Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Təqribən bir il bundan əvvəl elan olunmuşdu ki, yaxın günlərdə İran uranın tələb olunan səviyyədə zənginləşdirilməsinə nail ola bilər və...”
İran yaxın aylarda nüvə silahı əldə edə bilər. “Reuters” bu barədə Fransa Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Nikolas Lernerə istinadən yazıb. Lerner bunu İran və Avropa dövlətlərinin nümayəndələrinin Tehranın nüvə proqramı və Moskva ilə əlaqələrini müzakirə etmək üçün Cenevrədə keçirilən görüşü zamanı deyib. “İranın nüvə silahı yaratmaq riski qarşıdakı aylarda böyük təhlükədir və Böyük Britaniya və Fransa belə bir hadisəyə hazırlaşmaq üçün strategiyalar hazırlayır”, - o vurğulayıb.
Lerner Fransa və Britaniya xüsusi xidmətlərinin yaxın aylarda gözlənilən “kritik təhlükəyə” qarşı birgə işlədiyini də söyləyib.
Az öncə İranın xarici işlər naziri Abbas Araqçi bildirmişdi ki, Tehrana qarşı sanksiyalar yenidən tətbiq olunarsa, İran nüvə silahına malik olmaq qadağasına “yenidən baxa” bilər. Beynəlxalq Atom Enerjisi Agentliyi isə ötən cümə günü bildirib ki, İran Fordo və Natanzdakı iki əsas nüvə sahəsində minlərlə müasir sentrifuqdan istifadə etməklə uranı zənginləşdirməyə başlayacaq.
Tehran doğrudanmı Donald Tramp and içənədək nüvə silahına malik ola bilər?
Abutalıb Səmədov
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, İranın nüvə silahı istehsal etmək planları 2018-ci il fevralın 1-də Mossad agentləri tərəfindən arxivin ələ keçirilməsindən sonra bütün dünyaya məlum idi. Həmin arxivdəki sənədlər mətbuatda dərc olundu. Məlum oldu ki, İran 1992-1993-cü illərdən başlayaraq nüvə silahı yaratmaq istiqamətində fəaliyyətə start verib. Məqsəd beş nüvə başlığı yaratmaqdır və təbiidir ki, eyni zamanda nüvə başlıqlarını daşımalı olan raket kompleksi də yaradılmalı idi. Nüvə başlıqlarının hər birinin gücü nəzərdə tutulurdu ki, 10 kiloton olmalıdır: “Uzun müddətdir İran bu istiqamətdə dönmədən öz fəaliyyətini davam etdirir və mətbuatda tez-tez məlumatlar gedir ki, artıq İran nüvə silahını yaratmaq ərəfəsindədir, qısa müddətdə bu məqsədinə nail ola bilər. Təbiidir ki, bunun qarşısını almaq üçün də nüvə dövlətləri, açıq şəkildə nüvə silahlarının olduğunu elan eləyən dövlətlər, ilk növbədə ABŞ əlindən gələni edir. Təqribən bir il bundan əvvəl elan olunmuşdu ki, artıq yaxın günlərdə İran uranın tələb olunan səviyyədə zənginləşdirilməsinə nail ola bilər və bundan sonra nüvə silahını yaratmaq o qədər çətin olmayacaq. Ancaq aradan təxminən bir ildən artıq vaxt keçib, hələ də informasiyalar gedir ki, İran nüvə silahı yaratmaq ərəfəsindədir”.
A.Səmədovun sözlərinə görə, təbiidir ki, bu prosesi həm ABŞ-ın kəşfiyyatı, həm İsrail kəşfiyyatı ciddi nəzarət altında saxlayır. Onlara dəqiq məlumdur ki, İran nüvə silahı yaratmaq prosesində hansı səviyyəyə qədər gəlib çıxıb: “O da aydındır ki, bu dövlətlər İranın nüvə silahına malik olmaması üçün əllərindən gələni edəcəklər və buna imkan verməyəcəklər. Hətta iş müharibəyə qədər gəlib çıxsa da onlar buna gedəcəklər və yeri gəlmişkən, son raket hücumlarına qarşı İranın İsrailə cavab zərbəsi endirdiyi zaman buna şans yaranmışdı, elan olunmuşdu ki, İsrail İranın nüvə obyektlərini vuracaq. Lakin ABŞ buna etiraz elədi və qarşısını aldı. Deməli, hələ proses yaxın aylarda nüvə silahının yaranması üçün tələb olunan səviyyədə deyil. O da məlumdur ki, İsrailin son raket zərbələrindən sonra İran cavab zərbələri endirəcəyini bəyan elədi və onu da dedi bu zərbələr əvvəlkilərlə müqayisədə qat-qat ağır olacaq. Bu da həm İsrailə, həm də ABŞ-a İrana qarşı növbəti cavab zərbələri endirmək imkanı verəcək. Amma mən güman edirəm ki, İran nüvə silahını yaratmağa nə qədər yaxın olsa da, Donald Trampın andiçməsinə qədər bu silaha nail olmaq imkanına malik deyil, yəni o dərəcədə buna yaxın deyil. Amerika və İsrail kəşfiyyatları bu prosesi nəzarətdə saxlayırlar. Qarşılıqlı raket zərbələri də bu silahın yaradılmasının qarşısını almaq üçün Qərbə kifayət qədər imkan verir. Bu səbəbdən hələ çox güman ki, uzun müddət 2025-ci il ərzində də "İran artıq nüvə silahı yaratmaq ərəfəsindədir" bəyanatları veriləcək, ancaq güman eləmirəm 2025-ci ildə İran nüvə dövlətinə çevrilə biləcək".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ