Onlayn ictimai-siyasi qəzet
"ABŞ Prezidenti Donald Tramp Çinin nəbzini yoxlamaq məqsədilə Montana ştatından olan respublikaçı senator Stiv Deynsi Pekinə göndərib. Senator Trampın qatı tərəfdarlarından biridir və onun Çinə səfəri və Pekindəki görüşləri Ağ Ev sahibinin istəyi ilə həyata keçirilib".
Bu barədə Musavat.com-a politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, senator Stiv Deynsin Pekinə səfərinin məqsədi iki ölkə arasında gərginliyin azalmasına nail olmaqdır:
"Senatoru Pekinə səfərində ABŞ-ın bir neçə iri şirkətinin təmsilçisi müşayiət edib. Trampın Pekinlə danışıqlarda Stiv Deynis seçməsi təsadüfi deyil. Bu senator Donald Trampın birinci prezidentliyi dönəmində də ABŞ-la Çin arasında danışıqlarda iştirak edib və həmin dövrdə bir neçə dəfə Pekinə səfər edib. Məsələ burasındadır ki, senator vaxtilə məşhur “Proctor & Gamble” şirkətinin rəhbəri olaraq Honqkonqda çalışıb.
Donald Tramp hakimiyyətə gəldiyi yanvar ayından bu hər hansı amerikalı siyasətçinin Çinə ilk səfəridir. Senator Pekində Çinin baş naziri Li Tsyan və onun müavini He Lifenqlə görüşüb. Bu görüşlərdə çinli rəsmilər iki ölkənin ortaq maraqların və əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıblar. Çinin baş naziri Li Tsyan münasibətlərdə “gərginlik əvəzinə dialoq” təklif edib. Pekin Vaşinqtonla münasibətlərin normallaşmasını arzulayır. Çin hakimiyyəti Ağ Evlə razılıq əldə etməklə tarif müharibəsinin qarşısını alacağını düşünür. Halbuki, Çin Xarici İşlər Nazirliyi bu ay yayımladığı açıqlamada ABŞ-la tarif və istənilən “müharibəyə hazır olduğunu” bildirib. Pekin Vaşinqtonun rüsumları artırmaq siyasəti qarşılığında müxtəlif ölkələrin yatırımlarını cəlb etməyə çalışır".
Elxan Şahinoğlu onu da qeyd edib ki, Tramp öz nümayəndəsini Pekinə göndərsə də, Çin məhsullarına rüsumları artırmaq siyasətindən imtina etməyib:
"Tramp Çini narkotik maddələrin hazırlanmasında istifadə edilən fentanil kimyəvi maddəsinin müxtəlif yollarla ABŞ-a ixracatında ittiham edir. Aprel ayının əvvəlində Çinə qarşı rüsumların artırılacağı gözlənilir. Pekin fentanil maddəsinin ABŞ-a ixracının qarşısını aldığını bildirib. Vaşinqton hazırda Pekinin bu vədinin yerinə yetirildiyini yoxlayır".
Xalidə Gəray
Musavat.com
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ