Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yüksək səviyyəli rəsmiləri yaxın günlərdə İrana mümkün zərbə vurulmasına hazırlıqlar aparır. Musavat.com xəbər verir ki, bu dəfə məlumatı Bloomberg yayıb. Agentliyin mənbələri, potensial hücum tarixi kimi iyunun 21-22-ni qeyd ediblər. Eyni zamanda bildiriblər ki, planların dəyişməsi ehtimalı da var.
Məlumata görə, ABŞ-da "bir neçə federal agentliyin yüksək səviyyəli rəhbərliyi" də İrana zərbə endirilməsi ehtimalına hazırlaşır.
Mənbələr bildiriblər ki, ABŞ lideri Donald Trampın ABŞ-ın İran-İsrail münaqişəsinə müdaxiləsi ilə bağlı mövqeyi son günlər Respublikaçı müttəfiqlərin təzyiqləri səbəbindən kəskin şəkildə dəyişib. Mənbələrin məlumatına görə, senator Lindsi Qrem Trampı fəal şəkildə Tehrana qarşı hərbi əməliyyatlar barədə düşünməyə çağırıb.
“The Wall Street Journal”ın daha əvvəl yazdığına görə, Tramp çərşənbə axşamı axşam köməkçilərinə deyib ki, o, İrana hücum planını təsdiqləyib, lakin Tehranın nüvə proqramından əl çəkəcəyini gözlədiyi üçün onu həyata keçirmək üçün hələ əmr verməyib.
ABC Newsun yaydığı məlumata görə, ABŞ İsrailin İrana qarşı hərbi əməliyyatlarına qoşularsa, o, İranın Fordodakı yeraltı uranın zənginləşdirilməsi obyektinə bir deyil, bir neçə dəfə zərbə endirə bilər. Bildirilir ki, ABŞ prezidenti Donald Tramp “İranın Fordodakı nüvə obyektini sıradan çıxarmaq fikrinə alışır”. Məlumata görə, Vaşinqton hələ də Tehrandan nüvə proqramı ilə bağlı danışıqları davam etdirmək təklifinə cavab almayıb və Tramp tərəfdarlarının İrana hücum qərarına necə reaksiya verəcəyini anlamağa çalışır.
Amerika lideri daha əvvəl bəyan etmişdi ki, Fordodakı obyektə zərbə endirmə ehtimalı ilə bağlı hələ yekun qərar qəbul etməyib. Tramp Ağ Evdə jurnalistlərin sözügedən obyektin dağıdılmasının, onun fikrincə, İranın nüvə proqramı ilə bağlı Tehranla sazişlərin bağlanması üçün zəruri şərt olub-olmaması ilə bağlı sualına mənfi cavab verib.
Medianın hesablamalarına görə, yalnız ABŞ-da Fordodakı obyekti məhv edə biləcək super ağır bomba var. Obyektin əsas hissəsi dağlarda, təxminən 90 metr dərinlikdə yerləşir. Amerikanın Axios portalı daha əvvəl məlumat vermişdi ki, Birləşmiş Ştatlar bunker bombalarını İsrailə ötürmək imkanını nəzərdən keçirir.
Musavat.com
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ