Onlayn ictimai-siyasi qəzet
Putin növbəti dəfə Trampı istədiyi kimi yönləndirməyə nail olub.
Musavat.com xəbər verir ki, bunu politoloq Şahin Cəfərli qeyd edib.
Onun sözlərinə görə, bir qədər əvvəl yekunlaşmış telefon söhbətində Putin bildirib ki, Rusiya Ukrayna ilə tezliklə masaya oturub həm atəşkəs, həm də ümumən məsələnin həlli barədə danışıqlara başlamağa hazırdır: "Halbuki problem tərəflərin masaya oturmaması yox, Putinin istər atəşkəs, istərsə də yekun həll üçün qəbulolunmaz şərtlər irəli sürməsidir. İstanbuldakı son görüşdə Rusiya tərəfi ultimativ tələblərini bir daha təkrarlayıb.
Rusiya danışıqlar prosesini imitasiya etməklə diqqəti 2 mühüm məqamdan yayındırır: Trampın qeyd-şərtsiz 30 günlük atəşkəs və 22 maddəlik sülh planı Putin tərəfindən rədd edilib. Bununla əslində ABŞ-ın Rusiyaya qarşı sanksiya rejimini ağırlaşdırması və ümumən bu istiqamətdə əvvəlki, ənənəvi siyasətə dönməsi üçün əsas yaranıb. Bu barədə Tramp özü və onun komanda üzvləri indiyə qədər dəfələrlə açıqlama veriblər və Senatda müvafiq qanun layihəsi də hazırlanıb.
Lakin Tramp öz missiyasının nəticəsiz bitdiyini, təkliflərinin Putin tərəfindən rədd olunduğunu qəbul etmək istəmir. Çünki bu durumun təsbiti halında Rusiyaya qarşı təzyiq siyasətini bərpa etmək məcburiyyətində qalacaq.
Trampın mövqeyi absurd mənzərə yaradır: belə çıxır ki, növbəti görüşlərdə heç bir nəticə əldə olunmasa belə Rusiyanın imitasion diplomatiyanı davam etdirməsi kifayət edəcək ki, o, ABŞ-ın basqısından yayınıb, müharibəni istədiyi qədər davam etdirsin. Hətta işğalçının ultimatumlarını rədd edib masadan qalxacağı təqdirdə, Ukraynanın Trampın gözündə danışıqları pozan qeyri-konstruktiv tərəfə çevrilməsi də mümkündür.
Bütün bunlara rəğmən ehtimal var ki, Konqres, dövlət aparatı, eləcə də avropalı müttəfiqlər yenidən Trampın mövqeyinə təsir edib, onu doğru, məqbul istiqamətə yönəldə biləcəklər".
Musavat.com
20 May 2025
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ