İnsanlara hürriyət, millətlərə istiqlal!

Tibbi ixtisaslara qoyulan məhdudiyyət - agentliyin açıqlamasının üzə çıxardığı acı reallıq

Kamran Əsədov: “Böyük xəstəxanalar olan bölgələrdə universitetlərdə tibb üzrə ixtisaslar açılmalı, kadr hazırlığı həyata keçirilməlidir”

“ADTU-nun diplomu praktiki olaraq Türkiyədən və bir-iki MDB ölkəsindən başqa heç yerdə tanınmır, ona görə də...”

Təhsildə Keyfiyyət Təminatı Agentliyi iyul ayı üçün diplom tanınma üzrə müraciətlərin statistikasını bəyan edib. 

İyul ayı üzrə müraciət edən 937 nəfərin 754-ü barəsində müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim olunub, 183 şəxsin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 346, Rusiyadan 308, Ukraynadan 114, Gürcüstandan 59, Birləşmiş Krallıqdan 16, İtaliyadan 11, Macarıstandan 9, Amerika Birləşmiş Ştatlarından 7, Qazaxıstandan 7, Polşadan 6, Almaniyadan 5, Belarus Respublikasından 5, Çex Respublikasından 4, Çin Xalq Respublikasından 4, Litvadan 4, Niderland Krallığından 4, Pakistandan 4, Belçika Krallığından 3, Estoniyadan 3, Latviyadan 3, Fransadan 2, Koreyadan 2, Avstriyadan 1, Bolqarıstandan 1, Əfqanıstandan 1, İspaniya Krallığından 1, İsveç Krallığından 1, Kanadadan 1, Norveç Krallığından 1, Özbəkistandan 1, Qambiyadan 1, Səudiyyə Ərəbistanı Krallığından 1, Sinqapurdan 1 müraciətin olduğu müşahidə edilir.

Açıqlamanın xüsusi diqqət çəkən məqamı isə tibbi ixtisaslarla bağlıdır. 

“Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 153, biznesin idarə edilməsi üzrə 71, iqtisadiyyat üzrə 64, maliyyə üzrə 54, stomatologiya üzrə 37 müraciət qeydə alınıb” - deyə agentlik bildirib...

Azərbaycanda zatən həkim çatışmazlığı var. Olmazmı Azərbaycanda tibb və stomatologiya ixtisasları üzrə təhsildə plan yerləri artırılsın, nüfuzlu və bazası olan universitetlərə bu ixtisasları açmaq qadağası götürülsün və 500-550 bal toplayan abituriyentlər xaricə üz tutmağa məcbur qalmasın?! Zatən 520 bal yığanla 580 bal yığan arasında bilik, savad göstəricisinə görə heç bir ciddi fərq yoxdur, test həm də şans oyunu olduğu üçün hətta ola bilir ki, bəzi 500-550 arası bal yığanlar, məsələn, bəzi 580-630 arası yığanlardan üstün bilik və bacarığa sahib gənclərdir. Ancaq onlar xaricə üz tutmağa məcbur qalır. 

Bizdə tibb və stomatologiya ixtisasları yalnız ATU-da və Naxçıvan Dövlət Universitetində mövcuddur, orada da yerlər məhduddur deyə hər il onlarla yüksək - 500-dən çox bal toplamış, savadlı, bilikli, potensiallı abituriyent bu ixtisaslara qəbul ola bilmir, üz tuturlar xaricə. Hansı ki, onlar öz ölkəsində ən azı ödənişli şəkildə tibb təhsili ala bilər.

Məsələn, bizdə Sumqayıt Dövlət Universitetində, Gəncə Dövlət Universitetində, Xəzər Universitetində, Qarabağ Universitetində, Türkiyə-Azərbaycan Universitetində elə bu ildən niyə tibb və stomatologiya ixtisasları olmamalıdır?! Axı onların kifayət qədər potensialı var.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb: “İlk növbədə qeyd edim ki, Azərbaycanda ali təhsilli insanların sayı bir o qədər də çox deyil. 2022-ci əvvəlinə olan rəsmi rəqəmlərə görə, ölkədə 15 yaşdan yuxarı əhalinin hər 1000 nəfərindən cəmi 140 nəfər ali təhsillidir. 10 il öncə bu göstərici 125 nəfərə bərabər idi. Yəni son 10 ildə 15 yaşdan yuxarı əhali arasında ali təhsillilərin sayı 12% artıb.

Rəsmi rəqəmlərə görə Azərbaycan MDB ölkələri arasında əhalinin hər 10 min nəfərinə düşən tələbə sayına görə sonuncudur. 2022-ci ilin əvvəlinə olan göstəriciyə görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 300 min nəfərə bərabərdir. Ölkədə ali təhsilli şəxslər iqtisadi fəal əhalinin cəmi 16.6%-ni təşkil edir.

Ali təhsil göstəriciləri ilə bağlı fərqlər cinslər üzrə də müşahidə edilir. Əgər iqtisadi fəal qadınların cəmi 14%-i ali təhsillidirsə, kişilər üçün bu göstərici 19%-ə bərabərdir.

Təhsil hər bir millətin parlaq gələcəyi üçün ən vacib amildir. Təhsil sistemi mükəmməl olan dövlət hər zaman ön cərgələrdə dayanır. Təhsilin bütün sahələrinə diqqət və qayğı ən başlıca prinsiplərindən biri olmalıdır. Azərbaycan reallığında təhsilimizin bəlkə də ən çox büdrəyən və sanki yarımçıq olan sahəsi tibb təhsilidir desək, yəqin ki, yanılmarıq. Bu gün bizim vətəndaşlarımız ən adi bir sağlamlıq probleminin həlli üçün xaricə qaçmalı olur. Bunun fonunda isə təbii ki, obyektiv səbəblər dayanır.

Etiraf etməliyik ki, demək olar bir çoxlarımız yerli həkimlərimizə bəzən haqlı, bəzən isə haqsız yerə etimadımızı itirmişik. Sağlamlığında problemi olan azərbaycanlılar ya Azərbaycanı tərk edib ölkə xaricindəki həkimlərin qəbuluna getmək üçün xərc tökür, ya da Azərbaycana gəlmiş əcnəbi həkimlərin qəbuluna girmək üçün növbələrdə gözləməli olur.

 Bütün bunların dərinliklərinə gedərkən bəlli olur ki, Azərbaycanda tibb sahəsində keyfiyyətli təhsil olmadığı üçün gənclərimiz xaricdə təhsil almağa üstünlük verirlər".

Ekspert qeyd edib ki, vətəndaşlarımızın xarici həkimlərə üstünlük verməsi və xaricdə müalicəyə meyl etməsi bir qədər neqativ haldır: “Çünki bizim milli səhiyyə sisteminə güvən lazımdır. Çünki nə qədər Azərbaycan vətəndaşları Azərbaycan səhiyyəsinə inam göstərməsələr, istənilən bir xəstəliyin müalicəsi üçün xaricə getsələr, o qədər də bizim səhiyyəmiz geri gedəcək. Ona görə də düşünürəm ki, bu məsələdə vətəndaşlarımız həssas olmalı və Azərbaycan səhiyyəsinin dünyaya inteqrasiya etməsi üçün öz səhiyyəmizə etimad göstərməlidirlər”.

Kamran Əsədov Bakını tərk etdi - O, İstanbuldan iş təklifləri alıb

Kamran Əsədov

Kamran Əsədovun fikrincə, çıxış yollarından biri Tibb Universitetinin idarəçiliyini azı 10 il müddətinə Türkiyə mütəxəssislərinin ixtiyarına verilməsidir: “Onsuz da tibb ixtisasını seçənlərin böyük əksəriyyətinin Türkiyədə təhsil almaq meyli çox güclüdür. Bu ilk növbədə onların işini yüngülləşdirər. Kafedralar təkmilləşər, durğunluqdan xilas olarlar. Təcrübə mübadiləsində tibbi praktika əhəmiyyətli dərəcədə güclənə bilər. Türkiyə hazırda bütün elm sahələri üzrə kitab tərcüməsi və yerli müəlliflərin əsərlərinin çapı üzrə dünyada aparıcı yerlərdən birini tutur. Tələbələrə ən müasir ədəbiyyatlardan dərslər keçilər. Bizdə bütün sahələrdə olduğu kimi tibb sahəsində də ədəbiyyat qıtlığı təhsilin keyfiyyətinə mənfi təsir göstərir”.

Ekspert xatırladıb ki, ADTU-nun diplomu praktiki olaraq Türkiyədən və bir-iki MDB ölkələrindən başqa heç yerdə tanınmır: “Yəni ADTU-nu bitirən şəxs gedib hansısa Avropa ölkəsində işləyə bilmir. Xarici ölkədə tibb təhsili alan şəxs isə həmin diplomla istər Avropada, istər Amerikada və ya dünyanın digər bir tərəfində həkim kimi fəaliyyət göstərə bilər. Deməli, ADTU-nu deyil, xarici dövlətlərin tibb ocaqlarını seçməkdə əsas səbəb diplomun gücü məsələsidir. Əgər hər hansısa bir şəxs xarici dövlətlərin tibb müəssisələrinin diplomu ilə ürəyi istəyən hər bir yerdə sərbəst şəkildə, heç bir problemsiz çalışa biləcəksə, onda təbii ki, xaricdəki təhsilə üstünlük verəcək. İkinci bir məsələ isə təbii ki, odur ki, əgər azərbaycanlı bir həkim xaricdə qalıb fəaliyyətini davam etdirirsə, sözsüz ki, burada ən böyük səbəb onun həmin ölkədə aldığı məvacibdir. Heç kimə sirr deyil ki, dünyanın bir çox ölkələrində həkimlər dövlətin ən varlı təbəqəsi hesab olunur. Hətta bəzi ölkələrdə həkimlər millət vəkillərindən, dövlət məmurlarından qat-qat artıq maaş alırlar.

Ölkədə tibb təhsili verən müəssisələrin sayı azdır. Ali tibb təhsili verən müəssisələr yalnız Bakı və Naxçıvandadır. Digər bir neçə bölgədə orta ixtisas təhsilli tibbi kadr hazırlığı həyata keçirilir. 

Ölkədə tibb mütəxəssislərinə ciddi ehtiyac var. Ona görə də bölgə universitetlərində tibb ixtisaslarına qəbul həyata keçirilməlidir. Qarabağ Universitetində, Gəncə Dövlət Universitetində buna yaxşı imkan var. 

Tibb təhsilli mütəxəssislər xəstəxanalarda yetişdirilir. Düşünürəm ki, böyük xəstəxanalar olan bölgələrdə universitetlərdə tibb üzrə ixtisaslar açılmalı, kadr hazırlığı həyata keçirilməlidir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR