İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın komandasına "artsax" HÜCUMU

Erməni Milli Komitəsi Azərbaycanın “etnik təmizləmə” yalanı uyduraraq “ABŞ kəşfiyyatını hərtərəfli araşdırmağa çağırıb”;  erməni lobbisi Ağ Evin “ürəyi”nə girmək üçün yollar arayır

ABŞ Senatının Kəşfiyyat Komitəsi prezident Donald Tramp tərəfindən Milli Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri postuna namizədliyi irəli sürülən Tulsi Qabbardı vəzifəsinə təsdiqləyən kimi erməni lobbisi ona müraciət edib.

Amerika Erməni Milli Komitəsi Qabbarda məktubunda “artsax”ın erməni əhalisinin Azərbaycan tərəfindən “etnik təmizlənmə”yə məruz qaldığı yalanını uyduraraq “ABŞ kəşfiyyatını hərtərəfli araşdırmağa çağırıb”. Məktubda ABŞ kəşfiyyatına ittihamlar da var: “Biz ABŞ-ın uğursuzluqları və Azərbaycana "artsax"ın dinc erməni mülki əhalisinə qarşı soyqırımı proqramlarını həyata keçirməyə kömək edən, həvəsləndirən və ya təşviq edən komissiyanın səhvlərinin araşdırılmasını dəstəkləməyə hazırıq". Yəni ermənilər Qabbarddan ABŞ-ın Qarabağ siyasətinin yanlış olduğunu “araşdırmağı” tələb edirlər.

Qeyd edək ki, Qabbard ABŞ-dakı erməni təşkilatları ilə sıx əməkdaşlıq edir. Tulsi Qabbard 2017-ci ildə Xankəndi və Şuşaya səfər edib, orada separatçı rejimin təmsilçiləri ilə görüşüb. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi konqresmen olan Tulsi Qabbardı “qara siyahı”ya salıb. 2019-cu ildə prezidentliyə namizəd olan Qabbard qondarma erməni soyqırımı qətnaməsinin müəlliflərindən biridir. 2020-ci ildə isə o, Türkiyəni “Qarabağda müharibəni alovlandırmaqda” ittiham edib. Elə həmin il sabiq dövlət katibi Mayk Pompeoya məktəb yazaraq Azərbaycan əleyhinə fikirlər səsləndirib. O, ABŞ ordusunun veteranıdır, 20 il xidmət keçib. Ancaq digər namizədlərdən fərqli olaraq, onun kəşfiyyat sahəsində təcrübəsi yoxdur. Qabbard Demokratlar Partiyasının üzvü olsa da, 2022-ci ildə istefa verib. 2024-cü ildə prezident seçkisində isə o, Donald Trampı dəstəkləyib.

ABŞ-dakı prezident seçkisində Demokratlar Partiyasının prezidentliyə rəsmi namizədi vitse-prezident Kamala Harrisi dəstəkləyən və özləri demişkən, “yumurtaları bir səbətə yığan” ermənilər Trampın seçilməsi ilə böyük bir xəyal qırıqlığına uğradılar. Ancaq tez-tələsik toparlanaraq, Ağ Evin yeni sahibinə yaxınlaşmaqdan ötrü min sifətə girdilər. Heç şübhəsiz ki, Blinkenin gethagetdə Ermənistan XİN başçısı ilə xartiya imzalaması da Tramp administrasiyası ilə ermənilər arasında “körpü” atmaq baxımından diqqətçəkən layihə idi. Beləliklə, son addım Azərbaycanın “qara siyahı”sında olan və ermənipərəst birinin önəmli posta gətirilməsini fürsət bilən lobbinin Tramp administrasiyasına ilk hücumu hesab oluna bilər. Yeni Ağ Ev administrasiyasının Qafqaz siyasətinin, Azərbaycana münasibətinin tam açıqlanmadığı və ya formalaşdırılmadığı bir vaxtda erməni lobbisi Tramp hakimiyyətini qarşıdurmaya sürükləyir.

Bu yerdə xatırladaq ki, seçki prosesində Donald Tramp Qarabağı könüllü tərk etmiş ermənilər və regional sülhə dəstəklə bağlı mövqeyi erməniləri xeyli ümidləndirmişdi. Livandakı Kilikiya erməni katolikosluğunun başçısı I Aramla danışarkən Tramp rəqibi Kamala Harrisi ermənilərin Qarabağı tərk etməsinə görə suçlamağı da unutmamışdı. Ancaq bir çox müşahidəçilər bunu seçkiqabağı gediş kimi qiymətləndirmişdilər. Hazırda erməni diasporu və lobbisi yeni administrasiyadan özlərinin məkrli məqsədləri naminə yararlanmağa çalışırlar. Amma Tramp ilk prezidentliyi dövründə erməniləri yanıldıb və peşman edib. İndi yenidən erməni lobbisi Ağ Evin “ürəyi”nə girmək üçün yollar arayır. Bəs ekspertlər yenidən işə salınan bu cəhdlərin perspektivini necə görür? Trampın seçkilər dövründə Qarabağ erməniləri ilə bağlı dedikləri istiqamətində səylərin şahidi ola bilərikmi?

Koronavirusa yoluxan Sahib Məmmədov evə buraxılıb: "Xəstəxanlara çox ağır  xəstələr gəlir"

Sahib Məmmədov 

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, erməni lobbisi ABŞ-da itirdiklərini bərpa etmək istəyir və istənilən halda Tramp komandası onlar üçün Demokratlar qədər yaxın olmayacaq: “Əlbəttə, Tramp komandasında xeyli ermənipərəst mövqeli şəxslərin olması barədə biz əvvəlki şərhlərimizdə bildirmişdik. Vaxtilə açıq ermənipərəst mövqedə olmuş istənilən şəxs ABŞ siyasi elitasında təmsil olunduqdan sonra əvvəlki kimi radikal mövqelərdə ola bilməyəcək və hazırkı komandanın ümumi siyasətindən çox da kənara çıxa bilməyəcək. Həmçinin güman etmirəm ki, Tramp Cənub Qafqazı əsas prioritetlərı sırasına daxil etsin. Onsuz da Tramp xeyli cəbhələr açıb və artıq ona qarşı müqavimət güclənməkdədir. Belə olan halda onun özünə əlavə qayğılar yaradacağı real görünmür”. Bununla belə, S.Məmmədov hesab edir ki, hər halda, biz illüziyaya qapılmalı da deyilik: “Erməni lobbisi ABŞ-da güclüdür və milyardlarla sərvəti olan ermənilər əvvəlki murdar siyasətlərindən əl çəkəsi deyillər. Azərbaycan ABŞ-la normal əməkdaşlığın tərəfdarıdır. Demokratlar bizə nə edə bildi ki? Samanta Pauer USAİD resurslarını hər tərəfdən anti-Azərbaycan fəaliyyətinə yönəltmişdi. USAİD-dən birbaşa subsidiya alan "Freedom House" təşkilatı saxta hesabatları ilə bizə nə edə bildi? USAİD-dən birbaşa maliyyələşən NED, USCİRF (ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası), “AzadlıqRadiosu” və s. dağıdıcı donorlar və təbliğat maşınları nəyə nail ola bildi? Heç nəyə. İndi onların özlərini ifşa edirlər. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi 44 günlük müharibə ilə bağlı araşdırma aparıb nəyə nail olacaq ki? Sadəcə, erməni lobbisindən bəhrələnən konqresmenlər belə cəhdlər etməklə, erməni lobbisinin qarşısında hesabat vermək üçün bu şəkildə canfəşanlıq edirlər. Yəni biz əlimizdən gələni etdik. Onsuz da əvvəlki administrasiya USCİRF təklifi əsasında Azərbaycanı Xüsusi Nəzarət Siyahısına daxil edib, məhz Qarabağla bağlı". O ki qaldı Qabbarda, S.Məmmədov qeyd etdi ki, o, əvvəlki mövqelərindən xeyli geri çəkilib: “İnanmıram ki, o, Tramp komandasını bütövlükdə Azərbaycana qarşı çevirə bilsin, istəsə belə, bu alınmaz. Ermənilər isə pullarını rifaha, əmin-amanlığa deyil, belə mənasız lobbi fəaliyyətlərinə xərcləməkdə davam etsinlər”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Donald Tramp administrasiyasının Cənubi Qafqaz siyasətinin konturları hələ bəlli deyil: “Administrasiyanın başı Rusiya-Ukrayna müharibəsinə və Yaxış Şərqə qarışıb, bu iki problemin həllinin yollarını arayırlar. Buna baxmayaraq, Tramp administrasiyasının hansısa mərhələdə Mərkəzi Asiya və Cənubi Qafqaza marağının artacağını söyləmək mümkündür. Əlbəttə, dövlət katibi Marko Rubionun və Milli Kəşfiyyat İdarəsinin rəhbəri Tulsi Qabbardı ABŞ-da erməni lobbisi ilə sıx əlaqələri və ikincinin işğal dövründə qanunsuz olaraq Qarabağa gəlişi Azərbaycanda suallar doğurur. Ancaq Marko Rubio və Tulsi Qabbard artıq Konqres üzvləri deyillər, dövlət vəzifəsindədirlər. Dövlət vəzifəsi isə onlardan ABŞ-ın milli və təhlükəsizlik maraqları çərçivəsində fəaliyyət göstərmələrini tələb edir”. E.Şahinoğlu hesab edir ki, bu baxımdan ABŞ-dakı erməni lobbisinin təxribatçı məktublarla Marko Rubio və Tulsi Qabbarda müraciətlərinə baxmayaraq, hər ikisinin anti-Azərbaycan addımları atacağını zənn etmir: “Əksinə, Vaşinqtonun Cənubi Qafqazın açar dövləti Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməsinə ehtiyacı var”.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR