İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tramp və Mask müttəfiqliyinin ömrü uzağı Çinə qədər olacaq" - DETALLAR

"ABŞ-ın yeni prezidenti Donald Trampın komandasında çalışacaq şəxslər cəmiyyət tərəfindən ciddi müzakirə mövzusuna çevrilib. Şübhəsiz ki, ən çox müzakirə edilən, dünyanın ən zəngin adamı statusunda olan İlon Maskdır".

Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev sosial media hesabında bildirib.

Politoloq qeyd edir ki, Tramp sözünə sadiq qalaraq Maskı Hökumətin Səmərəliliyinin Artırılması üzrə Federal Agentliyin rəhbəri təyin edib. Kifayət qədər gücü və nüfuzu olan Maskın Trampın tabeliyində çox da yüksək olmayan bir vəzifədə işləməyə razılıq verməsi bir qədər müəmmalıdır və bəzi sualları meydana çıxarır:

"İlk növbədə milyarderin yeni nazirlərin təyinatı məsələsinə etdiyi kobud müdaxilələr komanda daxilində yüksək vəzifə tutan digər şəxslərin ciddi narazılığına səbəb olmuşdu. Məsələn, yeni prezident ədliyyə və ticarət nazirlərini müəyyən edərkən Mask bu prosesə kobud şəkildə müdaxilə etmişdi. O, açıq şəkildə özünü vitse-prezident kimi aparır və tamamilə təşəbbüsü əlinə almaq istəyir".

Politoloqun fikrincə, Donald Trampla İlon Mask arasında ciddi fikir ayrılıqları əsasən Çin məsələsinə görədir:

"Tramp Çindən idxal olunan mallara 60% rüsum tətbiq etməyi təklif etdiyi halda, Mask bu ölkədə yeni müəssisələr açır. Hazırda Şanxay şəhərində "Tesla"nın "giqafabriki" yerləşir və Mask aprelin sonunda Çinin Baş naziri Li Tsyan ilə görüşdə bu ölkədəki zavodunu şirkətin ən yaxşı müəssisəsi adlandırıb. O, əlavə edib ki, "Tesla" qarşılıqlı faydalı nəticələr əldə etmək üçün Çinlə əməkdaşlığı gücləndirmək niyyətindədir. Bu isə ciddi problem deməkdir.

Ehtimal ki, Donald Trampın Pekinə qarşı sərt siyasəti İlon Maskda ciddi narazılıq yaradacaq. Xarici siyasət məsələsində yeni Dövlət katibi Marko Robio ilə milyarderin toqquşması gözləniləndir. Robio Çinə qarşı sərt xəttin tərəfdarıdır və onun Dövlət Departamentinin rəhbəri təyin edilməsində bu amil xüsusi rol oynayıb.

Şübhəsiz ki, Maskın istədiyi Trampın siyasi xəttini özünün biznes maraqlarına uyğunlaşdırmaqdır. Ancaq kifayət qədər iddialı və populist siyasətçi olan, sərhədlər tanımayan Trampın onun üstünlüyünü qəbul edəcəyi gözlənilən deyil.

4 il siyasi həyat üçün çox da böyük olmasa da, bu müddət ərzində Tramp-Mask ittifaqının sabit qalacağı şübhəlidir. Bir çox amillər göstərir ki, milyarderlə prezidentin müttəfiqliyinin ömrü uzağı Çinə qədər olacaq".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR