Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi ABŞ prezidenti Donald Tramp sosial mediadan Putinə müraciət edərək onu müharibəni dayandırmağa çağırıb.
Trampın müraciəti sərt tonda olub və razılaşma əldə olunmayacağı halda Rusiya hökumətinə qarşı yeni və daha ağır sanksiyaların tətbiq ediləcəyi ilə təhdid edib.
Trampın bu müraciətinə beynəlxalq səviyyədə müxtəlif reaksiyalar gəlib. Bəzi analitiklər onun sərt mövqeyini dəstəkləsə də, digərləri bu addımın Rusiya ilə münasibətləri daha da gərginləşdirəcəyini düşünürlər. Avropa liderləri isə, ABŞ-ın mövqeyinə dəstək verərək, münaqişənin tezliklə həll edilməsinin zəruriliyini vurğulayıblar.
Vladimir Putin və Kremlin bu çağırışa necə cavab verəcəyi hələ dəqiq bilinmir.
Bəs yeni sanksiya təhdidi Putini dayandıra bilərmi?
Musavat.com bildirir ki, siyasi şərhçi Şahin Cəfərli məsələyə bu cür şərh bildirib:
"Çoxlarına elə gəlir ki, artıq hər cür sanksiya tətbiq olunub və Qərbin əlində bu sahədə başqa imkan qalmayıb. Belə deyil. Hələ sanksiyaların potensialı tükənməyib.
Məsələn, Bayden Rusiya neft sektoruna real sanksiyaları yalnız son günlərdə tətbiq etməyə başladı. Bu sahədə sanksiya rejimini daha da ağırlaşdırmaqla Rusiya iqtisadiyyatında stres səviyyəsini yüksəltmək mümkündür. Yaxud Avropa Rusiyadan LNG almağa davam edir. Bunu dayandırmaqla Rusiyaya növbəti ağır zərbə endirmək olar.
Rusiya iqtisadiyyatında neqativ tendensiyalar güclənib və təbii ki, Trampa bu mövzuda brifinq verilib. O, Rusiya iqtisadiyyatının çökməkdə olduğunu bildirib".
Xalidə Gəray
Musavat.com
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ