Onlayn ictimai-siyasi qəzet
“Rusiyanın dron hücumlarının arxasında Qərbdə qorxu yaratmaq istəyi dayanır”.
Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius “Handelsblatt” qəzetinə verdiyi müsahibədə danışıb.
O, belə halların qorxu və inamsızlıq mühiti yaratmağa yönəlmiş psixoloji əməliyyatlarla bağlı olduğunu vurğulayıb.
Nazirin sözlərinə görə, Rusiya bu cür addımlardan Almaniyada ictimai əhval-ruhiyyəni təsirləndirmək və sabitliyi pozmaq məqsədilə istifadə edir.
“Söhbət təxribatdan gedir — qorxu yaratmaq, ictimaiyyəti çaşdırmaq, şübhə toxumu səpmək və lazımsız mübahisələrə səbəb olmaq cəhdindən,” – deyə Pistorius bildirib.
O, Rusiya prezidenti Vladimir Putinin “Almaniyanı çox yaxşı tanıdığını”, ölkənin mentalitetini, zəif tərəflərini və “cəmiyyətin reflekslərini” dərindən bildiyini qeyd edib:
“O, hansı mövzuların bizdə narahatlıq yaratdığını, hansı hisslərin manipulyasiya üçün yararlı olduğunu başa düşür və bundan istifadə edir”.
Pistoriusun fikrincə, Almaniya bu kimi psixoloji manipulyasiyalara uymamalı, soyuqqanlı və toparlanmış vəziyyətdə qalmalıdır.
Nazir həmçinin ordudan həddindən artıq gözləntilər barədə xəbərdarlıq edib:
“Bundesver hər səmada görünən drona reaksiya verə bilməz. Bizim gücümüz hərəkət edən hər şeyə atəş açmaqda deyil, baş verənləri təmkinlə və rasional şəkildə qiymətləndirməkdədir”.
Musavat.com
06 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ