İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Oval kabinetdə medianın gözü önündə daha bir prezidentlə mübahisə etdi

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Cənubi Afrika prezidenti Siril Ramafosa ilə görüşündə Cənubi Afrikada ağdərili torpaq sahiblərinə qarşı repressiyaların olduğunu deyərək, bir neçə foto nümayiş etdirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, jurnalistin ABŞ-ın niyə Cənubi Afrikadan gələn mühacirləri qəbul etdiyi, lakin Venesuela, Əfqanıstan və Haitidən olan immiqrantları qəbul etməkdən imtina etməsi ilə bağlı sualını cavablandırarkən CAR-da ağdərililərə qarşı diskriminasiyanın olduğunu deyib: "Onlar (Cənubi Afrikadan olan ağ miqrantlar – red. deyirlər ki, Afrikada çoxlu pis şeylər baş verir. Və biz bu gün bunu müzakirə edəcəyik".

Tramp daha sonra Ramafosa Cənubi Afrikada baş verən “ağ soyqırımı”nın sübutlarını göstərən videolarını nümayiş etdirib. Görüntülərdə Cənubi Afrikanın bəzi müxalifət partiyalarının liderlərinin “ağ fermerləri öldürməyə” çağırışları, eləcə də üzərində ağ xaçlar basdırılmış sahələri yer alıb. Tramp iddia edib ki, həmin sahələr qətlə yetirilən ağdərili torpaq sahiblərinin dəfn olunduqları məzarlardır.

Cənubi Afrika prezidenti şəkillərin çoxunu ilk dəfə gördüyünü və onların harada çəkildiyini öyrənmək istədiyini, bundan sonra mübahisənin davam etdiriləcəyini bildirib. Ramafosa Trampa kadrlarda göstərilənlərin CAR-da “hökumət siyasətinə tamamilə zidd olduğunu” izah etməyə çalışıb: "Siz Cənubi Afrikanın tərəfdaşısınız və narahatlıqlarınızı ifadə etdiniz. Biz bu narahatlıqları müzakirə etməyə hazırıq".

Lakin Tramp Ramafosanın etiraz cəhdlərinə məhəl qoymayaraq, Cənubi Afrika prezidentini ölkədə torpaqların ağ torpaq sahiblərinin əlindən alındığına və bundan sonra onlarla məşğul olduğuna görə qınamağa davam edib.

Tramp həmçinin Cənubi Afrikalı həmkarına medianın bir neçə çap materialını göstərib. Onun sözlərinə görə, onlarda Cənubi Afrikada öldürülən fermerlər haqqında məlumat var. Ramafosa isə Cənubi Afrikanın cinayət probleminin olduğunu, lakin həm ağ, həm də qaradərili vətəndaşların hədəf alındığını deyib.

Amerika prezidenti vurğulayıb ki, o, iki ölkə arasında münasibətlərin yaxşılaşmasını və qaldırdığı problemlərin həllini görmək istəyir.

Qeyd edək ki, torpaq mülkiyyəti məsələsi Cənubi Afrikada aktual problemdir. Hazırda kənd təsərrüfatı torpaqlarının əhəmiyyətli bir hissəsi ağdərili insanlara məxsusdur.

2025-ci ilin əvvəlində Ramafosa aparteid dövründə yaranan iqtisadi və irqi bərabərsizlikləri aradan qaldırmağa yönəlmiş qanunu imzalayıb. Qanuna əsasən hakimiyyət orqanları ictimai maraqlar naminə özgəninkiləşdirməyə qərar verdikləri əmlak üçün “sıfır kompensasiya” təklif edə bilərlər. Ölkənin hakimiyyət orqanları bəyan ediblər ki, qanun layihəsində onlara torpaqları özbaşına zəbt etmək hüququ verilmir və mülkiyyətçi ilə razılaşma tələb olunur.

Bunun ardınca Tramp bu qanunun ölkədə qüvvədə olduğu müddətdə Cənubi Afrikaya maliyyə yardımını dayandıracağını açıqlayıb: "Cənubi Afrika torpaqları müsadirə edir və müəyyən kateqoriyalı vətəndaşlarla çox pis rəftar edir. Birləşmiş Ştatlar buna dözməyəcək, biz hərəkətə keçəcəyik. Mən də bu vəziyyətlə bağlı təhqiqat başa çatana qədər Cənubi Afrikaya yönələn bütün maliyyələşdirməni dayandırıram".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

21 May 2025

BÜTÜN XƏBƏRLƏR