Onlayn ictimai-siyasi qəzet
Donald Tramp andiçmə mərasimindən keçən qısa müddətdə elə“sürət” götürüb ki, beynəlxalq aləm Ağ Ev sahibinin hər addımından yaxşı heç nə gözləmir. Tramp və onun komanda üzvləri Ukrayna ilə bağlı faktiki Kreml sahibinin söylədiklərini təkrarlayırlar, “Krımı və Şərqi Ukrayna ərazilərini geri qaytarmaq mümkün olmayacaq”, “Ukrayna NATO üzvü olmayacaq”, “Volodimir Zelenskinin səlahiyyət müddəti bitib” və s. Baxmayaraq ki, Tramp prezidentliyinin birinci müddətində Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa zərər verəcək addım atmayıb, budəfəki prezidentliyinin bizim üçün neçə keçəcəyi sual altındadır.
Musavat.com xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib.
O, vurğulayıb ki, ABŞ-dakı erməni lobbisi Tramp və onun ətrafındakılara davamlı məktublar göndərir, Azərbaycanı cəzalandırmağı tələb edirlər:
“Əlbəttə, bu məktublara fikir verməmək də olar, ancaq Trampın ətrafındakı bir sıra fiqurun yaxın keçmişdə erməni lobbisi, Ermənistan və Qarabağ separatçıları ilə bağlılığı narahatlığımız üçün əsas verir.
Prezidentin köməkçisi Hikmət Hacıyevin qısa müddətdə İsrailə ikinci səfərini Azərbaycan – ABŞ münasibətləri aspektindən də dəyərləndirmək olar. Hikmət Hacıyev budəfəki səfərində İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Netahyahu Trampın bir nömrəli müttəfiqidir. Təsadüfi deyil ki, Tramp andiçmədən sonra ilk xarici qonaq kimi Netanyahunu Ağ Evə dəvət edib və onunla geniş fikir mübadiləsi aparıb. Netahyahu Azərbaycanla ABŞ arasındakı dialoqun formalaşmasında körpü rolunu oynaya bilər. Əsas odur ki, Vaşinqton Cənubi Qafqaz siyasətini doğrular üzərində müəyyənləşdirsin”.
E.Şahinoğlunun fikrincə, Trampın Putinlə sövdələşməsi baş tutarsa, bu, Ukraynanın zərərinə olduğu kimi, Cənubi Qafqaz üçün də təhlükələr yarada bilər:
“Ona görə həmin günü gözləmədən Azərbaycanla Ermənistan arasında məsələlərin qısa müddətdə həllinə ehtiyac var. Ermənistanın baş naziri Nikol Paşinyan təhlükəni hiss edərək erməni xalqına Konstitusiyanın dəyişdirilməsi vacibliyi barədə açıqlama verib. Paşinyan nəhayət ki, sülhün əldə olunmasında əsas maneəni ortadan qaldırmağa qərar verib. Real addımlar gözləyirik. Nə qədər ki, ABŞ və Rusiyanın başı Ukraynaya qarışıb, bu ikilinin Cənubi Qafqaza hər hansı formada müdaxiləsini gözləmədən Azərbaycanın tələbləri çərçivəsində sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması vacibdir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ