İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tərtər işi” - yeni işgəncə faktları üzə çıxdı

Zərərçəkən: “Bədənimi ”tok"a veriblər, izləri hələ də qalıb; İşgəncələr nəticəsində çəkim 90-dan 42 kiloqrama düşmüşdü"

Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi”ndəki işgəncələrə görə bir qrup hərbi qulluqçu - Vüsal Ələsgərovun, Rəşid Niftəliyevin, Ramil Qarayevin və Rüstəm Ələsgərovun məhkəməsi davam edir. Bu iş Bakı Hərbi Məhkəməsinin icraatında olsa da, məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Məhkəmə iclaslarına hakim Zeynal Ağayev sədrlik edir. Hazırda prosesdə zərərçəkənlər ifadə verirlər.

Musavat.com xəbər verir ki, prosesdə zərərçəkən Təbriz Babazadə ifadə verib. O, təqsirləndirilən şəxslərdən Vüsal Ələsgərovla Rəşid Niftəliyevi tanıyıb. O deyib ki, Vüsal Ələsgərov onun xidmət etdiyi hərbi hissənin komandiri, Rəşid Niftəliyevsə qərargah rəisi olub. Rəşid Niftəliyevdən şikayəti olmasa da, ifadəsi boyu işgəncələrdə tez-tez Vüsal Ələsgərovun adını çəkib.

Zərərçəkənin ifadəsindən: “Mayın 2-də postdaydıq. Gəlib dedilər ki, sizi hərbi hissə komandiri çağırır. Həmin ərəfələrdə  hərbi cihaz yoxa çıxmışdı. Düşündük ki, yəqin komandir bizi ona görə çağırır”. Zərərçəkən deyir ki, onun əllərini, gözlərini bağlayaraq onları Cəmilliyə aparıblar. Orada korpus komandiri Hikmət Həsənov, hərbi hissə komandiri Vüsal Ələsgərov da olub. Onu Vüsal Ələsgərovun otağına aparıblar: “Bizi diz üstə oturtdular. Gözümüzü papaqla örtmüşdülər. Bu Vüsal deyirdi ki, cihazı erməniyə satmısan, boynuna al. Bizə izahat yazdırmaq istəyirdi ki, erməniyə işləmişik. Söyürdü, mən də cavabını verdim, qarnıma təpiklə vuranda  yıxıldım, yerdə təpiklə başıma da vurdu, otaqdan çıxanda dedi ki, öldürün bunları... Mənə dedilər ki, on nəfər üzünə dayanır ki, sən erməniyə işləyirsən. Dedim, mən 6-7 aydır xidmət edirəm, heç hərbi hissədə yaxından tanıdığım on nəfər yoxdur. Məni məcbur edirdilər ki, bölük komandirim Vaqif Abdullayevin adını çəkim”, - zərərçəkən deyib.

Tərtər işi" yenidən araşdırılır. İşgəncəyə məruz qalmış hərbçilər və  onların ailələri bunu 5 ildir tələb edirdilər - BBC News Azərbaycanca

Daha sonra zərərçəkən işgəncələrdən danışıb: “Bədənimi "tok"a veriblər, izləri hələ də qalıb. İşgəncələr nəticəsində çəkim 90-dan 42 kiloqrama düşmüşdü. Vüsalla bizi üzləşdirəndə deyirdi ki, ona əmri müdafiə naziri, korpus komandiri verib, indi həmin sözü burada da de. Məni mayın 11-də Bakıya hospitala ölümcül halda gətiriblər, komada olmuşam, gətirilməyimdən özümün xəbərim olmayıb. Hospitalın həkimləri inanmırdı ki, mən sağ qalaram. Həkimlərin də bizə münasibəti yaxşı deyildi, çünki bizi vətən xaini bilirdilər, biganə yanaşırdılar. Bütün bu hadisələrdən 6 ay sonra özümə qəsd etmişəm. Başıma gətirdiklərini qəbullana bilmirdim, mənə vətən xaini kimi baxırdılar. Fikirləşirdim ki, axı niyə mən bunları yaşamalıydım. Yaşamaq mənim üçün mənasız olmuşdu". Zərərçəkmişin sözlərinə görə, yoxa çıxmış cihaz sonradan başqa əsgərdən tapılıb.

Niyaz Yaqubov ifadəsində təqsirləndirilən şəxslərdən Vüsal Ələsgərovla  Rəşid Niftəliyevi tanıdığını deyib. Vüsal Ələsgərovun komandiri olduğu hərbi hissədə qulluq edən zərərçəkənin ifadəsinə görə, xidmət etdiyi posta gələn kəşfiyyat bölüyünün kəşfiyyatçıları onu və postda dayanan yoldaşlarını yığaraq Vüsal Ələsgərovun yanına aparıblar: “Bizə Cəmillidə günlərlə dəhşətli işgəncələr verildi. Axırda işgəncələrə dözməyərək bir-birimizin üzünə dayandıq”.

Daha sonra zərərçəkən Əbil Məmmədli ifadə verib. Əbil Məmmədli N saylı hərbi hissənin tibb məntəqəsinin rəisi olub. O deyir ki, may ayında hamını taborun qabağına yığıblar. Qərargah rəisi Azər Cəfərov deyib ki, Gorana təlimə yola düşürlər. Ancaq ola bilər ki, bəziləri oradan hərbi hissəyə qayıtmasın. Həmin günədək hərbi hissədə artıq “erməniyə işləmə” söhbətləri gedirmiş. Ə.Məmmədli deyib: “Biz o söhbətləri ciddiyə almırdıq, bir-birimizlə zarafatlaşırdıq, ağlımıza da gəlməzdi ki, məsələ bu qədər ciddiləşər. Bizi Marquşavana apardılar, orada bütün gizir, zabit, MAXE, əsgər - hamını arxadan yoxladıq. Yoxlamada məhkəmə tibbi ekspertizasından ekspert, mərkəzi hərbi hospitaldan cərrah da iştirak edirdi. Hospitaldan gələn cərrah hamını bir-bir şəxsən yoxlayırdı. Mən də onlarla birlikdə yoxlayırdım. Özümü isə yoxlamadılar. Bahadur Əhmədov vardı, indi Sərhəd Qoşunlarının tibb idrəsinin rəisidir, o dedi ki, sən niyə yoxlanmırsan? Göstəriş verdi ki, bunu da yoxlayın. Tibb polkovniki dedi, mən onu yoxlamıram. Hərbi hissəyə gələndə Bahadur Əhmədov dedi, mən özüm səni yoxlayacağam, özü şəxsən məni arxadan yoxladı və dedi ki, əlamət var”.

Tərtər işi” ilə bağlı yeni həbslər - Axtarışa Verilən Var - FED.az

Əbil Məmmədlinin sözlərinə görə, ondan o tərəfə işgəncələr başlayıb: “Bizi Gorana apardılar, orada hər gün 1-2 nəfər aparıb, işgəncə verib, etirafedici izahatlar alıb, qaytarıb gətirirdilər. Bir gün də psixoloq dedi ki, təbrik edirik, xainlər tapılıb, qalır sizin gedib izahat yazmağınız”. Əbil Məmmədli deyir ki, bədəni günlərlə toka verilib. Sarıcalıda, Bakıda hospitallarda olub. Dəfələrlə Bakıya gətirilib, hərbi hissəyə qaytarılıb. Ancaq o, işgəncə verənlərin hazırkı təqsirləndirilən şəxslər olmadığını da dilə gətirib: “Mən bunları tanımıram, mənim olduğum hərbi hissəyə aidiyyətləri yoxdur”.

Zərərçəkən onu da deyib ki, işgəncələr zamanı zabitlərlə daha amansız davranıblar.

Məhkəmə gün ərzində təxminən 20 zərərçəkəni dindirib. Məhkəmə iclası növbəti həftə davam edəcək.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR