Onlayn ictimai-siyasi qəzet
ABŞ-da hakim Tanya Çatken xüsusi prokuror Cek Smitin tələbi ilə ölkənin yeni seçilmiş prezidenti Donald Trampa qarşı seçki prosesinə müdaxilə və Kapitoliyə basqının təşkili iddiası ilə açılan işə baxılmasını dayandırıb.
Musavat.com CNN-ə istinadən xəbər verir ki, ittihamlara baxılması Trampın Ağ Evdəki səlahiyyət müddəti bitdikdən sonra yenidən bərpa oluna biləcək.
Hakim qeyd edib ki, vəzifədə olan prezidentə verilən toxunulmazlıq müvəqqətidir və o, vəzifəsini tərk etdikdən sonra başa çatır.
CNN xəbər verir ki, ABŞ-ın xüsusi prokuroru Cek Smit bazar ertəsi bildirib ki, o, yeni seçilmiş prezident Donald Trampa qarşı icraatın dayandırılmasını tələb edir. O qeyd edib ki, işin mahiyyəti üzrə ittiham tərəfinin mövqeyi dəyişməyib, lakin şərait dəyişib.
Amerika mediası izah edir ki, Ədliyyə Nazirliyi, mövcud qaydalara görə, ABŞ-ın hazırkı prezidentini təqib edə bilməz.
Donald Tramp məhkəmənin qərarı ilə bağlı bildirib: "Bu hallar, mənim məcburiyyət qarşısında qaldığım bütün digər hallar kimi, boş və qanunsuzdur və heç vaxt baş verməməli idi".
O, vergi ödəyicilərinin 100 milyon dollardan çox pulunun Demokratik Partiyanın siyasi rəqibinə qarşı mübarizəsində boşa getdiyini deyib.
Bu arada CNN məlumatlı mənbəyə istinadən xəbər verir ki, Smit Trampla bağlı apardığı araşdırmalara dair yekun hesabatı dərc etməyi planlaşdırır.
Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Trampa qarşı iki işə rəhbərlik edən Smitin işinə son qoyaraq istefa verməyi planlaşdırdığı bildirilirdi. Tramp isə andiçmə mərasimindən sonra Smiti "ilk iki saniyə ərzində" qovacağına söz verib.
Donald Tramp 2020-ci il seçkiləri ilə bağlı yalan məlumat yaymaqda və 2021-ci il yanvarın 6-da Kapitolidə baş vermiş hadisələrdən seçkidə məğlub olduqdan sonra hakimiyyətdə qalmaq üçün istifadə etməyə cəhddə ittiham olunur.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ