İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadınlar 50 yaşdan sonra niyə boşanır? - Səbəb məlum oldu

Statistikaya görə, son illərdə boşananlar arasında gənclərlə yanaşı 50 yaşdan sonra nikahını sonlandıranlara da rast gəlinir. Bəzi iddialara əsasən, bu yaşda nikahın pozulması təşəbbüsünü daha çox xanımlar irəli sürür, boşanmaq üçün ərizə ilə müraciət edirlər. Bəs bu nə ilə bağlıdır?

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan sosioloq Mail Yaqub hesab edir ki, boşanmanın əsasən bir səbəbi olur.

O bildirib ki, əgər ailədə sevgi yoxdursa, qadın həyat yoldaşından dəyər görmürsə onda boşanma məsələsi aktuallaşır: “Qadın qisas almaq, müəyyən yaş dövründə ailə yükündən xilas olmaq və həyat yoldaşına baxmamaq üçün belə bir addım ata bilər”.

M.Yaqub söyləyib ki, amma boşanmanın səbəbləri yalnız bununla məhdudlaşmır, bəzən bu addımı kişi atır, bəzən isə qadın: “Səbəblər müxtəlifdir və konkret biri üzərində dayanmamaq lazımdır. Başqa səbəblər də mövcuddur: qadın kişini bezdirə, kişi qadını bezdirə bilər. Belə olanda hər ikisi dözə bilmir. İnsanlar 30 yaşında belə boşanmaq istəyərdilər, amma ümid edirdilər ki, bəlkə hər şey yoluna düşər. Təəssüf ki, bu alınmadıqda 45-50 yaşlarında boşanırlar”.

Sosioloqun fikrincə, hər bir halda, boşanmanın konkret səbəbləri olur: “Əsas səbəb psixoloji faktorlardır. Kişi və qadının hərəkətləri və sözləri ilə bir-birini bezdirməsi boşanmaların əsas mənbəyidir. Sosial və iqtisadi səbəblər də mövcuddur, məsələn, kişinin gəliri azdır deyə boşanma hallarına rast gəlinir, amma Azərbaycan reallığında bu halların sayı azdır. Əsas səbəb kişinin qadına qarşı təhqir, şiddət göstərməsi, qadının kişiyə qarşı sayğısızlığı və özbaşınalığıdır. Ona görə də bu sahədə ciddi iş aparmaq, insanların bir-biri ilə ünsiyyətini formalaşdırmaq və normallaşdırmaq vacibdir”.

Psixoloq Samirə Bağırova isə düşünür ki, dövr dəyişdikcə qaydalar da yenilənir və insanlar oyanış mərhələsinə keçid edirlər:

“Qadınlar avamlığı ləng də olsa geridə qoyurlar. Ələlxüsus qadınların oyanışı, boşanmalara səbəb olur, kişiləri təəccübdə qoyur. Statistika da göstərir ki, 50 yaş civarında boşanma qərarını çox vaxt qadınlar verirlər. Çünki illərlə ailə məsuliyyəti, övladların böyüdülməsi, qayğı yükünü daşıyırlar. Kişilər illərlə özlərini yalnız pul qazanmağa aid etdiklərindən, ailədə yalnız avtoritar obrazda olduğundan bütün məsuliyyət qadına yüklənirdi. Eləcə də hər hansı bir yanlışda qadın günahkar olurdu. Bu günün qadını özünü həm maddi, həm mənəvi inkişaf etdirmək gücünə sahibdir. Yaşından asılı olmayaraq, özünü ifadə etmək imkanını, şəxsi bacarıqlarını, ürəyindəki arzularını reallaşdırır, bunun heç də gec olmadığını anlayaraq özünü psixoloji basqıdan, avtoritar, yaxud narsistik münasibətdən qurtarır”.

Onun sözlərinə görə, uşaqlar böyüyüb evdən ayrıldıqdan sonra qadın özünə “mənim həyatıma nə qaldı?” sualı verir. Psixoloq düşünür ki, bundan sonra ər-arvad arasında illərlə yığılan gərginlik daha qabarıq şəkildə özünü göstərməyə başlayır: “Bu səbəbdən də qadın özü üçün yaşamağı seçir. İllərlə diqqətsizlik, hörmət və sevgi çatışmazlığı dərin bir boşluq yaradır. Kişilər üçün isə boşanma qəribə və çətin görünür, çünki ailənin, daha doğrusu, qadının kişiyə verdiyi “sosial dayaq” və gündəlik qayğının rahatlığını itirmək istəmirlər. Bu günün gənc nəslin oğlanları artıq başqa qaydalarla tərbiyə olunur. Hər bir oğlan uşağı artıq altı yaşından şəxsi əşyalarını, yatağını, süfrəsini, yeməyini hazırlamağı, ev işlərində dəstək olmağı öyrənməlidir. Eləcə də gələcəyin atası olaraq övladına ana səviyyəsində baxmağı öyrəndikcə tam bərabərhüquqlu, sağlam ailələr ərsəyə gəlmiş olacaq. Həmçinin birgə çəkilən zəhmətlərin bağı daha möhkəm olur”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR