İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tərtər işi” üzrə yeni məhkəmələr başlayır

Noyabrın 2-də Gəncə Apelyasiya Məhkəməsi “Tərtər işi” üzrə 11 fiqurantın barəsində hökmü ləğv edib və işi yenidən  baxılmaq üçün birinci instansiya məhkəməsinə göndərib. Bu barədə “Turan”a vəkil və hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib.

“Report”un Qərb bürosunun məlumatına görə, barəsində hökm ləğv edilən 11 nəfər - kapitan Rauf Orucov, baş leytenant Sultan Zeydullayev, gizir Emin Adilzadə, leytenant Natiq Əliyev, kiçik çavuş Əlizamin Quliyev, əsgər Turan İbrahimli, Müşfiq Əhmədli, Məcid Qasımov, Faiq Əhmədov, Mirpaşa Mehdiyev və Atabəy Rəhimovdur. 

Məhkumlar müttəhim statusuna qaytarılıb. Eyni zamanda həbs-qətimkan tədbirinin dəyişdirilməsi və müttəhimlərin azadlığa buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətləri təmin edilməyib.

Xatırladaq ki, hökmü Tərtər Hərbi Məhkəməsi çıxarıb, lakin hazırda Apelyasiya Məhkəməsi işi yenidən baxılmaq üçün Gəncə Apelyasiya Məhkəməsinə verir.

2016-cı ilin aprel döyüşlərindən sonra Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi Ermənistana casusluq etdiyinə görə bir qrup hərbçinin həbs edilməsi barədə məlumat yayıblar.

İstintaqa bir neçə yüz adam cəlb edilib. İctimaiyyət 2017-ci ilin may-iyun aylarında saxlanılanların kütləvi işgəncələrə məruz qalmasından 2019-cu ildə xəbər tutub. Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncələrə məruz qalıb, 25 nəfər uzun müddətə azadlıqdan məhrum edilib, 9 nəfər isə işgəncələrdən ölüb. Mühakimə olunanların bir hissəsi bəraət alıb və ittihamlar götürülüb. Onlara işgəncə verənlər həbs olunub və mühakimə edilib. Lakin qanunsuz işgəncələrdə əli olanların həbsi son vaxtlara qədər davam edib.

Qeyd edək ki, illərlə “Tərtər işi”, orada baş verən işgəncə və vəhşiliklər ictimaiyyətdə ciddi narazılıq yaratmışdı. Buna baxmayaraq, aidiyyəti qurumlar bu məsələni görməzdən gəlməyə çalışırdı. Bəzi rəsmilər “Tərtər işi” ilə bağlı cinayət işinin yekunlaşdığını və səsləndirilən ittihamların heç bir əsası olmadığını deyirdi, ta ki ötən il Azərbaycan Baş Prokurorluğunda bu işin araşdırılması üçün yeni istintaq qrupu yaradılana qədər...

Xatırladaq ki, bir neçə gün öncə baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında “Tərtər işi” ilə bağlı zəruri istintaq hərəkətlərinin davam etdirildiyini diqqətə çatdırmışdı. Kamran Əliyev bildirib ki, hazırda istintaq davam etdirilir, qanunun tələb etdiyi bütün zəruri tədbirlər yerinə yetiriləcək.

Bəs qanunsuz hökmlər çıxaran məhkəmə hakimlərini nə cəza gözləyir? Bu prosesdə daha kimlər cəzalanmalıdır? Hüquq müdafiəçiləri yenilənmiş məhkəmələrdə iştirak edəcəklərimi?

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?!

Çingiz Qənizadə: ""Tərtər işi" Azərbaycanın məhkəmə və hüquq sistemi tarixində ən ləkəli hadisələrdəndir"

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Hüquq müdafiəçisi qeyd edib ki, “Tərtər işi” artıq nəinki Respublika Prokurorluğunun, həm də Azərbaycan xalqının, ictimaiyyətin böyük əksəriyyətinin xüsusi diqqətində olan məsələdir: “Azərbaycanın məhkəmə və hüquq sistemi tarixində ən qara və ləkəli hadisələrdən biri kimi hələ xeyli müzakirə predmeti olacaq. Belə ki, bu iş adı altında çox sayda soydaşımız işgəncəyə məruz qalıb. Respublika Prokurorluğu bu  işi nəzarətə götürdükdən və baş prokurorun birinci müavininin nəzarəti altında işin istintaqı yenilənəndən sonra zərərçəkənlərin sayı 400 nəfərə çatdırılıb. Məlum olduğu kimi, bir neçə şəxs işgəncə nəticəsində dünyasını dəyişib. Xeyli sayda əsassız ittiham olunanlar var. Hətta dünyasını dəyişənlərdən birinin vətən xaini adı altında el qəbiristanlığında basdırılması qadağan edilərək rayondan tamamilə kənarda, düzənlik yerlərdə dəfn olunması faktı var. Bu, qətiyyən başadüşülən hal deyil, hüquqda bunun adı yoxdur! Bu, Stalinin  dövründə vətən xainlərinin izsiz-tozsuz dəfn edilməsinə oxşar bir faktdır. Sonradan məlum oldu ki, həmin rəhmətliyin özü də əsassız ittiham olunub və bəraət aldı, Baş Prokurorluq onun ailəsinə bu barədə qərarı təqdim etdi.

İndi isə Gəncə Apelyasiya Məhkəməsində Tərtər Hərbi Məhkəməsi tərəfindən çıxarılan çoxsaylı işlərin ləğv edilərək, yenidən birinci instansiyaya baxışa qaytarılması hallarının şahidiyik. Baş Prokurorluq tərəfindən bu məsələlərin obyektiv, düzgün və hərtərəfli araşdırılması və hüquqi qiymət verilməsi istiqamətində görülən işlər təqdirəlayiqdir. Bu baxımdan insanlarımıza səslənirəm ki, təmkinli olsunlar və ümidlə gözləsinlər ki, bunun sonu ədalətli qərarların qəbul edilməsi ilə nəticələnəcək, necə ki, bugünlərdə bir neçə iş ləğv edilərək yenidən birinci instansiyaya baxışa qaytarıldı. Bu nə deməkdir? Burada barəsində hökm çıxarılmış şəxslər artıq məhkum edilmiş şəxslər deyil, təqsirləndirilən şəxslərdir. Ümid edirəm ki, yeni məhkəmədə onların əməlinə düzgün qiymət veriləcək. Bu iş cənab Prezidentin nəzarəti altındadır. Kamran Əliyevin baş prokuror vəzifəsinə təyinatı, yeni kadr korpusunun bu işə qarışması ədalətli və düzgün qərarların qəbul ediləcəyinə olan ümidləri artırır".

“Hüquq müdafiəçisi kimi yenilənmiş məhkəmələrdə iştirak edəcəksinizmi” sualımıza Çingiz Qənizadə bu cür cavab verdi: “Tərtər Hərbi Məhkəməsi Bakı şəhərindən uzaqda yerləşir. Bu baxımdan yenilənmiş məhkəmə proseslərində iştirak etmək bir qədər zaman və  məsafə tələb edir.  Məlum olduğu kimi, pandemiya dövründə, 2020-ci ildən sonra proseslər qapalı keçirilirdi. Lakin hesab edirəm ki, yenilənmiş məhkəmələrdə hüquq müdafiəçilərinin iştirak etməsi vacibdir. Yəqin ki, Hüquq Müdafiə Təşkilatının Monitorinq Qrupunun üzvləri olaraq, başda Novella Cəfəroğlu, Səidə Qocamanlı  və mən bu proseslərdə iştirak etməyə çalışacağıq”.

 

Çingiz Qənizadə qeyd etdi ki, “Tərtər işi”ndə təkcə qanunsuz hökm çıxaran hakimlər deyil, bir çox şəxslər məsuliyyətə cəlb olunmalı və cəzalandırılmalıdır: “Burada təkcə qanunsuz hökm çıxaran hakimlər deyil, eyni zamanda  ittiham sənədlərini hazırlayan müstəntiqlər, ittihama qol çəkənlər cəzalandırılmalıdır. Həmçinin burada saxta ekspertiza rəyləri də olub, bu rəyləri vermiş həkimlər və  digər bu işdə qanunsuzluğa yol verənlər də məsuliyyətə cəlb olunmalıdır.  O ki qaldı şəxslərə əzab, işgəncə verənlərə, onların barəsində onsuz da Baş  Prokurorluq ittihamedici qərarlarla çıxış edib və  həmin şəxslərin hamısı cəzalandırılmalıdır. Onlar nəinki hüquq-mühafizə orqanlarından xaric edilməli, həm də məsuliyyətə cəlb olunmalıdır ki, özlərindən sonra gələnlərə dərs olsun”.    

 

Novella Cəfəroğlu: “Xarici qrantlarla ev, kostyum alırlar” - Reportyor

Novella Cəfəroğlu: "Bəlkə də qanunsuz qərar çıxaran  hakimlərin vicdanları sızlayıb, amma..."

Hüquq müdafiəçi Novella Cəfəroğlu isə bildirdi ki, “Tərtər işi” ilə bağlı hələ ilk gündən məşğul olurlar: “Biz birinci gündən bu işlə məşğul oluruq. Anaların bizim yanımıza gələrək, öz müraciətlərini etmişdilər. Artıq onların əksəriyyətinin azad olunmasına nail olmuşuq. Hələ həmin vaxtlar deyirdik ki, bu işə yenidən baxılsın. Əlbəttə ki, qanunsuz qərar çıxaranlar, insanlara əzab və işgəncə verənlər mütləq şəkildə cəzalandırılmalıdır. Xalq görməlidir ki, bu ölkədə qanunları pozan, özünü qanunlardan üstün tutan, əsgərlərimizə, zabitlərimizə düşməncəsinə davranan şəxslər kimliyindən asılı olmayaraq qanuni cəzalarını alır. Bu, çox vacib məsələdir. Ortada yüzlərlə insanın hüququnun dəhşətli dərəcədə pozulduğu barədə məlumatlar var. Xalq əmin olmalıdır ki, "Tərtər işi"nin istintaqı ədalətli aparılır və törətdiyi cinayətin məsuliyyətindən kənarda qalanlar olmadı. Bu məsələ dövlətimiz üçün milli maraq məsələsinə çevrilib. Bu işdə əli olan, cinayətə yol verən bütün şəxslərin qanunun tələb etdiyi şəkildə cəzalandırılmasını milli və dövlət maraqlarımız tələb edir. Əlbəttə ki, bütün bu işgəncələrin arxasında kimlərsə dayanır, bu, kimlərinsə sifarişi ilə həyata keçirilib. Bəlkə də qanunsuz qərar çıxaran həmin məhkəmə hakimlərinin vicdanları sızlayıb, özlərini günahkar hesab ediblər. İnanmıram ki, normal bir insan qanunsuz şəkildə şəxsləri bu cür ittiham etsin, o cür əzab və işgəncə versin. “Tərtər işi” prosesinin ədalətli aparılması Azərbaycanın imicinə də təsir edəcək. Əgər istəyiriksə  Avropa Şurasında iştirak edək, məhkəmələr qanunla aparılmalıdır. Bu cür məhkəmə səhvlərinin ucbatından Azərbaycan Avropa Şurasında hədəfə alınır.

Məlum olduğu kimi, Prezident bu işə qarışıb, hesab edirəm ki, bu işlə bağlı hazırda keçirilən məhkəmələrin ədalətli aparılması məhz bu faktdan qaynaqlanır.

O ki qaldı məhkəmə proseslərini izləməyə, axı bizi məhkəmələrə buraxmırlar. Həmin məhkəmələr qapalı keçirilir və çox az insan ora gedə bilir. Ona görə də biz sadəcə valideynlərin, vəkillərin dediklərindən ayırd edə bilirik ki, məhkəmə prosesi necə aparılıb, hansı qərarlar verilib..."

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR