İnsanlara hürriyət, millətlərə istiqlal!

Tilsim qırılır: sərhədlərin delimitasiyası başlanır - hansı xəritə əsasında?

Artıq aydındır ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmayınca, paralel surətdə sərhədlərin delimitasiyası və demarkasiyası işinə başlanmayınca, nəhayət, Qarabağdan qanunsuz erməni silahlı dəstələri çıxarılmayınca, nəinki sərhəddə, ümumən bölgədə daimi sabitlik olmayacaq. Altını da ən çox Ermənistan çəkəcək.

Əfsus ki, bu istiqamətlərdə real addımlar atmaq əvəzinə, rəsmi İrəvanın davam edən çoxbaşlı və təhlükəli oyunları, həm Qərbə, həm də Rusiyaya reverans edib hansısa birtərəfli dividentlər qazanmaq cəhdləri durumu daha da qəlizləşdirməkdə və partlayış həddinə çatdırmaqdadır.

Amma maraqlıdır ki, həftəsonu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan azərbaycanlı həmkarı Şahin Mustafayevə ölkələr arasında sərhədlərin delimitasiyası məsələləri üzrə komissiyaların iclasını keçirməyi təklif edib. Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Baş nazirin müavininin mətbuat xidmətindən verilən məlumata görə, məqsəd sərhədlərdə gərginliyə səbəb olan problemli məsələləri müzakirə etməkdir.

Xatırladaq ki, ötən il yaradılmış delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının Ermənistana aid heyətinə Mher Qriqoryan rəhbərlik edir. Mustafayevlə ilk görüş 24 may 2022-ci ildə, ikinci görüş 30 avqust 2022-ci ildə Moskvada baş tutub.

Yəni az qala bir ildir ki, ortaq komissiya toplanmır. Təbii ki, Ermənistanın destruktiv mövqeyi ucbatından.

Belə çıxır, tilsim qırılmaq üzrədir. Elə isə ciddi irəliləyiş gözləniləndirmi? Heç olmasa, sərhədlərin konkret hansı xəritələr əsasında dəqiqləşəcəyi məsələsində tərəflər arasında razılıq əldə olunması mümkünmü? Bu məsələdə Rusiya və Qərbin yanaşması, kömək etmək imkanı və istəyi nə dərəcədədir? Rəsmi Bakının Mqer Qriqoryanın təklifinə reaksiyası nə olacaq?

Deputat Azər Badamov danışıqlar nəticə verməsə, güc yolunun qaçılmaz olacağına əmindir: “Azərbaycanla Ermənistan sərhədində sabitliyin yaranması üçün sərhədlərin delimitasiyası və demarkasiyası aparılmalı, sərhəd xətti rəsmi şəkildə təsdiqlənməli, Qarabağdakı erməni hərbi birləşmələri çıxarılmalı və beynəlxalq normalara uyğun sülh müqaviləsi imzalanmalıdır. İndiki mərhələdə ilk növbədə sərhədlərin delimitasiyası və Qarabağdakı erməni hərbiçilərin çıxması məsələləri öz  həllini tapmalıdır. Çünki Nikol Paşinyan da Qarabağın Azərbaycanın suverən ərazisi olduğunu dəfələrlə bəyan edib. Burada bir sual yaranır:  Ermənistan hərbiçilərinin Azərbaycan ərazisində nə işi var?

Azər Badamov: Ərdoğan və İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində  TDT daha da inkişaf edəcək

Azər Badamov: “Məsələ danışıqlar yolu ilə həll olunmazsa, güc tətbiqi qaçılmaz olacaq”

Müharibənin başa çatdığı 2,5 ildə müxtəlif platformalarda aparılan danışıqlarda müəyyən məsələlərdə razılaşmalar əldə olunub. Ermənistan isə mütəmadi şəkildə təxribatlara əl atır və sülh imzalanma prosesinə mane olmağa çalışır. Amma beynəlxalq təsirlər artanda Ermənistan yenidən masaya qayıdır və yenə də növbəti məsələlərin razılaşmasına hə deyir. İndi də ABŞ-da XİN başçılarının görüşü gözlənilir. Bu görüşə gedəndə ABŞ rəsmiləri tərəfindən Ermənistandan bu keçən müddətdə hansı məsələlərdə irəliləyişin əldə olunduğu soruşulacaq. Ona görə də Paşinyanın müavini  Mger Qriqoryanın baş nazirin müavini Şahin Mustafayevə sərhədlərin  delimitasiyası ilə bağlı  məsələni müzakirə etməyi təklif etdiyini hesab edirəm. Sərhədlərin delimitasiyası aparılacaq xəritələr ilk növbədə  Azərbaycana məqbul olmalıdır. Çünki hətta Ermənistanın özü Azərbaycanın tarixi torpaqları üzərində yaradılıb. Ona görə də müzakirəyə təqdim olunacaq xəritələrdə Azərbaycanın suverenliyi mütləq şəkildə əks olunmalıdır. Əlbəttə ki, sülhün alternativi yoxdur. Ona görə də Azərbaycan sülh danışıqları ilə bağlı bütün görüşlərə açıqdır. Azərbaycan həm öz hərbi gücünü daha da artırır, həm də danışıqlara üstünlük verir. Amma məsələ danışıqlar yolu ilə həll olunmazsa, güc yolu qaçılmaz olacaq".

Bu adamı hansı əsaslarla ciddiyə almalıyam? - Elçin Mirzəbəyli yazır

Elçin Mirzəbəyli: “Hər şey ”lənətlənmiş dairə" üzrə davam etdirilir"

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli konkret nəticənin əldə olunmaması üçün Ermənistanın hər zaman müxtəlif bəhanələr etdiyini bildirdi. Onun sözlərinə görə, prinsip etibarı ilə Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının keçirilməsi mümkündür: “Rusiya baş nazirinin müavini Aleksey Overçukun Şahin Mustafayev və Mger Qriqoryanla davamlı ünsiyyətdə olduğu barədə son açıqlamaları belə düşünməyə əsas verir ki, tərəflər arasında birbaşa, yaxud Rusiya üzərindən dialoq pəncərəsi açıqdır. Amma Ermənistanın baş nazirinin, eləcə də bu ölkənin Təhlükəsizlik Şurasının katibinin son 1 ay ərzində səsləndirdiyi fikirlər onu düşünməyə əsas verir ki, İrəvan konkret nəticəyə varılmaması üçün hər dəfə yeni bir bəhanə tapmağa meyllidir. Ermənistan 44 günlük müharibədən sonra davamlı olaraq eyni taktika ilə hərəkət edir. Təzyiqləri azaltmaq üçün öncə razılaşmaya meylli olduğunu nümayiş etdirməyə çalışır, konkret məqam gələndə isə yeni bəhanələrlə prosesin qırılmasına çalışır. Və sonra hər şey "lənətlənmiş dairə" üzrə davam etdirilir. Məsələn, Ermənistan rəsmilərinin son açıqlamalarında delimitasiya prosesinin 1975-ci ildə hazırlanmış xəritələr üzrə aparılmasının vacibliyi vurğulanıb. Ermənistan rəsmilərinin haqqında söz açdığı xəritələr 1970-1973-cü illərdə SSRİ Nazirlər Soveti yanında Geodeziya və Xəritəçəkmə Baş İdarəsi tərəfindən hazırlanıb. 1975-ci il isə həmin xəritələrin SSRİ Müdafiə Nazirliyinin topoqrafik xəritələrin hazırlanması üzrə ixtisaslaşan 6-cı mətbəəsində çap olunduğu tarixdir. Bununla yanaşı, bəlli olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni konstitusiyası qəbul olunub. Yeni konstitusiyanın qəbulundan sonra isə SSRİ Nazirlər Soveti yanında Geodeziya və Xəritəçəkmə Baş İdarəsi tərəfindən yeni xəritələr hazırlanıb. SSRİ süquta uğrayanda qüvvədə olan konstitusiya 1975-ci ildə qəbul edilən sənəd olub və təbii ki, müttəfiq respublikalar da SSRİ-dən məhz 1977-ci ildə qəbul edilmiş son konstitusiyaya uyğun olaraq hazırlanmış xəritələrdəki inzibati sərhədləri çərçivəsində ayrılıblar. Eyni zamanda 1991-ci ildə imzalanan Almaatı bəyannaməsində, müstəqilliklərini əldə etmiş keçmiş SSRİ respublikaları da, sadə hüquqi məntiqlə, məhz bu xəritələrə uyğun olaraq, bir-birilərinin suverenliklərini və ərazi bütövlüklərini tanıyıblar. Xatırladım ki, SSRİ dövründə müttəfiq respublikalar arasında sərhədlər olmayıb, sadəcə, hazırda Azərbaycanın rayonları arasındaki inzibati ərazi bölgüsü kimi bir bölgü olub və buna sərhəd demək absurddur. Sovet dövründə planlı iqtisadiyyat və kollektiv təsərrüfat mövcud idi. Bəzən bir respublikadakı kollektiv təsərrüfata aid olan subyektlər, məsələn, fermalar, yaxud otlaq sahələri digər respublikanın ərazisinə uzanırdı. Bu baxımdan, delimitasiya prosesi təkcə hansısa mücərrəd xəritələrə görə deyil, tarixi və mövcud reallıqlara, həmçinin 44 günlük müharibənin doğurduğu nəticələrə uyğun bir şəkildə aparılmalıdır. Bu prosesin qısa bir zaman ərzində başa çatacağını gözləmək də sadəlövhlük olardı. Nəzərinizə çatdırım ki, Ermənistanın Gürcüstanla sərhədi rəsmi Tiflisə görə 224 kilometr, İrəvana görə isə 196 kilometrdir. Təxminən 30 ilə yaxındır aparılan müzakirələrə baxmayaraq, Ermənistan-Gürcüstan sərhədinin 110 km hissəsi delimitasiya və demarkasiya olunub..."

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR