Onlayn ictimai-siyasi qəzet
Həbsdə olan və 40 günə yaxındır aclıq edən Tofiq Yaqublu aclığı dayandırıb.
Musavat.com-un xəbərinə görə, bu barədə onun yaxınları məlumat verib.
Tofiq Yaqublunun qızı atasının aclığı dayandırması ilə bağlı bunları qeyd edib:
“İndicə ölüm ayağında olan atamla görüşdüm. Onu elə vəziyyətdə gördüm ki, qanım dondu. Ona yalvardım ki, aclığı dayandırsın. Çünki bu, tək onun ölümü yox, həm də mənim və körpəmin ölümü demək idi. O, ruhən elə vəziyyətdə idi ki, körpəmin həyatının təhlükə altında olduğunu belə deyə bilmədim. Sadəcə mənə, anama, qardaşıma və doğmalarımıza görə bu aclığı dayandırmasını istədim. O da bununla razılaşdı və aclığı dayandırdı.
Həkim Adil Qeybulla indi Tofiq Yaqublunun yanındadır”.
Qeyd edək ki, bir qrup ziyalı da Tofiq Yaqublu ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 9 il, Elnur Məmmədov 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.
İstintaqın gedişatında Elnur Məmmədov (Vaqifoğlu) təqsirləndirilən şəxs qismində cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ondan istifadə) maddələri ilə ittiham verilib. E.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Tofiq Yaqublu ittihamı qəbul etməyərək aclıq aksiyasına başlamışdı.
İ.Muradov
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ