Onlayn ictimai-siyasi qəzet
“Bitcoin”in qiyməti 13 yanvardan bəri ilk dəfə 90 min dollardan aşağı düşüb, bunu “Binance” kriptobirjasının məlumatları sübut edir. Bakı vaxtı ilə saat 11:26-da “Bitcoin” 6.64% ucuzlaşaraq 89 439 min dollar olub. Bakı vaxtı ilə saat 11:31-də “Bitcoin” enişini ləngidərək 89.514 min dollar (-6.56%) səviyyəsində olub.
Qeyd edək ki, Bitcoin və ümumilikdə qlobal kriptovalyuta bazarının qiymətinin azalması bir neçə amildən asılıdır. Bu günlərdə bu cür enişlər ən çox qlobal iqtisadi qeyri-müəyyənliklər və bazar iştirakçılarının təkamül edən şəraitə reaksiyası ilə əlaqəlidir. Ekspertlər bunun bir neçə mümkün səbəblə izah edir. İnflyasiya, faiz dərəcələrinin artması, iqtisadi böhran riski və geopolitik gərginliklər kimi amillər, investorların riskli aktivlərdən çəkilməsinə səbəb ola bilər. Kriptovalyutalar, xüsusilə Bitcoin, riskli investisiyalar sayıldığından, bu cür qeyri-müəyyənliklər zamanı onların qiyməti düşə bilər. Eləcə də rəqəmsal valyutalara olan maraq birbaşa bazar şərtlərinə və investorların davranışlarına bağlıdır. Əgər digər investisiya vasitələri, məsələn, daha stabil aktivlər və ya dövlət qiymətli kağızları daha cəlbedici olarsa, investorlar Bitcoin və digər kriptovalyutalardan uzaqlaşa bilirlər.
Azərbaycanda da Bitcoin və digər kriptovalyutalara maraq son illərdə artıb, amma bu, hələ də müəyyən çərçivələr daxilində və ehtiyatla irəliləyən bir prosesdir. Bir neçə əsas amil Azərbaycanda Bitcoin və kriptovalyutalara olan marağı formalaşdırır. Xüsusilə gənc nəsil, Bitcoin və digər kriptovalyutaların uzunmüddətli dəyər artımını gözləyərək onlara sərmayə qoyurlar. Bitcoin-in qiymətinin kəskin artması, onun Azərbaycanda diqqət çəkməsinə səbəb olub.
Kriptovalyutalar, mərkəzi banklardan asılı olmayan və milli valyutalardan (məsələn, Azərbaycan manatı) fərqli olan alternativ maliyyə vasitələri kimi görünür. Bu xüsusiyyət, inflasiyanın təsirindən qorunmaq istəyən bəzi şəxslər üçün cəlbedicidir. Kriptovalyutalar və blockchain texnologiyası barədə məlumatlılıq artmaqda davam edir. Texnologiya sahəsində fəaliyyət göstərən gənclər və mütəxəssislər Bitcoin və digər rəqəmsal valyutaları təcrübə etmək istəyirlər.
Bununla belə, Azərbaycan hökuməti hələ ki, Bitcoin və digər kriptovalyutalarla bağlı açıq şəkildə ciddi tənzimləmələr tətbiq etməyib, amma belə aktivlərə qarşı müəyyən məhdudiyyətlər və vergi siyasətləri tətbiq oluna bilər. Bu cür tənzimləyici mühit marağı həm artırır, həm də riskləri göz önündə saxlayır.
Azərbaycanda bəzi mübadilə platformaları və yerli kriptovalyuta ticarət bazarları fəaliyyət göstərir. Bu, istifadəçilərə Bitcoin və digər rəqəmsal valyutaları asanlıqla almağa və satmağa imkan verir.
Ekspertlər kriptovalyutalara yatırım etməyi də zaman-zaman məsləhət görürdülər. Bəs bunun riskli tərəfləri hansılardır?
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşdü: “Kriptovalyuta qiymətlərinin qalxması üçün xüsusi bir səbəb yox idi. Gözləntilər əsasında qalxmışdı. Gözləntilər nədən ibarət idi? Tramp hakimiyyətə gələcək, Tramp hakimiyyətə gəlib kriptovalyutanı leqallaşdıracaq, Amerika kriptovalyuta ehtiyatı yaradacaq. Bu cür Tramp ətrafında yaranmış yüksək gözlənti təsirində qiymət qalxırdı. Kriptovalyutanın heç bir daxili dəyəri yoxdur. Məsələn, bir şirkətin səhminin bir dəyəri var, şirkət nə isə istehsal edir, qazanır və sairə. Yəni onun səhminin bir dəyəri var. Amma kriptovalyutada vəziyyət fərqlidir. Kimsə onu alırsa, növbəti alıcının ödəməyə hazır olduğu pulun dəyəri qədərdir. Kimsə almaq istəmirsə, qiymət düşür. Yəni bu, tamamilə tələb-təklifdən asılıdır və daxil dəyəri yoxdur. Yalnız mübadilə dəyəri var. Yüksək riskli investisiya alətidir. Hələ Bitcoin kriptovalyutanın elitası sayılır. Amma yenə də ciddi risk daşıyır.
Pozitiv, optimist gözləntilər var idi ki, Tramp gəlib, yaxşı olacaq. Trampın komandasında kriptovalyutaya investisiya qoyanlar var. Tramp özü seçki ərəfəsində kriptovalyuta investorları ilə görüş keçirdi. Bəyanatlar verdi ki, Amerika kriptovalyutanı inkar edənlərdən olmayacaq, bu sahədə liderə çevriləcək, uyğun siyasət yürüdəcək. Yəni, belə-belə nüanslar var. İndi bu adamın seçilməsinin, vəzifəyə gəlməsinin bir ayı tamam olub. Onlarla qərar imzalayıb. Amma bunların içərisində kriptovalyutaya aid bir qərar da yoxdur. Tramp bir əks fikir bildirsə, indiki qiymət 70 min-60 minə düşə bilər, daha da ucuzlaşa bilər. Heç bir konkret fikir deməməklə hələ 20% ucuzlaşdırıb. Bu sektora investisiya qoyanlar həddindən artıq qorxaqdırlar. Başa düşürlər ki, risklidir. Ona görə də, bir az gözlənti özünü doğrultmayan kimi düşməyə başlayacaq.
Vətəndaşlar bura investisiya qoyanda və yaxud da bu sahə ilə məşğul olanda başa düşməlidirlər ki, çox risklidir. Bunun riskini dərk etməlidirlər. Qoyduğumuz pul dəyərdən düşə də bilər, qalxa da bilər. Bunu həzm eləməliyik, qəbul eləməliyik. Bir də tam başa düşmədiyimiz alətlərə yatırım etməməliyik. Ən azından, biz bu kriptovalyutanın arxasında duran texnologiyanı başa düşməliyik və onun perspektivinə inanmalıyıq”.
Afaq Mirayiq,
Musavat.com
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ