Onlayn ictimai-siyasi qəzet
ABŞ Senatına ABŞ-ın Suriyaya qarşı sanksiyalarının ləğvini nəzərdə tutan qanun layihəsi təqdim edilib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı sənədin həmmüəllifi senatorlar Rend Pol (Kentukkidən respublikaçı) və Cinni Şahin (Nyu Hempşirdən demokrat) açıqlayıb.
Onların təşəbbüsü 2019-cu ilin “Sezar Aktı” adlanan qanunu ləğv etmək məqsədi daşıyır. Yeni qanun layihəsi prezident Bəşər Əsədin rəhbərlik etdiyi keçmiş Suriya hökumətini təcrid etmək üçün qəbul olunan “Sezar Aktının öz məqsədinə çatdığına dair artan anlayışı əks etdirir” və bildirilir ki, Sezar Aktı indi Dəməşqin “sabitliyə, demokratiyaya və yenidənqurma” yolunu təhdid edir.
Rend Pol vurğulayıb ki, illərdir o, ABŞ-ın xarici siyasətində “geniş sanksiyalar”ın tətbiqinə qarşı çıxıb, çünki bu cür məhdudiyyətlər xaricdəki adi vətəndaşlara öz ölkələrinin hökumətlərindən daha çox zərər vurur. Onun sözlərinə görə, Sezar Aktı Suriyada "sülhə doğru irəliləyişin qarşısını alır", ərəb ölkəsinin iqtisadi vəziyyətinin pisləşməsinə və orada yoxsulluğun artmasına kömək edir.
Xatırladaq ki, mayın 14-də ABŞ prezidenti Donald Tramp Ər-Riyadda Suriyanın müvəqqəti lideri Əhməd əl-Şaraa ilə danışıqlar aparıb və bu, iki ölkə liderləri arasında son 25 ildə ilk görüş olub. Amerika lideri bəyan edib ki, ölkəsi Hafiz Əsəd və oğlu Bəşər Əsədin hakimiyyəti dövründə Dəməşqə qarşı on illərdir tətbiq edilən sanksiyaları ləğv etməyə başlayacaq.
Musavat.com
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ