Onlayn ictimai-siyasi qəzet
ABŞ Senatında İranın nüvə proqramı ilə bağlı ciddi iddialar səsləndirilib.
Musavat.com xəbər verir ki, Senatın Kəşfiyyat Komitəsinin sədr müavini Mark Uorner bəyan edib ki, Prezident Donald Tramp ABŞ kəşfiyyat qurumlarının İrana dair verdiyi rəsmi məlumatları tamamilə ignor edir.
Uornerin sözlərinə görə, ABŞ Milli Kəşfiyyat İdarəsi bu yaxınlarda senatorları məlumatlandıraraq bildirib ki, İranın nüvə silahı hazırlamaq istiqamətində hər hansı fəaliyyətinə dair heç bir sübut yoxdur. O qeyd edib ki, bu qiymətləndirmə ABŞ-ın 18 müxtəlif kəşfiyyat orqanının məlumatlarına əsaslanır.
Senator xatırladıb ki, hələ mart ayında ABŞ-ın milli kəşfiyyat direktoru Tulsi Qabbard da bu mövzuda birmənalı açıqlama vermişdi:
“İran atom bombası yaratmaq üçün heç bir real addım atmayıb".
Mark Uorner əlavə edib ki, bu həftənin əvvəlində də kəşfiyyat strukturlarından yenilənmiş məlumat alınıb və bu qiymətləndirmədə heç bir dəyişiklik yoxdur. Yəni, ABŞ-ın kəşfiyyat xidmətləri hələ də İrandan nüvə təhlükəsi görmür.
Bununla belə, Prezident Tramp ictimaiyyət qarşısında çıxışlarında İrandakı nüvə proqramını təhlükə kimi təqdim edir və bu ölkənin "bombanı yaratmağa çox yaxın olduğunu" iddia edir. Uorner bu ziddiyyətli yanaşmanı tənqid edərək deyib:
“Tramp mövcud bütün kəşfiyyat məlumatlarını tamamilə gözardı edir".
Musavat.com
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ