İnsanlara hürriyət, millətlərə istiqlal!

Titrəquşun köşəsi - Zamin Hacı YAZIR...

Artıq formalaşmış dövlətçilik ənənələrimizdən biri də hər il başlayan kimi kommunal xidmətlərin qiymətində dəyişiklik edilməsidir. Sevindirici haldır ki, Tarif Şurası bu ənənəyə sadiqlik nümayiş etdirdi, 2 yanvarda bəzi şeylərin qiymətini qaldırdı. Çünki ənənə vacibdir. Milli dəyərimizdir. Fikir versəniz, “ənənə” sözünün içərisində “nənə” sözü vardır, bu isə həmin ifadənin qədim türk sözü olduğunun əlaməti və kommunalda qiymət artımının nənə laylası qədər əziz olmasının göstəricisidir.

Hərçənd, məsələnin filoloji tərəfi təkcə “ənənə-nənə” dilemması ilə bitmir. Burada başqa fenomenoloji, struktural, geopolitik, analitik, qnoseoloji və difirambik cəhətlər də vardır. Məsələn, əgər diqqət etdinizsə hökumət qiymətin qalxdığını deyil, müəyyənləşdiyini açıqladı.

Sitat: “Bəzi sahələrdə yeni qiymətlər müəyyən edilmişdir”.

Çox gözəl izahatdır. Həqiqətən, qiymət artımından danışmağın mənası yoxdur, qiymət müəyyənləşibdir.

Biz ilk növbədə gəlin baxaq, görək ana dilimizdə bu “müəyyənləşdirmək” sözü nəyi bildirir. Çünki etiraf etməliyik, biz bəzən dili bilmirik. Misal üçün, elə bu jurnalist araşdırmam zamanı elektron izahlı lüğəti açarkən qarşıma birinci olaraq “titrəquş” sözü çıxdı. Möhtəşəm sözdür. Siz bunun mənasını bilirdinizmi? Şəxsən mən bilmirdim. Sən demə Azərbaycan dilində soyuqdan üşüməyə meylli adama “titrəquş” deyilir. (Bu saat enerji-qaz-istilik tariflərinə görə çoxumuz titrəquş olmuşuq, lakin mövzu bu deyil).

Uzun sözün qısası, izahlı lüğətimizdə “müəyyənləşdirmək” sözü belə açıqlanır: “müəyyən etmək, aydınlaşdırmaq, qəti şəklə salmaq, dəqiqləşdirmək”. Əlavə olaraq sözün işlənməsinə aid, yazıçı Əli Vəliyevdən sitat verilmişdi: “Xoşqədəm çay süzürdü. Mən isə əlavələrin yerini müəyyənləşdirirdim”.

Yəqin Xoşqədəm veriliş aparmaq əvəzinə çay süzməklə məşğul olduğu üçün qiymətlər müəyyən edilibdir – mən belə başa düşdüm. Günah Xoşqədəm xanımdadır.

İkincisi, fikir verin, sözün “aydınlaşdırmaq” mənası vardır! Doğrudan da, bəzi zəhmətkeşlərimizə köhnə qiymətlər aydın deyildi. İndi isə 0,5 qəpik artanda aydın olacaqdır.

Sözgəlişi, bu yarım qəpik artım (deyəsən 1200 kuba qədər qazın hər kubunda idi) çox maraqlıdır. Heç beləsinə rast gəlməmişdik. Adətən 3-5 qəpik artırdı. Yarım qəpik sanki hökumətin xalqa ehtiramını göstərir. Bunu qiymətləndirməliyik. Gedin poçta, minnətdarlıq teleqramı vurun. Ciddi sözümdür.

Üçüncüsü, “müəyyənləşdirmək” sözünün “qəti şəklə salmaq” mənasına nəzər salaq. Həqiqətən, bəzi kommunal xidmətlər qəti şəkildə deyildi sanki. İşığı yandırırsan, elə bil yenə qaranlıq olur. Qazı açırsan, hava gəlir və sairə. Yəqin qəti şəklə salınandan sonra bu kimi problemlər aradan qalxacaqdır. Bunu mən qətiyyətlə yazıram. Qarşıdan konstitusiya ili gəlir. Hələ bizi çoxlu qəti addımlar gözləyir.

Bir detal da xoşuma gəldi: Tarif Şurası kommunal xidmətlərlə eyni zamanda bəzi dərmanların da qiymətini müəyyənləşdirdi. Çünki zəhmətkeşlər yeni qiymətləri görəndə dərmana ehtiyac duyurlar, dərmanın qiyməti qeyri-müəyyən qala bilməzdi.

Allah razı olsun, dualarımız, alqışlarımız Tarif Şurası və hökumət sarıdandır. Belə şeylər dünyada çox az olur. Yeni il girən kimi Avropa Birliyi Bolqarıstan və Rumıniyanı Şengen zonasına daxil etdi, artıq bu iki dövlətin də vətəndaşları bütün Avropada sərbəst dolaşacaq, sərhədi hoppanıb keçəcəkdir. Biz isə karantini uzatdıq. Hökumət bunu həm koronavirus, həm xarici təhlükələrlə izah edir. Həmin məntiqlə Rumıniya və Bolqarıstan savaş içindəki Ukrayna ilə sərhəddədir, onları daha böyük təhlükə gözləyə bilər. Lakin sərhədi açdılar.

İndi biz buna görə təəssüf hissi keçirməliyikmi? Məncə, yox. Hər zərərdə bir xeyir var, guya quru sərhədimiz açılsa haranı görəcəyik? İran və Rusiyanı. Gürcüstan və Ermənistanı. Bunların içində alababatı Gürcüstan qalıbdır. Qalan yerlər cin-şeytan oylağıdır, heç ayağımız dəyməsə yaxşıdır.

Bunu mən müəyyənləşdirici jurnalist olaraq fikirləşmişəm.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR