İnsanlara hürriyət, millətlərə istiqlal!

Topxana ilə siyasətə gəldilər, Qarabağla meydandan gedirlər...

“Müxalif cameədə olanların 90 faizi siyasətdən gedəcək” iddiasına maraqlı reaksiyalar

“İndiki siyasi qüvvələr Qarabağ dalğasında siyasətə gəliblər”.  Bu barədə REAL Partiyasının təmsilçisi Natiq Cəfərli Bakupost.az-a müsahibəsində deyib. Onun sözlərinə görə, son illər iqtidar düşərgəsində nəsil dəyişimi baş verib, lakin müxalifətdə bu, baş verməyib:

“20-30 il əvvəl Qarabağ dalğasında siyasi səhnəyə gələnlər yenə də siyasətdədir. Artıq Qarabağ məsələsi bitib və ona görə həmin müxalif siyasilər öz vizyonuna korreksiya etməlidirlər. Amma edə bilmirlər. Müxalifət dünyadakı yeni trendləri, yeni ab-havanı tuta bilmir, Azərbaycan iqtidarı bunu daha yaxşı bacarır. Ona görə də müxalif cameədə olanların 90 faizi siyasətdən gedəcək”.

N.Cəfərli əlavə edib ki, Azərbaycanda siyasi partiyalar lider ətrafında formalaşıb. Həmin liderlərin ideoloji kimliyi, məsələlərə baxışı haqqında insanlar məlumatsız olub: “Yeganə ana xətt ondan ibarət olub ki, biz hakimiyyətə qarşıyıq, özümüz hakimiyyətə gəlmək istəyirik. Ancaq sən necə hakimiyyətə qarşısan və hakimiyyətə gələndən sonra nələr dəyişəcək? Bu suallarla bağlı son 30 ildə boşluqlar olub”.

O qeyd edib ki, ölkədə müxalif cameə nəyinsə lehinə yox, kiminsə və nəyinsə əleyhinə formalaşıb: ""Əleyhinə" tipli birliklər və yanaşmalar isə çox vaxt uğursuzluqla nəticələnir".

Siyasətə Şuşadakı Topxana meşəsi ilə gələn artıq bir az da yaşlaşmış siyasi müxalifət Qarabağın azadlığı ilə meydanı tərk etməyə hazırdırmı?

Millət vəkili Fərəc Quliyev 60 illik yubileyini keçirib - Fotolar

Fərəc Quliyev

Ötən əsrin 80-cı illərindən aktiv siyasətlə məşğul olan, AXC İcraiyyə Komitəsinin sədri olmuş Fərəc Quliyev bu sual ətrafında çox vacib məqamlara toxundu: “Təbii ki, dövrün trendini tuta bilməyən müxalifət siyasətdən gedəcək. Çünki ölkə üçün siyasət qurma, modelləşmə dövrün trendinə görə olur, strateji hədəflərə görə qurulur.  Azərbaycanda iki müxalifət formalaşıb. Əsasən siyasətlə məşğul olanlar o dövrün trendinə uyğun olaraq Qarabağ məsələsi ətrafında toparlanmışdılar. Bunlar da sonradan partiyalara çevrilmişdi. Əvvəllər partiyalar yox idi. Qarşılarına bunu məqsəd qoyanlar əlbəttə ki, siyasətdə hədəflərinə çatıblar və getməyi düşünürlər. Özümüz üçün deyə bilərəm ki, biz ideoloji kimliyimizi müəyyənləşdirən, dövrün trendi, gələcəkdəki hədəflərə çatmağı qarşımıza məqsəd qoyan bir təşkilatıq. 1998-ci ildə "Yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və rolu" kitabını yazdım. Bu gün də bizim partiyanın proqramının bazası budur. Bizim ideoloji bazamız bundan ibarətdir. Orada transkontinental “Turan” Avrasiya Bloku müəyyənləşib. Azərbaycanın daxili və xarici siyasəti, bizim baxışlar, bundan sonrakı 50-100 ildə ölkəmizin tutacağı mövqelər, yeni dünya düzəni idarəetməsində yer alma məsələləri qarşımıza məqsəd qoyulub. Yəni bunlar uzunmüddətli hədəflərdir. Biz bunları həyata keçirməkdə maraqlıyıq. Üstəlik, bizim təşkilatda departamentlər institutu yaradılıb. Bu departamentlər Qərbi Azərbaycan, Güney Azərbaycan, Türk dünyası, Dərbənd, Borçalı adlanır. Adlarından göründüyü qədər bizim ayrı-ayrı şəkildə bu məsələlərə münasibətimiz var. Bu məsələlərdə ardıcıl olaraq fəaliyyət göstərmişik. İndi Qərbi Azərbaycan İcması yaranıb. Amma bizim hələ 2002-ci ildən Qərbi Azərbaycan Departamentimiz var. Bu gün Güney Azərbaycanla bağlı artıq dövlət siyasətinə çevrilən bir vəziyyət yaranıb. Bizim hələ sona çatmayan hədəflərimiz var. 1988-ci illərdən sonra siyasətə qatılanlar var idi, amma ondan əvvəl də siyasətə gələnlər var idi. Mən və mənim silahdaşlarım ona qədər siyasətə qatılmışdı. Biz 90-cı illərdə hələ “Qisas” təşkilatı yaratmışdıq. Ondan əvvəl başqa təşkilatlarımız olub. Məqsədimiz Azərbaycanı müstəqilliyə qovuşdurmaq olub. Biz 2002-ci ildə partiyamızı yaradanda proqramımıza Azərbaycan üçün ədalətli status-kvo, Bütöv Azərbaycan yazmışdıq. Bunun üçün partiyamızın proqramı ilə əlaqədar qeydiyyatında belə problemlər yaşadıq. Biz o arada “Təbriz” qəzetini buraxdıq. Bunları deməkdə məqsədimiz odur ki, fəaliyyətimizdə söz olaraq deyil, əməl olaraq özümüzü göstərmişik. Bizim Qarabağ məsələsinə qədər fəaliyyətimiz olub. Yekun olaraq bildirim ki, biz Qarabağ məsələsi ilə bağlı yaranan təşkilat olmadığımız üçün sualınıza cavab verim ki, fəaliyyətimizi davam etdirəcəyik. Biz milli hədəflərimizi fəth etmək üçün bu təşkilat formasını seçmişik. O mənada dövrün trendinə uyğun gəlməyən, yaxud 88-ci illərdən sonra bir lokal məsələ ətrafında meydana gəlib, hədəflərinə çatmış olduğunu  düşünənlər siyasətdən gedəcəklər".

Bakupost.az - Etibar Məmmədov oğluna dəbdəbəli toy edir

Etibar Məmmədov

Qeyd edək ki, 80-cı illərin sonundakı Meydan hərəkatının əsas öncüllərdən biri də AMİP lideri Etibar Məmmədov idi. Bu sualla bağlı onun köməkçisi Əli Orucova müraciət  etdik.  O, “Yeni Müsavat”a bunları dedi: “Ötən əsrin 80-ci illərinin sonlarında Dağlıq Qarabağla başlanan etiraz sonradan daha da genişlənərək Milli Azadlıq Hərəkatına çevrildi. Bu proses özü ilə bərabər yeni siyasi liderlər də gətirdi. Amma həmin liderlər birdən-birə meydana çıxmadılar. Əbülfəz Elçibəy və Etibar Məmmədov kimi hərəkat liderlərinin müstəqillik və azadlıqla bağlı fəaliyyətləri qeyri-leqal da olsa var idi. Xüsusən də Azərbaycan Dövlət Universiteti milli oyanış fəaliyyətində çox fəal idi. Dağlıq Qarabağda Topxana meşəsi ilə bağlı Bakıda doğuran etiraz o vaxtadək gizli fəaliyyət göstərən dərnəklərin və şəxslərin leqal və aktiv fəaliyyətinə fürsət verdi. Hərəkat yeni siyasi liderlərin və siyasi qüvvələrin yetişməsinə və meydana gəlməsinə stimulverici faktor oldu. Hətta hakimiyyət kürsüsünə yüksəlməyə belə nail ola bildilər. O dövrün tələbləri, sosial sifariş müasir dövrümüzlə kəskin şəkildə fərqlənir. Hərəkat çılğın, emosional, radikal siyasi qüvvələrə və liderlərə üstünlük verirdi. Amma indi geniş dünyagörüşlü, təmkinli, savadlı və dövrün nəbzini tuta bilən, demokratik dəyərləri əxz edən siyasi qüvvələr, siyasi liderlərə daha çox tələbat var. Belə liderlərin yetişməsi üçünsə zaman və münbit şərait lazımdır. Azərbaycan siyasətində gənc və perspektivli siyasi liderlər var.

Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır”

Əli Orucov

Lakin onların öz potensiallarını və imkanlarını üzə çıxarmağa, özlərini geniş cəmiyyətə təqdim etməyə meydan verilmir.   Hərəkatdan çıxan siyasi liderlərin bir çoxunun siyasi meydanda qalması hakimiyyətə  sərf edir. Onlardan bəziləri uğursuz liderlər, uğursuz siyasilər olduğundan özləri ilə müqayisə aparmaq, narazı elektoratı onlara nümunə göstərmək priyomlarından  zaman-zaman məharətlə istifadə edir. Təəssüflər olsun ki, qocaman siyasilər gənc siyasətçilər nəslinin yetişməsinə bəzən qısqançlıqla yanaşırlar və inhisarçılığı əldən vermək istəmirlər. Sadaladığımız bu və ya digər amillər yeni trendləri qəbul edən, beynəlxalq aləmə inteqrasiya olunan, ən müasir siyasi biliklərə yiyələnən yeni siyasi liderlərin üzə çıxmasına, yaxud da siyasətə gəlməsinə əngəl törədir. Üzdə olan hərəkatdan gələn siyasi liderlərin siyasi meydandan getməsini də tələb etmək etik sayılmaz. Demokratik seçki və cəmiyyətin tələbi hansı siyasi liderlərin bundan sonra siyasətdə qalıb-qalmamasını müəyyənləşdirə bilər. Qarabağ problemi həll olunub. Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması Ali Baş Komandan İlham Əliyevə imkan verir ki, idarəetmədə, dövlət hakimiyyətinin yenidən inşa edilməsində, siyasi və demokratik təsisatlara yanaşmada qəti addımlar atsın. Hesab edirəm ki, bundan sonra siyasi partiyaların Azərbaycan cəmiyyətində, siyasi həyatında və dövlətin idarəedilməsində yeri və rolu əhəmiyyətli dərəcədə artacaq. Əks təqdirdə, inzibatı və süni vasitələrlə novatorluğa və təşəbbüskarlığa meylli sərbəst və müstəqil qərarlar verməyi bacaran siyasi liderlər və siyasi partiyalar haqqında düşünmək, sadəcə, illüziyadan başqa bir şey olmayacaq”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR