Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqin yenidən dizayn olunması prosesində daha bir mərhələ sona çatdı. Deməli, artıq növbəti mərhələyə start veriləcək. Belə ki, İrana indiyə qədər ayrılmış regional missiya artıq yekunlaşıb. Növbəti iştirak missiyasının məzmun və istiqamətlərini də müəyyən mənada, təxmin etmək mümkündür. Və Yaxın Şərqdə baş verən hərbi-siyasi hadisələr ümumi hədəfləri təxminən də olsa, təsəvvür etmək imkanları yaradır.
Onu da qeyd etmək lazımdır ki, İsrailin İrana qarşı savaş planının ABŞ-da amerikalı hərbi strateqlər tərəfindən hazırlandığı artıq qətiyyən şübhə doğurmur. Üstəlik, rəsmi Tehranın da bundan xəbər olduğu inkaredilməz reallıqdır. Və Pentaqon şefi Pit Heqsetin İsrailin savaşa başlamasından aylar öncə İrana qarşı zərbə planının artıq hazır olduğunu açıq mətnlə bəyan etməsi bu müharibənin qaçılmaz olduğunu göstərirdi.
Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp hələ aprel ayında İrana nüvə anlaşması üçün iki ay vaxt verdiyini bildirmişdi. Böyük ehtimalla İsrailin baş naziri Bünyamin Netanyahunun ABŞ-a son səfəri çərçivəsində İrana zərbə planı Ağ Ev sahibi Donald Trampla müzakirə olunmuşdu. Və məhz həmin səfərdən sonra rəsmi Təl-Əviv İrana hərbi zərbə vurulacağını daha əminliklə bəyan edirdi.
Belə anlaşılırdı ki, İrana qarşı müharibə planı quranlar rəsmi Tehrana hazırlaşmaq üçün yetərli zaman intervalı da ayırmışdılar. İndi artıq aydın olur ki, İran bu zaman intervalından maksimum səviyyədə istifadə etməyə nail olub. Ona görə də, İsrailin intensiv hərbi zərbələrindən sonra İran qətiyyən panik duruma düşmədi. Əksinə, cavab zərbələri ilə İran ən azından özünün regional nüfuzunu qorumağı bacardı. Və bu, münaqişə tərəfləri arasında bərabərlik keyfiyyəti daşıyan pat vəziyyətinin yaranması anlamı daşıyırdı.
Belə anlaşılır ki, savaş planının müəllifləri strateji hədəflərin sırasına İranın məğlubiyyətini, İsrailin isə qələbəsini daxil etməkdə maraqlı olmayıblar. Yəni, hər iki tərəfin nə məğlub, nə də qalib olmasında qətiyyən maraqlı olmayıblar. Böyük ehtimalla İrana qarşı savaşda "hərbi zəfər çələngi" məhz ABŞ üçün ayrılıb, bir kənarda saxlanılıbmış. Və zamanı çatanda Ağ Ev dövrəyə girəcəkdi, ABŞ-ı savaşın mütləq qalibi elan edəcəkdi.
Təbii ki, bu, Ağ Evə bütün dünyaya növbəti xəbərdarlıq mesajı vermək üçün olduqca vacib idi. Çünki prezident Donald Tramp seçki ərəfəsində hakimiyyətə gələcəyi təqdirdə, ABŞ-ın daha da gücləndiriləcəyi və nəhəngləşdiriləcəyi barədə vədlər vermişdi. İndi Ağ Evdə hesab edirlər ki, bu vədlər reallaşmağa başlayıb. Və üstəlik, indi ABŞ həm də Yaxın Şərqin yenidən dizayn olunmasında şəriksiz qlobal iradə sahibidir.
Nəhayət, ABŞ-ın dövrəyə girməsinin üslubu da Ağ Evin savaş ssenarinin nə qədər dəqiq və qüsursuz icra olunduğunu göstərir. Belə ki, ABŞ prezidenti Donald Tramp əvvəlcə İrana iki həftə vaxt verdiyini bəyan edir. Üstəlik, ABŞ-ın İranı iki həftədən sonra deyil, məhz bu zaman intervalı içərisində vuracağını hər kəsə, eləcə də, rəsmi Tehrana tam dəqiqliyi ilə anladır. Və rəsmi Tehran hansı nüvə obyektlərinə zərbə endiriləcəyini dəqiq bildiyimdən oraları boşaltmağa imkan tapır.
Ardınca isə Ağ Evdən rəsmi Tehranla əlaqə qurulur. ABŞ-ın hansı saatda zərbə endirəcəyi barədə dəqiq məlumat çatdırılır. Üstəlik, rəsmi Tehrana Ağ Evin İranda siyasi rejim dəyişikliyi ilə bağlı qərarının olmadığı ilə bağlı da təminat verilir. Yəni, rəsmi Tehrana anladılır ki, İrandakı hakimiyyət üçün heç bir təhlükə yoxdur, sadəcə, əvvəlcədən boşaldılaraq, zərbəyə hazırlanmış nüvə obyektləri vurulacaq. Və bununla da proses sona çatacaq.
Göründüyü kimi, münaqişə tərəflərinin deyil, məhz sonradan müdaxilə edənin qalib elan edildiyi bir savaş ssenarisinin reallaşdırılması artıq sona çatmaq üzrədir. Üstəlik, bu ssenarinin iştirakçılarından hər hansı birinin narazı qalması üçün də elə ciddi səbəb yoxdur. İndi geriyə yalnız bu ssenarinin iştirakçılarının həm daxili, həm də xarici auditoriya qarşısında nüfuzunun təminat altına alınması istiqamətində priventiv addımların atılması qalır.
Onu da qeyd etmək lazımdır ki, prezident Donald Tramp Yaxın Şərqin yenidən dizayn olunması planının ilk mərhələsinin sona çatması münasibətilə artıq açıqlamalar verib. Ağ Ev sahibi bildirib ki, İranın nüvə obyektləri tamamilə məhv edilib. Halbuki, bunu təsdiqləyən sübutlar hələlik yoxdur, rəsmi Tehran da əksini iddia edir. Bu baxımdan, Ağ Ev sahibinin "ABŞ-ın əsas məqsədinin İranı uranı zənginləşdirmək imkanlarından məhrum etmək" olması, hücumların uğuru barədə bəyanatı da hələlik sadəcə, iddiadan başqa bir şey deyil. Və indi Ağ Ev sahibi İranı dərhal sülh sazişi imzalamağa çağırır, əks halda, rəsmi Tehranı daha dağıdıcı zərbələr ilə hədələyir.
Böyük ehtimalla rəsmi Tehranın təhdid olunması və sülh sazişi təklif edilməsi Yaxın Şərqin yenidən dizayn olunması ssenarisində növbəti mərhələnin başlanma anonsu anlamına gəlir. Belə ki, İranla sülh müzakirələri uzun müddət davam edə bilər. Bu müzakirələrdə yenidən dizayn olunan Yaxın Şərqdə həm İrana, həm də İsrailə ayrılacaq növbəti missiya birmənalı şəkildə dəqiqləşdiriləcək. Və Pentaqon şefi Pit Heqsetin "Prezident Tramp danışanda dünya qulaq asmalıdır" açıqlaması, Yaxın Şərqi "fəlakət laboratoriyası"na çevirməkdə olan ABŞ-ın bu prosesdə kənar səslərə qulaq asmaq niyyətində olmadığını ifadə edir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ