İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp üçün yolayrıcı: ya Ağ Evə gedəcək, ya da qara dama

Bu gün Vaşinqtonda, Kolumbiya Dairəsinin Federal Məhkəməsində Donald Trampa qarşı ən ciddi ittiham (2020-2021-ci il seçkilərinin nəticələrini saxtalaşdırmaq cəhdi) elan ediləcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ancaq noyabrın 5-nə, prezident seçkiləri gününə qədər məsələ ilə bağlı qərarın veriləcəyi ehtimalı azdır. Trampın bütün ümidi indi bunadır: qalib gəlsə, özünü əfv edə biləcək.

İzdihamı qızışdırıb Kapitoliyə hücuma göndərən

İki ay əvvəl Trampın hüquq qrupu inanırdı ki, 6 yanvar 2021-ci ildə Kapitoliya hücuma görə Trampın yaxasını bu hadisələri araşdıran xüsusi müşavir Cek Smitdən qurtara bilib.

kapitol.jpg (74 KB)

Xatırladaq ki, həmin gün eks-prezidentin seçki nəticələrinin saxtalaşdırıldığı və Cozef Baydenin qeyri-qanuni qalib gəldiyi iddialarından alovlanan izdiham Konqres binasına basqın edib. Nəticədə bir neçə nəfər ölüb.

Smitin təhqiqatı nəticəsində ortaya çıxan 45 səhifəlik ittihamnamədə Trampıa qarşı ABŞ-a zərər vurmaq və vətəndaşların hüquqlarını pozmaq üçün sui-qəsd təşkil etmək, habelə prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinə mane olmaq cəhdinə dair iki ittiham irəli sürülüb. İddialara görə, o, o vaxtkı vitse-prezident Maykl Pens vasitəsilə uduzduğu ştatlarda səslərin sayılmamasını təmin etməyə çalışıb. Pens yanvarın 6-da seçkilərin nəticələrinin təsdiqləndiyi Konqresə rəhbərlik edib.

Eyni zamanda ittihamnamədə göstərilir ki, Tramp Baydenin heç nəyi saxtalaşdırmadığı, ona ədalətli şəkildə qalib gəldiyini yaxşı bilib, buna baxmayaraq, məğlubiyyətini həzm edə bilməyib.

Bu iş üzrə məhkəmə prosesi bu ilin yayında başlamalı idi. Lakin ABŞ Ali Məhkəməsi iyulun 1-də prezidentlərin öz vəzifələrini yerinə yetirərkən etdikləri hərəkətlərə görə toxunulmazlıq statusu qazanmaları barədə qərar çıxarıb.

Demokratlar - Kamala Harrisin tərəfdarları bu hökmdən çox narazıdırlar. Mətbuat iddia edir ki, Ali Məhkəmə hakimlərinin əksəriyyəti qondarma mühafizəkarlardır, yəni onlar düşüncələri etibarilə Trampın partiyasına, respublikaçılara yaxın olan insanlardır.

İttihamçı Smitin hiyləgərliyi

ksmit.jpg (27 KB)

Bununla belə, hakimiyyətin üçüncü, məhkəmə qolunun qərarları, nə olursa olsun, ABŞ-da hörmətlə qarşılanır. Buna görə də Smit hökmlə razılaşıb və diqqətini ittiham aktının mətnini yenidən yazmağa cəmləyib və bunu çox hiyləgərcəsinə edib. Oradan Trampın prezident səlahiyyətlərindən istifadə edərək qəbul etdiyi qərarlar və hərəkətlərə dair iddialar çıxarılıb. Yenidən yazılmış sənəddə o, ilk növbədə qeyri-qanuni yollarla qalib gəlməyə çalışan yüksək vəzifəyə namizəd kimi göstərilir.

Trampçıların təzyiqinə məruz qalan Bouersin ifadəsi

bauers.jpg (11 KB)

İttihamnamədə təqdim olunan sübutlar və ifadələr, ilk növbədə, Ağ Ev administrasiyasından kənar şəxslərə aiddir. Məsələn, əsas şahidlərdən biri Arizona ştatının ən yüksək qanunvericilik məclisinin keçmiş spikeri Rasti Bouersdir. O, ştatda səsvermənin nəticələrini dəyişdirməyə məcbur etmək üçün təhdidlərə və təhqirlərə məruz qaldığını iddia edir. Bouers bildirir ki, o, təkcə küçə nümayişlərində spikerin evinin qapısına toplaşmaqdan çəkinməyən trampçılar tərəfindən deyil, həm də Trampın özü, köməkçiləri və vəkili Rudolf Culiani (Nyu-Yorkun keçmiş meri) tərəfindən təzyiqlərə məruz qalıb. Arizona siyasətçisinin keçmiş prezidentlə bağlı öz şəxsi hesabı da var. Bouers hesab edir ki, bu təzyiqlər nəticəsində stress keçirən qızı ağır xəstələnib və 2021-ci ilin yanvarında vəfat edib. Ancaq bu faciəvi hadisə ittiham aktında yoxdur.

Pornoaktrisa ilə bağlı məhkəmə işi

trdan.jpg (121 KB)

Tramp özünü təqsirli bilməyəcəyini və sentyabrın 5-də keçiriləcək ilkin dinləmədə iştirak etməyəcəyini bildirib. Onun etmək istədiyi taktiki gedişlər xüsusi gizlədilmir. Tramp prosesi noyabrda keçiriləcək prezident seçkilərinə qədər uzadacaq. Seçkidə qalib gələ bilsə, özünü əfv edəcək. Görünür, Tramp özünü həbsdən xilas etmək niyyətindədir, bu, artıq yekun nəticəyə gətirilən yeganə işdir. Onun pornoaktrisa Stormi Danielsə intim münasibətləri barədə susduğuna görə təzminat ödəməsi halında maliyyə hesabatları ilə fırıldaqçılıqla bağlı üş üzrə hökm əvvəlcədən planlaşdırıldığı kimi sentyabrın 18-də Nyu-Yorkda elan olunmaya bilər.

Trampın müdafiəsi rəsmi olaraq işin federal məhkəməyə verilməsini istəyib. Hüquqşünaslar təkid edirlər ki, seçki səsverməsinə yeddi həftə qalmış elan edilən hökm seçicilərə təzyiq və seçkiyə müdaxilə formasıdır. Əgər vəsatət təmin olunarsa, yeni məhkəmə prosesi olacaq. Bu o deməkdir ki, hökm daha sonra, noyabrın 5-dən sonra veriləcək. Trampa elə bu lazımdır. Bu halda məhkəmə onu təqsirli bilsə də, hər şey onun istədiyi məcraya düşəcək.

trağev.jpg (117 KB)

Beləliklə, Trampın azadlığı indi noyabrdakı səsvermənin nəticələrindən asılıdır. Bu, onu qətiyyətli etməli və rəqibi üzərində müəyyən psixoloji üstünlük verməlidir. Ancaq Harris belə bir dilemma ilə üzləşmir (qalib gəlmək və ya həbs olunmaq). Onun üçün noyabr seçkilərindəki məğlubiyyət nəinki ölümcül deyil, həm də siyasi gələcəyi üçün təməl ola bilər. O, Tramp kimi 78 yox, 59 yaşındadır və bəxtini ikinci dəfə, 2028-ci ildə yenidən sınaya, Ağ Ev uğrunda mübarizə apara bilər.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR