Onlayn ictimai-siyasi qəzet
"Trampın rüsumları Seul və Tokionu tərəfdaşlığı gücləndirməyə sövq edib".
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Cənubi Koreya prezidenti Li Cae Myunun avqustun 29-da Yaponiyaya ilk rəsmi səfəri hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb edib.
"Çünki Cənubi Koreyada prezident seçilən şəxs adətən ilk xarici səfərini strateji müttəfiqi ABŞ-a reallaşdırır. Bu dəfə fərqli oldu. Yaponiya İkinci Dünya müharibəsi illərində Cənubi Koreyanı işğal etmişdi. Müharibə bitdikdən yalnız 20 il sonra, yəni 1965-ci ildə iki ölkə arasında normallaşma prosesi başladı. Tokioda iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 60 illiyi qeyd edilib", - deyə Elxan Şahinoğlu bildirib.
Politoloq vurğulaylb ki, iki ölkə arasında münasibətlər Cənubi Koreyanın keçmiş prezidenti Yun Suk Yeolun hakimiyyət dövründə inkişaf edib:
"Maraqlıdır ki, onun yerinə keçən Li Cae Myun müxalifət lideri kimi Yaponiyanın siyasətini sərt tənqid edənlərdən idi. Ancaq o, prezident seçildikdən sonra Tokio ilə dialoqun davamına dəstək verdi. Bunun bir neçə səbəbi var. Birincisi, Cənubi Koreya və Yaponiya Şimali Koreyanın nüvə başlıqlı raketlərinin sınaqlarından narahatdır. Bu sınaqlar hər iki dövlətin yaxınlığında həyata keçirilir.
İkincisi, hər iki dövlət Çinin bölgədə artan hərbi gücündən narahatdır. Çin son illərdə hərbi dəniz gəmilərinin sayını artırıb və həmin gəmilər Cənubi Koreya və Yaponiya sahillərinə yaxın ərazilərdə üzürlər. Digər tərəfdən, Çinin Rusiya ilə birgə keçirdiyi hərbi təlimlər də Seulla Tokionu narahat edir. Ona görə də Seul və Tokio iqtisadi əlaqələri gücləndirməklə yanaşı, hərbi sahədə də tərəfdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər. Vaşinqton da bunda maraqlıdır.
Təsadüfi deyil ki, 2023-cü ildə Vaşinqton yaxınlığında ABŞ-Yaponiya-Cənubi Koreya hərbi-siyasi üçlüyünün əsası qoyulub. Digər tərəfdən, Cənubi Koreya ilə Yaponiya arasında hərbi əməkdaşlığı gücləndirməyə ABŞ prezidenti Donald Trampın siyasəti vadar edib. Tramp ölkəsinin müttəfiqlərinə qarşı da rüsumların qaldırılmasına qərar verib. Bu sırada Cənubi Koreya və Yaponiya da var. Hər iki dövlətin ABŞ-ın hərbi dəstəyinə ehtiyacı var. Buna görə də Seul və Tokio əvvəlcə öz aralarında ittifaqı gücləndirməyə qərar veriblər. Cənubi Koreya və Yaponiya ABŞ-a yüz milyardlarla dollar yatırım qoymağa da vəd ediblər. Tramp hər iki ölkənin təhlükəsizliklərinə büdcələrindən ayırmaları artırmağı tələb edib. Seul və Tokio Donald Trampın şərtlərini yerinə yetirmək məcburiyyətindədir".
Xalidə Gəray
Musavat.com
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ