Onlayn ictimai-siyasi qəzet
"ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çin məhsullarına rüsumların artırılmasını təsdiq edən sərəncamı imzaladıqdan sonra bu 3 ölkə də Amerika məhsullarına rüsumları artıracaqlarını bəyan ediblər".
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq vurğulayıb ki, Tramp həm rüsumları artırır, həm də Kanadaya ABŞ-a birləşməyi təklif edir:
"Tramp seçkidə verdiyi vədləri yerinə yetirməyə başlayıb. Kanadanın baş naziri Castin Trüdo bildirib ki, onların ABŞ-ın rüsumlarına cavabı düşünülmüş olacaq. “Biz cavab verməyə hazırıq” deyən Trüdo bununla yanaşı dialoqa üstünlük verdiyini bildirib. Ancaq dialoq üçün gecdir. Tramp həm rüsumları artırır, həm də Kanadaya ABŞ-a birləşməyi təklif edir.
Bu arada, ABŞ Nümayəndələr Palatasına Çinin Daimi Normal Ticarət Münasibətləri statusunu ləğv etməyə yönəlik qanun layihəsi təqdim edilib. Təşəbbüskar Respublikaçı Partiyasının konqresmenləri olub. Təşəbbüs Demokratlar Partiyasının bir qismi tərəfindən də dəstəklənib. Nümayəndələr Palatasında Miçiqandan olan respublikaçı Con Moolenaar və Nyu-Yorkdan demokrat olan Tom Suozzinin təşəbbüsü ilə hazırlanan qanun layihəsinə paralel olaraq eyni məzmunlu qanun layihəsini Senatda İndianadan Cim Banks, Arkanzasdan Tom Cotton və Missuridan Coş Havli təqdim ediblər. Hər iki qanun layihəsi Çinin ABŞ ilə normal ticarət münasibətlərinin dayandırılmasını və idxal olunan Çin məhsullarına daha yüksək gömrük rüsumlarının tətbiqini tələb edir.
“The Hill” nəşrinin yazdığına görə, Respublikaçılar Partiyası Çinlə bağlı qərar üzərində bir müddət çalışıb. Qanun layihəsi Çinə daha çox iqtisadi xərclər tətbiq etməyi hədəfləyir. Qanun müəlliflərinin fikrincə, Çinin daimi normal ticarət münasibətləri statusu ABŞ-ın istehsal bazasına zərbə vurub, amerikalı işçiləri iş yerlərindən məhrum edib və Çin Kommunist Partiyasının ABŞ bazarlarından sui-istifadəsinə şərait yaradıb. Qanun layihəsinin müəlliflərindən biri Con Moolenaar Çinlə indiki ticarət əlaqələrinin Amerikanın istehsal bazarını sarsıtdığı qənaətindədir: “Amerika iş yerlərini xaricə köçürdü və ədalətli rəqabət vədinə xəyanət edilərək bazarlarımızı istismarla üzləşdi” – deyən konqresmen qanun layihəsinin ABŞ-ın milli təhlükəsizliyini qoruyacağını təchizat zəncirinin dayanıqlığını artıracağını ABŞ və müttəfiqlərinə iş yerlərini qaytaracağını vurğulayıb. Qanun layihəsinə əsasən, Çindən gələn qeyri-strateji mallara 35 faiz, strateji mallara isə 100 faiz rüsum tətbiq olunacaq. Tariflərdən əldə edilən gəlir ABŞ fermerlərinə və istehsalçılarına ayrılacaq, həmçinin Hind-Sakit okean regionunda hərbi texnikanın alınması üçün istifadə olunacaq. Tarif artımı beş il ərzində mərhələli şəkildə həyata keçiriləcək.
Çin 2001-ci ildə Ümumdünya Ticarət Təşkilatına üzv olduğuna görə ABŞ Konqresi bu dövlətə daimi normal ticarət statusu vermişdi. Bu qərardan əvvəl Çin yalnız hər il yenilənən xüsusi icazə əsasında ABŞ bazarına çıxış əldə edirdi. Hazırda Konqres öz qərarından imtina edib. Bu, ABŞ-Çin arasındakı qarşıdurmanı yeni və daha gərgin mərhələyə keçirəcək".
Xalidə Gəray
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ