Onlayn ictimai-siyasi qəzet
Niyə ətrafımızdakı hadisələr ciddi risklər vəd edir?
Qarşıdakı iki həftədə Azərbaycan üçün də mühüm əhəmiyyəti olacaq iki seçki var. Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri, noyabrın 4-də ABŞ-da yeni prezidentin adı müəyyənləşməlidir.
Ümumiyyətlə, şəxsi qənaətimə görə, yaxın illərdə Azərbaycan daxilindəki deyil, ətrafındakı hadisələrə hazır olmalıdır.
Niyə ətrafımızdakı hadisələr ciddi risklər vəd edir? Qardaş Türkiyədən başlayaq.
Vaxtilə bu ölkədə parlament iqtidarları bir-birlərinə əvəz edirdi, bu dəyişikliklərin isə Azərbaycanın daxili və xarici siyasətinə minimal təsirləri vardı. 44 günlük Vətən müharibəsindən sonra isə iki qardaş ölkə arasında mənəvi bağlar daha da möhkəmləndi, “Şuşa Bəyannaməsi” bu qardaşlığa hərbi-siyasi möhür vurdu. Zənimcə, Ərdoğan iqtidarı bütün əlamətləri ilə “yolüstədir”, son bələdiyyə seçkilərində AKP-nin məğlubiyyəti, ölkənin uzun müddətdir girdiyi iqtisadi sıxıntılardan qurtula bilməməsi, Yaxın Şərqdəki böhranın bu ölkəyə də təsirləri bəzi həlli çətin problemləri də özü ilə gətirib. Ərdoğan Türkiyəni gücləndirdi, dünyada nüfuzunu qaldırdı, müdafiə sənayesində inqilabi sıçrayışlar etdi, 3+3 formatının, Türk Dövlətlər Təşkilatının, yaradılmasında və türk dünyası ilə əlaqələrin inkişafında da xidmətləri danılmazdır. Siyasi varislik Türkiyədə çətin qəbul edilən sistemdir, Ərdoğanın isə hakimiyyətdə hələ ki, parlaq varisi görünmür. Yəni ondan sonrakı iqtidarla xarici təsirlər səbəbindən işləmək indiki kimi hamar olmaya da bilər. Türkiyənin qardaş ölkəsindən üz döndərməsi əlbəttə ki, mümkün deyil, Qafqazın açar dövləti Azərbaycandır, Zəngəzur dəhlizinin açılması Türkiyə daxil regiona yeni iqtisadi faydalar vəd edir. Amma unutmayaq ki, Azərbaycan-Türkiyə birliyi Qərbdə həm də qısqanclıqla qarşılanır. Son illər hakimiyyətdə olan heç bir siyasi lider Ərdoğan kimi müstəqil mövqeyində israrçı olmayıb, yəqin ki, olmayacaq da. O səbəbdən bizim post-AKP dövrünə də hazırlıqlarımız olmalıdır. CHP-nin iqtidarı haqda danışmaq hələ çox tezdir, yeni parlament və prezident seçkilərinə zaman var, amma biz onları indidən inandırmalıyıq ki, Ərdoğanın Azərbaycan və türk dünyasına açdığı cığırla davam etmək Türkiyəyə daha faydalı və məntiqlidir.
Bizim üçün ətrafımızdakı əsas təhlükə əlbəttə ki, Ermənistandır. Paşinyan erməni cəmiyyətinin sayğı göstərdiyi, avtoritet saydığı tip deyil, 2018-ci ildə müəyyən daxili gərginliklər və Sərkisyan-Köçəryan hakimiyyəti illərində klançılıqdan bezənlər sorosçulara dəstək verdi. O da sirr deyil ki, gah Qərbə, gah Rusiyaya meylli olan zehniyyətdən əziyyət də çəkirlər. Erməni cəmiyyəti indi Azərbaycana münasibətdə 5 il əvvəlki kimi birrəngli düşmənçilik havasında deyil, xüsusilə gənc nəsil bu müharibənin, özgə torpaqların işğalına münasibəti dəyişib. Fəqət Ermənistanda revanşist qüvvələr qalmaqdadır, Paşinyan iqtidarının konstitusiyada “düşmən bəndlərini” dəyişməyə risk etməməsi də həm də bu qüvvələrdən çəkinməsi ilə bağlıdır. Ermənistanı torpaqlarımızdan silah gücünə çıxmağa məcbur etdik, sülhə məcbur etmək üçün isə indi silah işlətmək mümkün deyil, çünki bizim Ermənistan torpaqlarında gözümüz yoxdur. (O ayrı məsələdir ki, qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdır). Qərbin bəzi dairələri isə Ermənistanı sülhə deyil, əksinə, müharibəyə hazırladıqları göz önündədir. O səbəbdən biz Paşinyan, onun konstitusiya dəyişikliyi vədlərinə çox da bənd olmamamalıyıq. Onun hakimiyyətdə getməsi indilikdə bizə sərfəli deyil, amma növbəti seçkilərdə revanşistlərin hakimiyyətə qayıtmayacağını da birmənalı demək çətindir. Ermənistanda revanşistlərin hakimiyyətə qayıtması Azərbaycana təhlükələr vəd edə bilər, xüsusilə Qarabağdan getmiş ermənilərin qayıtması ətrafında manipulyasiyalar, Bakıya təzyiqlər hələ olacaq. Biz xalq olaraq Ermənistanda iqtidarda kim oturur-otursun Azərbaycanı bir daha əzə bilməyəcəyinə əminik, ordumuza, Ali Baş Komandana güvənirik. O səbəbdən siyasətimizi regionda yeni çaxnaşmalar yaratmaq istəyənə rəğmən etibarlı qurmalıyıq. Qafqazı Yaxın Şərq etmək, münaqişləri alovlandırmaq cəhdləri hələ də qalır.
Yaxın Şərq münaqişəsi kontekstində qonşu İran bizə təhlükədir. İranın Vətən müharibəsindən sonra Azərbaycanı “dişlərinə vurmaq” cəhdləri uğursuz oldu. Yaxın Şərqdəki gərginlik indi heç vaxt olmayacaq qədər İrana sıçraması mümkündür. İranın yeni iqtidarına ümidlər var, Pezişkianın Azərbaycanla siyasətdə yanlışlar olduğunu deməsi ümid verir ki, Tehran Bakı ilə münasibətlərini normallaşdırmaq istəyir. Biz bu ölkəyə münasibətdə gərginlikdə maraqlı deyilik, Azərbaycan bu mürəkkəb regionda balanslı siyasəti əlbəttə ki, davam etdirəcək. Amma biz bu ölkəni heç vaxt zəifə almamalıyıq, ehtiyatımızı əldən verməməliyik.
Gürcüstandakı 26 oktyabr seçkiləri isə Qafqazın yaxın illərdə konfiqurasiyasını müəyyən edə bilər. Qərb Gürcüstanda hakimiyyət dəyişikliyi istədiyini heç vaxt indiki qədər açıq dilə gətirməyib. “Gürcü Arzusu” nə qədər ki, Qərbə meyllənmişdi, onların dedikləri siyasi yolla(hansı ki, Ukraynanı o yol bədbəxt etdi) gedirdilər, maddi və siyasi dəstək vardı. Elə ki, bu iqtidar “gözüçıxmış qardaşlarından” dərs alıb, müstəqil siyasət yürütməyə başladı, Qərbin üzü döndü. Gürcüstanda baş verənlər Qərbin ikiüzlü siyasətini bütün çılpaqlığı ilə ifşa etdi. Həm də bu siyasəti gizlətmədilir, açıq etiraf etdilər ki, “bizimlə deyilsizsə, demək bizdən deyilsiz”. Əsl bolşevik yanaşması. Gürcüstanda seçki hələ olmayıb, Qərb dairələri isə deyirlər ki, seçki saxtalaşdırılacaq. Bu o deməkdir ki, ABŞ və onun Avropadakı satelletləri seçkinin nəticələrini tanımayacaqlar, iqtidarı isə zorla dəyişməyə hazırlıqlar görürlər. Bu seçkilər partiyanın lideri İvanişvilinin ən ciddi sınağıdır. Ölkənin maraqlarını qoruya biləcəklərsə, bu Qərbə ümumiyyətlə, bu regionda verilmiş dərs olacaq. Liberal Qərb sürətlə bütün dünyada, xüsusilə də Avropada(son bir neçə seçkilərdə sağların və mərkəzçilərin qələbəsini yada salmaq kifayətdir) nüfuzunu itirir. Ukrayna müharibəsi onların ssenarisi ilə yekunlaşmazsa, bu proses daha da sürətlənəcək.
Hələ prezidentliyə namizəd olanda Bayden ABŞ-dakı seçkilərin dünya üçün çox mühüm olduğunu, Amerikanın dünyaya lider seçəcəyini demişdi. Trampın bunun əksinə düşündüyünü demişdi. Bu, təkcə Baydenin mövqeyi deyil, Amerika isteblişmenti özünü aynada həmişə hamıdan böyük görmək kimi mərəzi var. Tramp(trampizm) ABŞ-ın dünyada kapital hökmranlığına qarşı deyil, amma “Amerika hamıya hökmran olmalıdır” havasının bu ölkə üçün riskli olduğunun fərqindədir. Hər iki namizəd (Tramp və Harris) seçki kollegiyasının səslərini qazanmaq üçün mübarizə aparacaq. Hər bir ştatda əhalinin sayına görə müəyyən miqdarda kollegiya üzvləri var, yekun qərarı da onlar verir. Namizədlər seçkidə qələbə qazanmaq üçün 538 kollegiya üzvünün an azı 270-nin səsini toplamalıdır. Demək, bu daha çox Amerikanın özünü maraqlandıran seçki olmalıdır. Bəli, Amerikanın gücünü heç kim inkar edə bilməz, amma bu ölkə də özünə yığışmalıdır. Əgər hansısa qərarlar verilərsə, onlar ədalətli olmalıdır. Yaxın Şərqdə 12 aydır tökülən günahsız qanlara etinasız münasibəti Amerikanın əslində dünyada baş verən ədalətsizliyə şərikliyidir. Eləcə də bu dövlətin ermənipərəst konqresmenlərinin Azərbaycana qarşı sanksiya çağırışları, Ağ Evin bu ədalətsiz çağırışlara dəstəyi hər şeyi deyir.
Rusiya ilə münasibətlərimiz haqda daha geniş yazmağa zamanımız olacaq...
Nazim SABİROĞLU,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ