İnsanlara hürriyət, millətlərə istiqlal!

Toyda qonaqlar arasında DAVA

Bərdə rayonunda 1990-cı il təvəllüdlü Mürvət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Ceyhuna xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə ötən ilin mayın 20-də baş verib.

Mürvət Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən "Nəqşicahan" şadlıq sarayında qonaq kimi iştirak etdiyi kiçik toy məclisindən çıxdıqdan sonra həmin şadlıq sarayının qarşısında onunla eyni məclisdə qonaq kimi iştirak etmiş həmkəndlisi Ceyhunun zarafat edərək ünvanına nalayiq ifadələr işlətməsinə əsəbiləşib.

Mürvət Ceyhunun ondan üzr istəməsini tələb etmək, əks təqdirdə ona bədən xəsarəti yetirərək qisas almaq qərarına gəlib. O, yaşadığı Bərdə rayonu, Gərənə kəndinə gedib və evdən məlum olmayan kəsici-deşici alət götürərək Ceyhunun yaşadığı ünvana gəlib.

Mürvət saat 23 radələrində Ceyhunla evlərinin yaxınlığında qarşılaşıb. Ondan ünvanına nalayiq ifadələr işlətməsinin səbəbini soruşduqda, aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Münaqişə zamanı özü ilə gətirdiyi kəsici-deşici alətlə Ceyhuna bir dəfə zərbə vurub.

Hadisəni törədən Mürvətin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mürvət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O qeyd edib ki, Bərdə rayonu, Gərənə kəndində yaşayır və bir azyaşlı övladı var:

"Gərənə kəndində əkinçiliklə məşğulam. Zərərçəkmiş Ceyhun həmkəndlimdir. Əvvəl aramızda heç bir dava-dalaş və münaqişə olmayıb. Münasibətlərimiz normal olub".

Təqsirləndirilən şəxs bildirib ki, hadisə günü həmkəndliləri oğluna kiçik toy mərasimi təşkil edib:

"Özüm də, Ceyhun da həmin məclisdə iştirak etdik. Bərdə şəhərində yerləşən "Nəqşicahan" şadlıq evində toy mərasimində yemək yeyib, spirtli içki içdik. Toydan sonra Ceyhun mənə yaxınlaşdı. O, şit zarafat etməyə başladı. Ceyhuna dəfələrlə zarafat etməməyi, bundan xoşum gəlmədiyini desəm də, o, söyüş söyərək zarafata davam etdi. Ceyhunla mübahisə edərkən ətrafdakı tanımadığım şəxslər məni taksiyə mindirdi və yaşadığım kəndə yola saldılar. Evə çatdıqdan sonra Ceyhunun mənimlə etdiyi zarafat və nalayiq sözlər ağlımdan çıxmadı. Yaşadığım evdə saxladığım bıçağı götürərək onun yaşadığı evə yollandım. Ceyhunu yolda gördüm və ona yaxınlaşaraq niyə elə zarafat etdiyini və nalayiq ifadələr işlətdiyini soruşdum. Ceyhun yaxşı elədiyini və məndən xoşu gəlmədiyini dedi. Aramızda olan mübahisə davaya çevrildi. Bir-birimizə yumruqla zərbələr vurduq. Yaşadığım evdən götürdüyüm bıçağı cibimdən çıxardım. Əsəbi halda Ceyhunun qarın nahiyəsinə bir dəfə zərbə vurdum. Sonra qorxduğum üçün oradan qaçdım. Ceyhuna xəsarət yetirdiyim bıçağı da yaxınlıqdakı su arxına atdım və yaşadığım evə getdim. Qısa müddət sonra polis əməkdaşları gəldi və məni Bərdə Rayon Polis Şöbəsinə apardılar".

İş üzrə zərərçəkmiş Ceyhunun sözlərinə görə, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Gərənə kəndində yaşayır və əkinçilik edir:

"Təqsirləndirilən Mürvət mənim həmkəndlimdir. Əvvəl aramızda dava-dalaş olmayıb, münasibətlərimiz normal olub. Hadisə günü təxminən 22 radələrində məclis yekunlaşdı. Şadlıq sarayının qarşısına çıxaraq yaşadığım evə qayıtmaq istəyəndə Mürvəti gördüm və söhbət etdim. Qarşılıqlı zarafat etdik, Mürvət də mənim kimi içkili olub. O, nalayiq ifadələr işlədərək mübahisə etməyə başladı. Ətrafdakı tanımadığım şəxslər Mürvəti taksiyə mindirib evə göndərdilər".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mürvət üç il azadlıqdan məhrum edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR