Onlayn ictimai-siyasi qəzet
Ukrayna savaşı qlobal məkanda olduqca ciddi hərbi-siyasi böhrana yol açmağa başlayıb. Xüsusilə də, Tramp-Zelenski qalmaqalından sonra kollektiv Qərb daxilində gərginliyin və ziddiyyətlərin dərinləşdiyi müşahidə olunur. Üstəlik, bəzi önəmli məqamlar bu ziddiyyətlərin qarşıdurma həddinə qədər inkişaf edə biləcəyini biruzə verir. Və bu baxımdan, qlobal məkanda daha sarsıdıcı deqradasiya mərhələsinin başlaya biləcəyi qətiyyən istisna deyil.
Onu da qeyd etmək lazımdır ki, Tramp-Zelenski görüşünün qalmaqallı nəticələri Ukraynanın və Avropanın gələcək taleyi ilə bağlı yeni dövrün başlandığını göstərir. Çünki ABŞ vərdiş etdiyinin əksinə olaraq, bu dəfə qarşısına qoyduğu hədəfdən çox uzaq qalmış kimi görünür. Hər halda, Ağ Ev sahibi Donald Tramp prezident Volodimir Zelenskiyə Ukraynanın təbii sərvətlərinin ABŞ-a təhvil verilməsi barədə sazişi imzalatdıra bilmədi. Və indi hətta Ağ Ev sahibinin Ukrayna savaşının dayandırılması ilə bağlı başlatdığı Rusiyayla sövdələşmə prosesi də ciddi risk altındadır.
Məsələ ondadır ki, prezident Donald Tramp hazırda ABŞ-ın Ukraynaya hərbi dəstəyi dayandırma perspektivini araşdırmağa başlayıb. Ağ Ev sahibi prezident Volodimir Zelenski ilə qalmaqaldan sonra Ukraynaya hərbi yardımın müvəqqəti və ya daimi olaraq dayandırıb-dayandıra bilməyəcəyini ciddi şəkildə nəzərdən keçirməkdədir. Və bu, o deməkdir ki, Ağ Evin planlaşdırdığı kimi, Ukrayna ordusunun hərbi texnika ilə təchizatı indi tamamilə Avropa Birliyinin öhdəsinə buraxıla bilər.
Maraqlıdır ki, Avropa məkanında mövcud situasiyadan ciddi çaşqınlıq və əndişə yaşanmaqdadır. Prezident Volodimir Zelenski ABŞ-la münasibətləri korlamaqla, Avropa Birliyini qətiyyətli addımlar atmaq məcburiyyətində buraxıb. Ukrayna lideri isə Ağ Evi tərk etdikdən sonra vaxt itirmədən birbaşa Londona istiqamət alıb. Çünki "qoca qitə" ölkələrinin bundan sonra tutacağı mövqenin böyük ölçüdə Böyük Britaniyanın verəcəyi qərarlara bağlı olduğu qətiyyən şübhə doğurmur.
Onu da qeyd etmək lazımdır ki, Böyük Britaniyanın baş naziri Keir Starmer, digər Avropa liderlərindən fərqli olaraq, Tramp-Zelenski qalmaqalına münasibət bildirməyə hələlik tələsmir. Əksinə, ingilis baş nazir danışmaqdan daha çox hərəkət etməyə üstünlük verir. Onun Tram-Zelenski qalmaqalından dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna böhranını müzakirə etməsi də bunu təsdiqləyir.
Hər halda, ingilis baş nazir indiki situasiyada məhz Türkiyənin Avropa məkanı üçün əsas təhlükəsizlik qarantoru ola biləcəyini nəzərə alır. Elə prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra Böyük Britaniya baş nazirinin Ukraynanın müdafiəsini gücləndirmək məqsədilə 3,3 milyard dollarlıq yeni kredit ayırması maraq doğurmaya bilməz. Və bu, o deməkdir ki, Qərbdə Türkiyənin qlobal gücünü qəbul etməyə məcbur qalıblar.
Belə anlaşılır ki, Ukraynanın müdafiəsi indi Avropa ölkələri üçün taleyüklü məsələyə çevrilməyə başlayıb. Əslində, yalnız Böyük Britaniya deyil, digər dövlətlər də yaxınlaşmaqda olan təhlükənin ciddi olduğunu anladıqlarını biruzə verirlər. Belə ki, Çexiya prezidenti Petr Pavel ədalətli sülhə nail olmaq istəyən Ukraynaya dəstək verəcək genişmiqyaslı beynəlxalq koalisiyanın yaradılmsına çağırıb. O, bu məsələnin vaxtının artıq çatdığını və sülhün məhz Ukraynanın maraqlarına uyğun şərtlərdə baş tutmasının vacibliyini də vurğulayıb.
Fransa prezidenti Emmanuel Makronu isə Ukraynanın gələcək taleyindən daha çox Avropanın təhlükəsizliyinin təhdid altında qalması narahat edir. Onun fikrincə, əgər, Rusiya dayandırılmazsa, daha da irəliləyəcək. Növbəti hədəf isə Moldova, ardınca da Rumıniya ola bilər: "Rusiya artıq bizim sərhədlərimizdədir, silahlı və təcavüzkardır. Avropada terror aktları və kütləvi dezinformasiya kampaniyaları həyata keçirir".
Təbii ki, Kremldə son baş verən hadisələrdən, xüsusilə də, Tramp-Zelenski qalmaqalından tamamilə məmnundurlar. Hər halda, ABŞ və Ukraynanın münasibətlərinin ciddi şəkildə korlanması Rusiyanın maraqlarına cavab verir. Ancaq Avropa Birliyinin Ukraynaya hərbi dəstəyi davam etdirmək niyyətinə yaxın olması Kremldə ciddi narahatlıq doğurur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Avropa ölkələri müharibənin davam etdirilməsində israrlıdırlar. Və ona görə də, Avropa dövlətləri sülh prosesi qarşısında əsas əngəl hesab oluna bilərlər.
Ağ Evdə Kremlin bu mövqeyinin dəstəkləməsi son baş verənlərdən sonra elə bir ciddi təəccüb doğurmur. Belə ki, ABŞ-ın dövlət katibi Marko Rubio Avropa ölkələrinin Ukrayna savaşının daha bir il davam etməsini, bununla da Rusiyanı zəiflətməyə ümid etdiyini bildirib: «Mən soruşdum ki, Avropa Birliyinin müharibəni bitirmək planı nədən ibarətdir? Bir ölkənin xarici işlər naziri mənə dedi ki, plan müharibənin daha bir il davam etməsindən ibarətdir. Çünki Rusiya o qədər zəifləməlidir ki, özü sülh istəmək məcburiyyətində qalsın. Mənim fikrimcə, bu, o qədər də real plan deyil».
Marko Rubio Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın Ağ Evdəki qalmaqaldan sonra Ukrayna prezidenti Volodimir Zelenskini dəstəkləyərək, «azad dünyanın yeni liderə ehtiyacı olduğunu» və bu rolun «avropalılar tərəfindən qəbul edilməli» olduğunu söyləməsindən də narazıdır: "Bu insanlar mənasız oyunlar oynayırlar və bu cür bəyanatlar verirlər. Onların münaqişəni bitirmək üçün planları varmı? Hazırda ABŞ prezidenti Donald Tramp bu savaşı dayandırmağa çalışan yeganə şəxsdir".
Göründüyü kimi, Rusiya ilə mövqeləri üst-üstə düşən ABŞ yalnız Ukrayna deyil, Avropa ölkələriylə də ciddi ziddiyyətlər yaşayır. Bu, onu göstərir ki, kollektiv Qərb parçalanıb və artıq belə bir qlobal siyasi düşərgə mövcud deyil. İndi Avropa Birliyi öz gələcək taleyini ABŞ-ın iştirakı olmadan təyin etməyə məcbur qalıb. Ukraynaya hərbi dəstəyin davam etdirilməsi isə Avropa Birliyinə Rusiyanı zəiflətmək, onu "qoca qitə"dən uzaq tutmaq və gələcək təhlükəyə hazırlaşmaq üçün zaman qazanmaq baxımından, olduqca vacib hesab edilir.
Ona görə də, bəzi Avropa dövlətləri bir-birinin ardınca Ukraynaya hərbi dəstək üçün maliyyə vəsaiti ayırmağa başlayıblar. Eyni zamanda, Avropa Birliyi Rusiya ilə savaşa və qitənin təhlükəsizlik hədəflərinə ÜDM-in təxminən üç faizini xərcləmək niyyətində olduğunu qabardır. Bu, indiki şərtlər daxilində fantastik məbləğ hesab olunur.
Bəzi məlumatlara görə, Avropa ölkələrinin Ukraynaya veriləcək dəstəklə bağlı prinsipial mövqeyi məhz martın 6-da keçiriləcək toplantıda aydınlaşa bilər. Əgər, hər şey planlaşdırıldığı kimi gedərsə, Avropa Birliyi Ukraynaya yüz milyardlarla avronu əhatə edən savaş dəstəyi ayırmaq niyyətindədir. Və bu, baş verərsə, Kremldə Tramp-Putin sövdələşməsini müvəqqəti də olsa, unutmaq məcburiyyətində qala bilərlər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
Yeni Müsavat Media Qrupu
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ