İnsanlara hürriyət, millətlərə istiqlal!

Tibbi sığorta ilə orqan transplantasiyası - əsas problem...

Ölkədə donorluqla bağlı əsas çətinliklərdən biri meyitdən orqan götürülməsinə ailələrin razılıq verməməsidir

Ötən ilin 11 ayı ərzində icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində 151 orqan transplantasiyası əməliyyatı icra olunub. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, bunlardan 50%-ni böyrək, 46%-ni qaraciyər, 4%-ni isə sümük iliyi transplantasiyası əhatə edir.

Əlbəttə ki, orqan transplantasiyası çox bahalı tibbi prosedurlardan biridir. Tibbi sığorta bu əməliyyatların maliyyə yükünü qarşılayaraq, xəstələrin və ailələrin maddi çətinliklərini azaldır. Bu, xüsusilə sosial-iqtisadi vəziyyəti zəif olan ailələr üçün həyati önəm daşıyır. İcbari tibbi sığorta çərçivəsində transplantasiya əməliyyatlarının dövlət tərəfindən təmin olunması, əhalinin geniş təbəqələri üçün tibbi xidmətlərin əlçatanlığını artırır.

Bəs bu göstəricilər digər ölkələrlə müqayisədə yetərlidirmi? Azərbaycanda bu sahədə hansı çətinliklər yaşanır?

Azərbaycanda orqan transplantasiyasının tarixi xüsusi diqqətə layiqdir. Bu sahədə ilk uğur akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə 1971-ci ildə əldə olunub. Cənubi Qafqaz və Yaxın Şərqdə ilk dəfə olaraq Azərbaycanda həyata keçirilən böyrək transplantasiyası əməliyyatı tibbin tarixinə qızıl hərflərlə yazılıb. Lakin sonradan müəyyən səbəblərə görə bu əməliyyatlar dayandırılmışdı. Azərbaycanın müstəqillik əldə etməsindən sonra bu sahə yenidən inkişaf etməyə başlayıb. Müstəqil dövlətin hüquqi bazasının formalaşdırılması, xüsusən də 1999-cu ildə qəbul edilən “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Qanun bu sahənin inkişafı üçün zəmin yaradıb. Nəticədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi yaradılıb.

Nazirlər Kabinetinin 2022-ci il 20 avqust tarixli qərarına əsasən, yaradılan bu mərkəz ölkədə transplantasiya əməliyyatlarının koordinasiya edilməsi, orqan donorluğu sahəsində hüquqi və etik qaydaların tətbiqi və maarifləndirmə tədbirlərinin təşkili ilə məşğuldur. Lakin bu sahədə görülən işlərə baxmayaraq, cəmiyyətin orqan donorluğuna münasibəti, xüsusən də meyitdən donor orqan götürülməsi ilə bağlı mövcud stereotiplər, bu prosesin daha geniş miqyasda tətbiq edilməsini çətinləşdirir.

Məlumat üçün bildirək ki, orqanlarını bağışlamaq istəyən şəxslər şəxsiyyətlərini təsdiq edən sənədlə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət etməli və müvafiq ərizəni doldurmalıdırlar. Bu proses tamamilə könüllülük prinsipi əsasında həyata keçirilir və şəxsin ailəsinə məlumat verilib-verilməməsi bağışlayanın öz qərarından asılıdır. Yəni ailəyə məlumatın çatdırılması mərkəzin deyil, donorun şəxsi səlahiyyətindədir. Bu yanaşma insan hüquqlarına və şəxsi azadlığa hörmətin təzahürüdür.

Bununla belə, ölkədə donorluq mədəniyyətinin inkişafına mane olan əsas çətinliklərdən biri meyitdən orqan götürülməsi ilə bağlı ailələrin razılıq verməməsidir. Beyin ölümü keçirən şəxslərin orqanlarının transplantasiyası üçün ailə üzvlərinin icazəsi tələb olunur, lakin mövcud ictimai-sosial münasibətlər bu icazənin alınmasını çox vaxt çətinləşdirir.

Mütəxəssislər bildirir ki, ölkəmizdə orqan donorluğu ilə bağlı stereotiplərin aradan qaldırılması üçün cəmiyyətdə geniş maarifləndirmə işlərinin aparılması zəruridir. İnsanlara bu addımın həyat qurtarmaq üçün əhəmiyyəti izah edilməli, bu sahədəki dini, etik və sosial məsələlərlə bağlı doğru məlumatlar çatdırılmalıdır.

Bu istiqamətdə qardaş Türkiyənin təcrübəsi örnək olaraq götürülür. Türkiyədə orqan donorluğu ilə bağlı maarifləndirmə kampaniyaları və qanunvericilikdə edilmiş dəyişikliklər nəticəsində meyitdən orqan götürülməsi sahəsində ciddi irəliləyiş əldə olunub. Xüsusilə ailələrin donorluq qərarlarına daha müsbət yanaşması üçün həyata keçirilən tədbirlər diqqətəlayiqdir.

Adil Qeybulla istefa verdi Pravda.az

 Adil Qeybulla 

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb: “Əslində orqan nəqli əməliyyatlarının Azərbaycanda aparılması böyük irəliləyiş hesab olunmalıdır. Düşünürəm ki, əməliyyatların sayı kifayət qədər yüksək olmasa da, bu, yenə də yaxşı göstəricidir. Çünki orqan nəqli dünyanın əksər ölkələrində insanların həyatını xilas edən mühüm tibbi xidmət növüdür. Lakin ölkəmizdə orqan bankının yaradılması ilə bağlı məsələlər hələ də öz həllini tapmayıb. Səhiyyə strukturları arasında koordinasiyanın qurulması, infrastrukturun formalaşdırılması, şəbəkələşmə və donor bankının yaradılması istiqamətində ciddi problemlər mövcuddur.

Azərbaycanda əsasən qohumlar donor olur, yəni qohumlar başqasının həyatını xilas etmək üçün riskə gedirlər. Dünyanın əksər ölkələrində bu yanaşma geniş yayılmayıb. Orqan mənbəyi əsasən beyin ölümü keçirmiş, sağlam şəxslərdir. Adətən avtomobil qəzaları, travmalar və ya təbii fəlakətlər nəticəsində həyatını itirən şəxslərdən orqanlar götürülür və növbədə olan insanlara nəql edilir. Biz də bu sistemə keçməliyik. Bunun üçün beyin ölümü keçirmiş şəxslərin yaxınlarının razılığını almaq vacibdir.

Lakin burada ən ciddi psixoloji məsələ ondan ibarətdir ki, ölkəmizdə heç kim bu cür hallara hazır deyil. Yaxınını itirmiş insanlar beyin ölümü keçirmiş şəxsin orqanlarının götürülməsinə razı olmurlar. Problem də məhz bu mental baryerdən qaynaqlanır. Hesab edirəm ki, bu məsələ ilə bağlı maarifləndirmə işləri aparılmalı və cəmiyyət bu mövzuya daha açıq yanaşmağa təşviq edilməlidir. Ölkəmizdə psixoloji hazırlaşma müddəti çətin keçsə də, gec-tez bu sistemin tətbiqi qaçılmaz olacaq".

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov 

Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov isə açıqlamasında bildirib ki, orqan transplantasiyası əslində ölkəmizdə yeni inkişaf edən bir sahədir, lakin uğurla davam etməkdədir: “Doğrudur, qeyd olunan rəqəmlər kiçik göstəricilərdir, amma təbii ki, zamanla bu sahədəki işlər daha da dərinləşəcək və inkişaf edəcək. Əhali arasında bu məsələ ilə bağlı həm maarifləndirmə işləri aparılır, həm də tibbi təlimatlar mövcuddur. Uyğunlaşdırılmış şəraitdə mövcud donorlarla işlərin adekvat həyata keçirilməsi təmin edilir. Transplantasiyada həm alıcı, yəni rezident xəstə tərəfindən, həm də donor tərəfindən prosesə razılıq verilməsi olduqca vacibdir. Eyni zamanda dünyasını dəyişmiş şəxslərdən orqan götürülməsi üçün vaxtında razılıq alınması və insanların yaşadıqları dövrdə bu razılığı əvvəlcədən vermələri donor təminatını təmin edən əsas məsələlərdən biridir. Bu, transplantasiya üçün lazım olan orqanların vaxtında əldə edilməsinə imkan yaradır və olduqca vacibdir.

Digər tərəfdən, bu sahədə çalışan kadrların çoxalması da böyük əhəmiyyət kəsb edir. Hazırda ölkəmizdə transplantasiya sahəsində çalışan mütəxəssislər barmaqla sayılacaq qədər azdır, lakin onlar bəlli klinikalarda olduqca uğurla fəaliyyət göstərirlər. Bununla belə, qeyd etdiyim kimi, bu sahədə mütəxəssislərin sayının artması və komandanın genişlənməsi çox vacibdir. Çünki orqan transplantasiyası kifayət qədər ciddi, böyük əmək, zaman və yaxşı infrastruktur tələb edən tibbi xidmətdir. Bu baxımdan, mövcud kadrların daha da təkmilləşməsi və yeni mütəxəssislərin yetişdirilməsi olduqca önəmlidir. Bundan əlavə, orqan transplantasiyası xidmətini həyata keçirən klinikaların sayının artırılması da vacibdir.

Şübhəsiz ki, Şərq aləmində, xüsusən də müsəlman dünyasında orqan bağışlama mövzusuna könüllü yanaşma ilə bağlı müəyyən təsirlər mövcuddur. Bu istiqamətdə ara-sıra maarifləndirici işlər aparılır, qanunverici baza hazırlanır və təkmilləşdirilir. Bu tədbirlər donorluğun genişlənməsi və transplantasiya sahəsində irəliləyişlərin əldə edilməsi üçün əhəmiyyətli addımlardır".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR