlaqələr qururlar, bir-birinin işini öyrənir, sistemləri ilə tanış olur, koordinasiyalı hərəkət edirlər. Hesab edirəm ki, bu cür görüşlərdə əsas məqsəd Türk Dövlətləri Birliyinin Avropa Birliyinə bənzər ümumi quruma çevrilməsidir. Əslində, bizim hamımızın arzuladığımız hədəfdir".

S.Rüstəmxanlı bildirdi ki, türkdilli ölkələrə təhdidlərin haradan qaynaqlanması, türk birliyinə təhlükənin haradan gəlməsini bilmək üçün çox uzağa getməyə ehtiyac yoxdur: “Qazaxıstan hadisələri, Özbəkistanda Qaraqalpaq iğtişaşları, Qarabağda ermənilərin ərazi bütövlüyümüzü təhdid etməsi, İranda 40 milyon türkün haqlarının pozulması, şimaldan Rusiya, bəzi siyasət adamlarının SSRİ-ni bərpa etmək çağırışı  - bütün bunlar türk dünyası üçün təhlükə mənbələridir. Şübhəsiz ki, gələcəkdə dövlətlər bu birliyi qorumaq üçün daha çox iş görməlidirlər, türklüyün gələcəyini təmin etmək istəyirlərsə, bu haqda danışılmalıdır. Bizim kimlərəsə savaş açmaq fikrimiz yoxdur, sadəcə, qonşuluq prinsipləri elə qurulmalıdır ki, türkdilli ölkələrə zərər vurmasın”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR