Onlayn ictimai-siyasi qəzet
“Donald Trampın ikinci prezidentlik dövründə ABŞ-nin Azərbaycanla siyasəti, o cümlədən Ermənistan-Azərbaycan normallaşma prosesi ilə bağlı yanaşmasına dair müəyyən gözləntilər var. Bu gözləntilər ən yüksək səviyyədə, Prezident tərəfindən ifadə edilib və əsassız deyil. Donald Trampın ilk prezidentlik dövründə ABŞ-Azərbaycan münasibətləri bir çox sahədə daha da dərinləşmişdi. Hər hansı ciddi problem ortaya çıxmamışdı. Eyni zamanda 44 günlük Vətən müharibəsi dövründə ABŞ-dəki erməni lobbisinin bütün istəklərinə baxmayaraq, Azərbaycanın ərazilərini işğaldan azad etməsi ilə bağlı həyata keçirdiyi hərbi əməliyyatların qarşısını almaq istiqamətində Tramp administrasiyası hər hansı addım atmadı. Bu da ölkəmiz tərəfindən müsbət dəyərləndirilir”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli bildirib.
Onun fikrincə, Donald Trampın qlobal siyasətlə bağlı müəyyən yanaşmaları var ki, bu da Azərbaycanın mövqeyinə yaxındır:
“Bütün bunları nəzərə alaraq düşünürəm ki, Tramp sələflərindən fərqli olaraq, xüsusilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə daha obyektiv, ədalətli yanaşacaq, xüsusi qərəz nümayiş etdirməyəcək. ABŞ bölgədə davamlı sülhün əldə olunması üçün töhfə verə bilər. Bununla yanaşı, Tramp administrasiyasının Azərbaycanla siyasətinə dair müəyyən narahatlıqlar var. Bu narahatlıqlar ona əsaslanır ki, Tramp komandasında ermənipərəst, anti-azərbaycan, anti-tük mövqeyi ilə seçilən şəxslər var.
Hazırkı dövlət katibi Marko Rubio, eyni zamanda milli kəşfiyyat rəhbəri Tulsi Qabbard, Robert Kennedi, Vivek Ramasvami və başqa təyinatlar var ki, iki ölkə arasında münasibətlərə mənfi təsir göstərə bilərlər. Hər halda ABŞ-nin Cənubi Qafqaz, o cümlədən Azərbaycanla bağlı siyasətinin nədən ibarət olduğunu yaxın perspektivdə görəcəyik. Əlbəttə, gözləntilərimizin gerçəkləşməsini, ABŞ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qədər inkişaf etməsini istərdik”.
Nigar HƏSƏNLİ,
Musavat.com
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ