Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp dəfələrlə deyib ki, o, hələ də sələfi Co Baydendən qalma qarışıqlıq və əvvəlki administrasiyanın yaratdığı problemlərlə məşğuldur. Onun sözlərinə görə, əvvəlki administrasiya özündən sonra iqtisadi çətinlikləri, o cümlədən yüksək qiymətləri, inflyasiya və sərhəd problemlərini ona saxlayıb.
Tramp deyib: "Bayden ən pis idi. İnanın ki, mən hər şeyi qaydasına salmalı oluram. Bu problemləri, sərhəddəki qarışıqlığı inflyasiya ilə məsələləri yoluna qoymalı oluram. O, toxunduğu hər şey zibil gününə qoyur".
Böyük ümidlər bəslənsə də, prezident olduğu dörd il ərzində dünyada baş verən proseslər sübut etdi ki, nə prezident Bayden, nə də dövlət katibi Entoni Blinken heç də gözlənildiyi kimi, “sülh memarı” deyilmiş. Xarici siyasətdəki qərarlar, daxili iqtisadiyyatdakı çətinliklər, həmçinin sosial məsələlərdəki uğursuzluqlar, onun prezidentliyinin tarixinə “ləkə” kimi düşüb. Tramp Baydeni ABŞ tarixinin ən koorupsioner lideri adlandırıb: “Co Bayden həqiqətən ABŞ tarixində ən pis, ən bacarıqsız və ən korrupsioner prezidentdir”.
Co Bayden Birləşmiş Ştatların ən uğursuz prezidenti kimi tarixə düşdü. Onun hakimiyyəti dövründə Birləşmiş Ştatların beynəlxalq arenada nüfuzuna xeyli ziyan gəldi. Haqlı olaraq cənab prezident İ.Əliyev müsahibələrinin birində Baydenin prezidentlik dönəmini itirilmiş 4 il kimi xarakterizə etdi. Onun dönəmində Azərbaycanla Birləşmiş Ştatlar arasında münasibətlər pisləşdi, haqsız və ədalətsiz, qərəzli mövqeyi ucbatından Vaşinqtonun etimadına ciddi xələl gətirdi. Cənubi Qafqazda sülh prosesi ləngidildi. Çünki Bayden və ətrafı, komandasının ən yaxın üzvlərinin bir çoxu erməni lobbisinin təsirindən çıxa bilmədi.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşdə deyib ki, Bayden-Blinken dövründə ABŞ Azərbaycana qarşı qərəzli olub. Dövlət başçısının sözlərinə görə, bunun da nəticəsində ikitərəfli əlaqələr böhrana sürüklənib. Prezident “907-ci düzəliş”in yenidən bərpasını məhz Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib. Cozef Bayden siyasi karyerası dövründə şəxsi planda Azərbaycan və Türkiyəyə qarşı fəaliyyət göstərib. Senator olduğu dövrdə Azərbaycana qarşı “907-ci düzəliş”in müəlliflərindən olub.
Cozef Baydenin anti-Azərbaycan fəaliyyəti nəticəsində "Azadlığı Müdafiə Aktı" çərçivəsində 1992-2005-ci illərdə ABŞ Ermənistana 1,6 milyard dollar, Azərbaycana isə 600 milyon dollar yardım edib.
Cozef Bayden hakimiyyəti dövründə “907-ci düzəliş” yenidən tətbiq edilməyə başlanıb. 2023-cü ilin noyabrında Konqresin Yuxarı Palatası Azərbaycana yardımla bağlı qadağanı nəzərdə tutan “S.3000” qanun layihəsini təsdiqləyib. Senator Petersin təşəbbüsü ilə hazırlanan qanun Azərbaycanla bağlı “907-ci düzəliş”in qüvvəsini dayandırmamağı nəzərdə tutur.
Bu məsələdə yenə aparıcı rolu erməni lobbisi və Cozef Baydenin başçılıq etdiyi Demokratlar Partiyasından olan senatorlar oynayıb.
Bayden öz fəaliyyəti müddətində Azərbaycana qarşı “demokratiya” adı altında təzyiqlər etməklə səhvlər buraxıb. Onun bu istiqamətdə atdığı addımlar, heç şübhəsiz, Cənubi Qafqazda ABŞ-nin maraqlarına zərbə, ikitərəfli əlaqələrə maneə olub. Bayden Azərbaycanın yaddaşında erməni lobbisindən faydalanan, qərəzli bir dövlət başçısı kimi qalacaq.
“Gallup” sorğusu göstərdi ki, amerikalıların 39%-i Baydenin 2021-2025-ci illərdə prezident kimi fəaliyyətini bəyənib, 57%-i isə onun işini mənfi qiymətləndirib.
Tramp bildirir ki, Baydenin prezidentliyi dövründə ABŞ Lesotoda LGBT-ni dəstəkləmək üçün 8 milyon dollar xərcləyib: “8 milyon dollar heç kimin eşitmədiyi Lesoto adlı bir Afrika ölkəsində LGBT hüquqlarının təbliğinə xərclənib”.
ABŞ prezidenti xarici yardım proqramları da daxil olmaqla, ABŞ hökumətinin digər israfçı xərcləri arasında Lesotoya xərcləri göstərib. Xüsusilə, onun sözlərinə görə, ABŞ Myanmada müxtəliflik, bərabərlik və inklüzivliyi təşviq etmək üçün təqaüdlərə 45 milyon dollar, eləcə də məskunlaşmış miqrantların sosial və iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün 40 milyon dollar xərcləyib. "Baxmayaraq ki, heç kim onların kim olduğunu bilmir” - deyə Tramp əlavə edib.
Baydenin prezidentliyi dövründə Kolumbiyada transgenderlərlə bağlı operanın səhnələşdirilməsinə 47 min dollar, Peruda transgenderlələ bağlı cizgi romanların dərc olunmasına isə 32 min dollar xərclənib. Latın Amerikası ölkəsi olan Qvatemalada cinsin dəyişdirilməsi və LGBT fəallığı layihələrinə 2 milyon dollar vəsait ayrılıb.
Florida qubernatoru Ron Desantis hələ 2023-cü ildə bildirmişdi ki, ABŞ prezidenti Cozef Bayden administrasiyasının Ağ Evdə LGBT icmasına həsr olunmuş tədbiri Amerika bayrağına hörmətsizlikdir: “Ağ Evdə LGBT üzvlərinin bayrağı Amerika bayrağından prioritet idi, bu səhvdir, ABŞ bayrağı belə görünməməlidir. Baydenin qəbulu zamanı LGBT icmasının bir sıra nümayəndələri bütün ədəb normalarını pozurdu. ABŞ hakimiyyəti bu cür davranışı pisləməlidir”.
Bayden administrasiyası feminist ideologiya, LGBT hüquqları və digər qlobalist təşəbbüsləri ön plana çəkərək milli kimlikləri və ənənəvi dəyərləri məhv etməyə çalışıb.
Tramp baydeni açıq sərhədlər siyasətini həyata keçirməkdə günahlandırıb. Onun fikrincə, bu qanunsuz miqrasiya problemini kəskinləşdirib və ölkəyə qanunsuz gələn miqrantların sayını artırıb. ABŞ-da qeyri-qanuni miqrantlarla bağlı problem uzun illərdir ki, aktualdır. Donald Trampın bundan əvvəlki prezidentliyi dövründə ölkənin Meksika ilə sərhəddə necə divar hördüyü faktı var. Co Bayden dövründə divarın tikintisi dayandırıldı və hər il ABŞ sərhədini keçən qeyri-qanuni miqrantların sayı kəskin şəkildə artmağa başladı. Ən çox qeyri-qanuni miqrant ABŞ-a Meksika sərhədindən keçir. Əgər 2019-cu ildə bu ərazini qanunsuz keçmə ilə bağlı 977,5 min fakt qeydə alınıbsa, növbəti iki il ərzində onların sayı ildə 2,5-3 milyon nəfərə yüksəlib. CNN-in məlumatına görə, təkcə 2023-cü ilin dekabrında 225 min insan Texas sərhədini qanunsuz keçib ki, bu da 2000-ci ildən bəri rekorddur. Müqayisə üçün qeyd edək ki, Texas ştatının əhalisi təxminən 30 milyon nəfərdir. Buraya gələn qeyri-qanuni miqrantların illik sayı isə ölkənin digər 15 ştatının əhalisini üstələyir.
Tramp onu da deyib ki, ABŞ qoşunlarını Bayden və Harrisin zəifliyinə görə Əfqanıstandan çıxarıb: ”Kamala Harris və korrupsioner Co Baydenin zəifliyi və səriştəsizliyi ölkəmizin tarixində ən alçaldıcı hadisəyə və bütün dünya tarixində ən böyük hərbi fəlakətlərdən birinə səbəb oldu. Ordu hissələrinin Əfqanıstandan fəlakətli geri çəkilmələrinin dəhşətli görüntülərini heç kim unutmayacaq", - o, Şimali Karolinadakı tərəfdarlarına deyib.
Xatırladaq ki, Cozef Bayden 2021-ci il aprelin 14-də Əfqanıstanda Amerika tarixində ən uzunmüddətli xarici hərbi kampaniyaya çevrilən əməliyyatı dayandırmaq qərarına gəldiyini açıqladı. ABŞ 2021-ci ilin yazında qüvvələrini geri çəkmək niyyətində olduğunu elan etdikdən sonra “Taliban” Əfqanıstanda nəzarəti ələ keçirmək üçün geniş əməliyyata start verdi. 2021-ci il avqustun 15-də Əfqanıstan Prezidenti Əşrəf Qani ölkədən qaçdı və beləliklə, “Taliban” paytaxt Kabilə girərkən müqavimətlə qarşılaşmadı. 2021-ci ilin sentyabr ayının əvvəlində ABŞ ordusu Əfqanıstanı tamamilə tərk edərək bu ölkədəki 20 illik mövcudluğuna son qoydu. .
Tramp həmçinin Bayden adminsitrasiyasını ABŞ iqtisadiyyatının, sənayesinin inkişafına, yeni iş yerlərinin açılmasına kifayət qədər diqqət ayırmaqda günahlandırıb. Doğurdan da Bayden daxili məsələlərdən daha çox dağıdıcı xarici siyasətlə məşğul idi. Onun administrasiyası dünya səhnəsində özünü sülh tərəfdarı kimi təqdim etsə də, əslində qanlı münaqişələrin, siyasi-iqtisadi böhranların və milyonlarla insanın faciəsinin əsas səbəbkarıdır. Ukraynada baş verənlər, milyonlarla insanın məcburi köçkünə çevrilməsi, mülki əhalinin qətli və iqtisadi dağıntılar Bayden administrasiyasının neqativ siyasətini ortaya qoyur.
Bunların fonunda bir daha aydın olur ki, Bayden administrasiyasının xarici siyasəti ABŞ-ın qlobal imicinə və daxili sabitliyinə ciddi zərbə vurub. Bu yanaşma yalnız digər dövlətlərə deyil, həm də Amerikanın öz maraqlarına ciddi xələl gətirib.
Şahanə Rəhimli,
Musavat.com
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ