İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tramp FİFA-dan rus futbolunun xahişini edib” – Avropa ölkələri isə ruslarla oynamaq istəmir

2022-ci ilin fevralında Rusiya ordusu Ukrayna üzərinə genişmiqyaslı hərbi müdaxiləyə başlayanda ABŞ və onun strateji müttəfiqlərin ilk işi Rusiyaya qarşı çoxşaxəli sanksiyalar tətbiq etmək oldu.

Bu sırada ticarət sövdələşmələrinin ləğvindən tutmuş bank əməliyyatlarının dayandırılmasına qədər çeşidli məhdudiyyətlər vardı. Rusiya idmançılarının olimpiada da daxil hər cür yarışlara buraxılmaması isə ölkənin dünyadan hərtərəfli təcridini nəzərdə tuturdu. Bunun nəticəsində Rusiya idmançıları yüzlərlə beynəlxalq idman yarışlarından kənarda qaldılar, rusiyalı futbolçular dünya və Avropa çempionatlarına qatıla bilmədilər.

Həmin sanksiya davam edir və rusiyalı idmançılar yalnız federasiya daxilində və yaxın ölkələrdə təşkil olunan aşağı əyarlı idman yarışlarında çıxış edirlər.

Ancaq ABŞ-də Rusiyaya rəğbət bəslədiyi açıq-aşkar olan Donald Trampın hakimiyyətə gəlməsindən sonra həm Rusiya rəhbərliyində, həm də rus idmançılarda belə bir ümid yaranıb ki, Trampın təşəbbüsü ilə ləğv olunan sanksiyaların içində idmançılara da yaşıl işıq yanacaq. Hər halda, Rusiya ilə ABŞ arasında münasibətlərin nisbi ilıqlaşması belə bir fərziyyə dalğasına səbəb olub.

“Lateral” nəşri bu yaxınlarda Beynəlxalq Futbol Assosiasiyaları Şurasının Belfastda keçirilən toplantısında çıxış edən FİFA prezidenti Canni İnfantinonun sözlərini sitat gətirib: “Biz hamımız ümid edirik ki, sülh sazişi üzrə danışıqlar uğurlu olacaq. Biz onları təkcə idmana görə dəstəkləməməliyik. Sülh gələndə biz öz rolumuzu yerinə yetirəcəyik. Ümid edirik ki, dünyanın bütün ölkələrində futbol oynamaq imkanı olacaq”.
Nəşrin jurnalisti Nahuel Lanson hesab edir ki, İnfantinonun ABŞ-yə səfərindən və Donald Trampla görüşündən bir neçə gün əvvəl Rusiyadan danışması təsadüfi deyil.

İndi hesab olunur ki, Tramp Rusiyanı İnfantinoya “tapşırıb”, o da öz növbəsində Rusiya milli komandasının növbəti mundiala buraxılmasını təmin etməyi düşünür.

inftramp.jpg (86 KB)

                                                    İnfantino və Tramp

2026-cı ildə ABŞ, Meksika və Kanada dünya çempionatına ev sahibliyi edəcək. Bu baxımdan FİFA prezidentinin Vaşinqtona səfərinin mənası var. Ancaq Trampın şəxsi görüş zamanı İnfantinodan Rusiyanın dünya çempionatında iştirakına icazə verməsini istəməsi barədə mətbuatda yayılan şayiələr İnfantino tərəfindən təkzib edilib. Bununla yanaşı, onun şəxsən bütün ölkələrin beynəlxalq səviyyəli futbol yarışlarında oynamasını istəməsi barədə dedikləri dolayısı ilə Rusiya futbolçularına qarşı tətbiq edilən sanksiyanın götürüləcəyindən xəbər verir.

2023-cü ildə Asiyaya keçmək variantı nəzərdən keçirilsə də, Rusiya Futbol İttifaqı (RFİ) Avropa konfederasiyasını (UEFA) tərk etməyib. Moskva və Kiyevin ABŞ-nin vasitəçiliyi ilə yaxın aylarda sülh sazişi bağlayacağına dair, indilikdə fantastik görünən planlar həyata keçərsə, bu halda belə, Rusiya yığmasının 2026-cı il mundialında iştirakı çətin olacaq. Çünki UEFA zonasında təsnifat turniri artıq başlayıb, qrupların püşkatması isə hələ ötən il keçirilib. Rusiyanın indən belə o qruplardan birinə inteqrasiyası təqvimin dəyişməsi deməkdir və kiminsə bunu edəcəyi ehtimalı azdır.

RFİ prezidenti Aleksandr Dyukov fevral ayında etiraf edib ki, Rusiya seçimdə iştirak etmək üçün "wild card" (“ayrıca dəvət”) kimi bir şey ala bilər. Daha doğrusu, Dyukov "nəzəri olaraq hər şey mümkündür" deyib.

Dz3EiKqWsAAY_2t.jpg (36 KB)

                                                         İnfantino və Putin

RFİ rəhbərinin optimizmini anlamaq olar. son illərdə keşməkeşli dünyada çox qayda-qanunlar dəyişib. Məsələn, ABŞ qatı Rusiya əleyhdarından Rusiyaya bəzən neytral yanaşan, bəzən də hətta onun vəkilliyini edən ölkəyə çevrilib. Ancaq Rusiya milli futbol komandasına gəldikdə, hər hansı bir “ayrıca dəvət” kartı yalnız Canni İnfantino və ya UEFA prezidenti Aleksander Çeferinin xoş niyyətindən asılı deyil. Ortada kollektiv Avropa amili də var.

Avropanın aparıcı ölkələri Rusiyaya tətbiq edilən sanksiyaların ləğvinin əleyhinədir. Əgər Avropa dövlətləri Rusiya futbolçularına, eləcə də bu ölkənin “Eurovision”a qatılan musiqiçilərinə tətbiq edilən yasağı aradan qaldırsalar, bu, Rusiyanın aqressiyasını yumşaltmayacaq, əksinə, onun qol-qanadını daha da açacaq. Belə bir qənaət var ki, Rusiya 2014-cü ildə Krım və Donbası işğal edəndən sonra FİFA 2018-ci il mundialının Rusiyada keçirilməsi haqda qərarını ləğv etməliydi.

Trampın futbol xüsusunda Rusiyadan yana olmasını qeyd edənlər bir detala da vurğu edirlər ki, Tramp Ağ Evə qayıtmazdan əvvəl nə İnfantino, nə də Çeferin Rusiyanı yarışlara qəbul edib-etməmək barədə qəti şəkildə danışmırdılar. FİFA prezidentinin 2018-ci il dünya çempionatından sonra həm Rusiya, həm də onun siyasi rəhbərliyi ilə yaxşı münasibətləri olsa da, onların səlahiyyətləri məhduddur. Polşa, Çexiya və İsveç ruslarla oynamayacaqlarını bəyan etməsəydilər, nə İnfantino, nə də Çeferin Rusiya yığmasını 2022-ci il dünya çempionatının pley-off mərhələsindən kənarlaşdıra bilməzdi. Bu ölkələrin heç biri öz mövqeyini dəyişməyib. Avropada onlar kimi düşünənlər çoxdur.

UEFA 2026-cı il dünya çempionatının seçmə qrupları üçün püşkatma mərasimindən sonra açıq şəkildə bildirib ki, rusların daxil olacağı istənilən qrupda mütləq onlarla oynamaqdan imtina edəcək komandalar var. Bu halda Rusiyaya görə qlobal beynəlxalq yarışın baş tutması sual altına düşə bilər. Böyük Britaniya, Polşa, Çexiya, Baltikyanı ölkələr və Skandinaviya ölkələri Rusiyaya qarşı prinsipial mövqedədirlər və bu ölkələri “futbol diplomatiyasında” iştirak etməyə nəyin məcbur edə biləcəyi bəlli deyil.

Ona görə də, FİFA və UEFA, görünür, daha yaxşı vaxtların yetişməsini gözləməkdə davam edəcək və yalnız bundan sonra “rollarını oynayacaqlar”.

Bu labirintdən yeganə çıxış yolu isə Rusiyanın Ukraynanın vilayətlərinin işğalından əl çəkməsi, öz sərhədləri daxilinə qayıtması, daha sonra dünya birliyi ilə dinc, mədəni qonşuluq siyasəti yeritməsidir. Fəqət Rusiya öz hərbi ambisiyalarından əl çəkmək niyyətində deyil, eyni zamanda istəyir ki, bütün Avropa da onu bu cür, olduğu kimi qəbul etsin.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR