Onlayn ictimai-siyasi qəzet
ABŞ senatoru Bernie Sanders prezident Donald Trampın Ukrayna və Avropa barədə açıqlamalarını tənqid edərək, onun Putinə yaxınlaşdığını bildirib.
Musavat.com xəbər verir ki, Sandersin sözlərinə görə, Tramp Ukrayna prezidenti Vladimir Zelenskini diktator adlandırmaqla yalan danışır.
“Zelenski azad seçkilərdə 75% səs toplayıb. Daha da önəmlisi, onun dəstək reytinqi Trampın reytinqindən daha yüksəkdir, özü də amansız müharibə şəraitində”, – deyə senator vurğulayıb.
Sanders: “Avropa Ukraynaya ABŞ-dan daha çox yardım edib”
Senator Sanders Trampın Avropanı Ukraynaya kifayət qədər dəstək verməməkdə günahlandırmasını da əsassız adlandırıb. Trampın iddiasına görə, ABŞ Kiyevə Avropadan üç dəfə çox yardım edib. Lakin Sanders bunun da yalan olduğunu bildirib:
“Əslində, Avropa Ukraynaya ABŞ-dan daha çox yardım edib. Amma məsələ təkcə Trampın yalan danışması deyil (bu, artıq yenilik deyil), əsas məsələ onun ölkəmizi və dünyanı hansı istiqamətə aparmaq istəməsidir. Tramp açıq şəkildə Putinə yaxınlaşır”, – deyə senator qeyd edib.
“Tramp Putinin metodlarına heyran qalır”
Sandersin sözlərinə görə, Tramp Putinin Rusiyada siyasi müxalifəti məhv etməsinə, dissidentləri susdurmasına və oliqarxların dəstəyi ilə diktatura qurmasına heyran olur.
O, Amerikanı avtoritarizm və oliqarxiyanın təhdidinə qarşı mübarizəyə çağırıb:
“Tariximizin bu kritik məqamında ümid edirəm ki, hər bir amerikalı siyasi baxışından asılı olmayaraq, demokratiyaya “hə”, oliqarxiyaya və avtoritarizmə “yox” deyəcək”, – deyə Sanders bildirib.
Musavat.com
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ