İnsanlara hürriyət, millətlərə istiqlal!

Öz sahəsinə oxşayan nazir

Şair Vaqif Bayatlının xatirələrində oxumuşam, deyir Yusif Səmədoğlu jurnal redaktoru olanda bir gün yanına rayondan hansısa müəllif gəlir. Xoş-beşdən sonra gəlişin məqsədini açıqlayır: “Yusif müəllim, sizin jurnala şeirlərimi göndərmişəm, üstündən xeyli vaxt keçibdir, lakin dərc edilməyib”. Yusif bəy deyir: “Doğrudan? Bəs niyə çap olunmayıb, bilmirsən?”

Niyə bu gülməli əhvalat yadıma düşüb, onu yazım. Bu yaxınlarda sayın təhsil nazirimizin dərslikləri bəyənmədiyi barədə açıqlamalarını gördüm. Haqlıdırmı? Yüz faiz. Yaxşı, bəs o dərslikləri kim düzəltməlidir? Yəqin bunun həlli kənd təsərrüfatı nazirimizdən asılıdır. Ağlıma başqa versiya gəlmir. Uzağı köhnə dərslik yazarımız Yəhya müəllimin üstünə yıxmaq olardı, lakin o da 2021-ci ildə ölmüşdür.

Sözgəlişi, sayın kənd təsərrüfatı nazirimiz bəlkə də vəzifəsi ilə həyatı üst-üstə düşən nadir və qiymətli kadrlardan biridir. Havadan yazmıram. Ortada daşdan keçən fakt var: keçən ay xəbər lentində rast gəldim, yazılmışdı ki, kənd təsərrüfatı naziri arıqlayıb, görünür, nəsə dieta saxlayır. Yadımda dəqiq qalmayıb, deyəsən, nazir bu temada hər hansı izahat verməyi özünə borc bilməmişdi, yəqin düz eləmişdi. Amma kənd təsərrüfatı naziri kənd təsərrüfatımızın vəziyyətinə oxşayırsa, bundan gözəl nə ola bilər? Axı Allahdan gizli deyil, xalqdan niyə gizli olsun, hamımız dükan-bazara gedirik və insanı kökəldən bir çox kənd təsərrüfatı məhsullarında, ərzaqlarda bahalaşmanı müşahidə edirik. Xüsusilə dana və qoyun əti, kərə yağı özünü dartıb qoyub dağın başına, yaylaqdan qışlağa enmək fikri yoxdur. Əski qəzetçilər demişkən, “belə olan şəraitdə” nazir niyə kəmərində əlavə deşiklər açmasın? O da xalqın övladıdır!

Xalqın gözü tərəzidir, orada hamını çəkirlər. Heç nə gizli qalmır. İstəyirsən yıxıl öl, xeyri yoxdur. Bir maraqlı məqamı da son illər müşahidə etmişəm: uca millətimiz bəzi şəxsiyyət və personalarını yalnız həmin insan öləndə kəşf edir. Görürsən kimsə ayağını uzadır, dərhal məhkəmə başlayır: filan vaxt filan şeyi eləmişdi, buna görə o dünyada asılsın, kəsilsin və sairə. Hətta məndə şeyxin idarəsindən aldığım əsrarəngiz açıqlama var, sən demə ittihamçılar İnkir və Minkir Qiyamət Ali Məhkəməsi qarşısında vəsatət qaldırıb, Azərbaycandan gələn adamların işlərinə baxmaq istəmirlər, deyirlər bizə ehtiyac yoxdur, özləri orada qərardad çıxarıb, cəzalarını kəsib mərhumları üzübəri yollayırlar. Çox şeyi yaza bilmirəm hələlik.

Adamlar diri olanda niyə xalqın bu vəziyyətlərdən, hal-qəziyyədən məlumatı olmur? Görünür, diri adamlardan qorxurlar. Ölüdən isə qorxmuruq. Ancaq birdən Şeyx Nəsrullah gəlib ölüləri diriltməyə başlasa, harada qaçıb gizlənəcəksiniz? Üstəlik, bu yaxında rəhmətliklərdən birinin haqqında elə şeylər yazdılar, şəxsən mən qorxdum, çün, yazmışdılar ölən vəhabi imiş. Nə edə bilərəm, həqiqətən vəhabilərdən qorxuram. Ağlınız şiələrə getməsin, bunlar yenə özlərini döyürlər. Adam vəhabi əlinə düşəndə isə doğrayıb çəlləkdə əridilir. Rəhmətlik jurnalist Qaşıqçının konsulluqdakı əhvalatı yadınıza gəlirsə...

Mövzu nazirlərimiz üzərində başladığı üçün təzəlikcə rəhmətə gedən keçmiş səhiyyə nazirimiz haqda tərcümeyi-halın bir detalına diqqətinizi yönəldərək yazını bitirirəm. Yazmışdılar: “1992-ci ildə Moskva Onkologiya Mərkəzində doktorluq dissertasiyası müdafiə edərək SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsini almışdır”. Vikipediyada da elə bu cür idi. Bəs bu detalı maraqlı edən nədir? Heç zad, sadəcə, SSRİ 1991-ci ilin dekabrında artıq rəhmətə... üzr istəyirəm, cəhənnəmə vasil olmuşdu. Konkret yazsam, 1991-ci il dekabrın 26-da SSRİ adlı dövlət artıq rəsmən yox idi. Ancaq belə çıxır Nazirlər Soveti və Attestasiya Komitəsi 1992-də çalışırmış. Əksini iddia etsəm, o zaman mən də ölülərin arxasınca danışmış olaram. Bunu edə bilmərəm. Qorxuram axı (bax: yuxarı).

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR