İnsanlara hürriyət, millətlərə istiqlal!

Astana zirvəsi: İlham Əliyev və Tokayev Türk birliyinə yeni nəfəs verir

Prezident İlham Əliyevin Qazaxıstana işgüzar səfəri Türk dünyasının siyasi gündəminin əsas hadisələrindən birinə çevrilib. Astananın diplomatik arenasında keçirilən görüşlər təkcə iki ölkə arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təsdiqi deyil, həm də regionda formalaşmaqda olan yeni geosiyasi reallıqların göstəricisidir.

Siyasi şərhçilər bildirir ki, bu səfər Azərbaycan-Qazaxıstan münasibətlərini daha yüksək mərhələyə daşımaqla yanaşı, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiyanın möhkəmlənməsinə, enerji, nəqliyyat və müdafiə sahələrində birgə layihələrin dərinləşməsinə təkan verəcək. Astanadakı görüşlər həm siyasi, həm də iqtisadi baxımdan regionun gələcək inkişaf trayektoriyasına istiqamət verən mühüm hadisə kimi qiymətləndirilir.

TENZİL.jpg (272 KB)

Mövzu ilə bağlı millət vəkili Tənzilə Rüstəmxanlı Musavat.com-a danışıb:

"Prezident İlham Əliyevin Qazaxıstana səfərinə yüksək diqqət iki dövlət arasında strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərinin bərqərar olduğunu göstərməkdədir. Bu münasibətlər qarşılıqlı etimad ilə xarakterizə olunan tarixi qardaşlığa, dostluğa, qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə əsaslanır. Azərbaycanla Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsində aparıcı müstəvi heç şübhəsiz ki, Türk Dövlətləri Təşkilatıdır və bu platforma istər Azərbaycan-Qazaxıstan, istərsə də bütün türk dövlətləri ilə iqtisadi, humanitar sahələrdə əməkdaşlığın sistemli və ardıcıl xarakterdə davam etdirilməsi, əməkdaşlığın inkişafı üçün önəmli rol oynamaqdadır.

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illərdə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, həmin region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu da təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb.

Heç şübhəsiz ki, Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və Qazaxıstan arasında nəqliyyat, logistika əməkdaşlığı yalnız iqtisadi artımda ehtiva olunan ikitərəfli əməkdaşlıq hesab edilə bilməz, bu, bütövlükdə regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan və Orta Dəhlizin vacib seqmenti kimi çıxış edən meyara çevrilib. Məhz bu reallıqlar Azərbaycan-Qazaxıstan münasibətlərinin bir qardaşlıq modeli kimi təqdimatında əhəmiyyətli rol oynayır. Hər iki ölkənin dövlət başçılarının sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.

İkitərəfli əlaqələrimizin hazırkı vəziyyəti azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır. Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəm təmələ əsaslanaraq yalnız bu gün üçün deyil, gələcək onilliklər üçün hədəfləndiyini nümayiş etdirir. İki ölkə liderləri arasında formalaşmış etimad mühiti, şəxsi münasibətlər əlaqələrimizin inkişafında öz sözünü deyir. Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soy-kök və tarixi-mədəni əlaqələrə malik olan ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR