İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhsilimizin repetitorluq bəlası - çıxış yolu varmı...

Ekspertlər təkliflər irəli sürdü; bəziləri qəbul imtahanlarında fənlərin sayının azaldılmasını, bəziləri isə ümumiyyətlə, qəbul imtahanının ləğvini istəyir

Sovet dövründən təhsilimizdə miras qalan mənfi tendensiyalı ənənələrdən biri də repetitorluqdur. Hazırda bu prosesin inkişaf səviyyəsi insanları təngə gətirəcək durumdadır. Valideynlər şikayətlənir ki, bəzi müəllimlər məktəbdə dərs keçmir və uşaqları fərdi hazırlığa cəlb edirlər. Sirr deyil ki, repetitor yanına getmədən ali məktəbə qəbul olmaq mümkün deyil.

Digər tərəfdən, aztəminatlı müəllimləri də qınamaq olmur. Onlar 400-500 manat maaşla dolana bilmədikləri üçün bu variantı seçirlər. Məsələ narahatedici səviyyədədir və parlamentin son iclasında deputat  Fəzail Ağamalı deyib ki, “Repetitorluq sistemi orta məktəbləri dağıdır, 8-9-cu siniflərdən sonra məktəblərə uşaqlar getmir”.

Deputat bildirib ki, gələn sessiyadan “Təhsil haqqında” Qanunu yenidən işləməliyik. Sədr Sahibə Qafarova gələn sessiyada təhsil problemlərinə dair Elm və təhsil komitəsində böyük dinləmə keçirilməsini təklif edib: “Buna ehtiyac var. Konkret spektr götürülməli, problemlər müzakirə edilməlidir”.

Əlbəttə, bu vəziyyətdən bir çıxış yolu tapılmalıdır. Elə bir variant seçilməlidir ki, müəllimlər də çarəsiz duruma düşməsin, uşaqlar da “repetitorluq əsarəti” yaşamasın. Qızıl orta nədir? Ekspertlər çıxış yolu kimi nə təklif edir? Orta məktəblərdə çalışan müəllimlərin repetitorluğuna məhdudiyyət qoyula bilərmi? Yaxud məktəblərdə dərsdən sonra pullu məşğələlərin təşkili mümkündürmü?

c9a7fe9f-39b5-4305-8dcb-cdfc5b336d52.jpg (207 KB)

Elçin Əfəndi

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, repetitorluqla bağlı vəziyyət getdikcə daha kritik hal alır: “Demək olar ki, orta ümumtəhsil məktəblərində də dərslərin keçirilmə səviyyəsi olduqca aşağı düşüb. Son on ilə nəzər yetirsək, ümumiyyətlə təhsil sistemində aparılan dəyişikliklər, qəbul imtahanları ilə bağlı olan dəyişikliklər repetitorluğun daha geniş vüsət almasına gətirib çıxarır. Bu gün məktəblərdə tədris yoxdur. Yuxarı siniflərdə təhsil demək olar ki, bərbad haldadır. Xüsusilə 8-9, 10-11-ci sinif şagirdləri məktəbə demək olar ki, istisna hallarda gəlib-gedirlər. Bunların da içərisində oxumağa maraqlı olmayan uşaqlardır. Müəllimlərin də müəyyən hissəsi yalnız repetitor fəaliyyəti ilə məşğul olmağa üstünlük verir. Bunun da səbəbi onların əmək haqqının aşağı olması ilə bağlıdır. Bu gün Azərbaycan müəllimi təəssüf ki, olduqca aşağı əmək haqqı alır, düşünür ki, əlavə şagird hazırlamaqla maddi durumunu yaxşılaşdırsın. Dünyanın əksər ölkəsində repetitor fəaliyyəti var, amma bizdəki qədər geniş vüsət almayıb. Orada istisna hallarda hansı fənlərdən uşaq zəifdirsə, o fənn üzrə də yönləndirilir. Bizdə isə kütləvi şəkildə müraciət var. Hətta məktəbə hazırlıq, ibtidai sinif pilləsində repetitorlara üz tutulur. Bunun qarşısı alınmalıdır. Bütün bunların aradan qaldırılması üçün nələr edilməlidir? İlk olaraq müəllimlərin əmək haqqı artırılmalıdır. Düzdür, sertifikasiyadan uğurlu keçənlərin maaşları artırılır, ümumilikdə maaşlar artırılmalıdır. Eyni zamanda müəllimlər üçün konkret iş saatı tətbiq etməliyik. Elə etmək lazımdır ki, orta məktəblərdə çalışan müəllimlər şagirdləri evdə təhsilə cəlb etməsinlər. Təhsil məktəbdə, auditoriyada verilməlidir. Əgər kimsə pullu təhsil istəyirsə, bu zaman məktəb rəhbərliyi ilə danışıb dərsdən sonra orada təşkil olunacaq məşğələlərdə iştirak edə bilərlər. Son illər təmayülləşmə adı ilə müəyyən ixtisas qrupları üzrə qruplaşdırmalar apardılar, bu da effekt vermədi, əksinə, daha bərbad vəziyyət yarandı. Əgər mövcud vəziyyəti dəyişmək istəyiriksə, Elm və Təhsil Nazirliyinin müəyyən proqramı olmalıdır. Müəllimlərin əmək haqqını nə qədər yüksək etsək də, bir o qədər yaxşıdır. Eyni zamanda qəbul imtahan qaydalarını sadələşdirməliyik, burada fənn sayını minimallaşdırmalıyıq. Bu gün şagird 6-7 fənn üzrə deyil, 3 fənn üzrə imtahan verib ali məktəbə qəbul olmağı qazanmalıdır. Belə olduğu halda kütləvi şəkildə repetitorluğun azalmasına səbəb olacaq. Uşaq Azərbaycan dili, riyaziyyat və xarici dildən imtahan verib qazanırsa, görün neçə fənn ixtisara getmiş olur. Bunları tənzimləmək mümkündür. Bunu nazirlik və DİM düşünməlidir, bu sahədə ciddi islahatlara ehtiyac var. Bu da danılmaz faktdır ki, yüksək bal toplayan bütün abituriyentlər hazırlıq mərkəzlərinin və repetitorların yetirmələridir. Bu gün məhz hazırlıq mərkəzləri və repetitorlar olmasa, Azərbaycanda hər il orta ixtisas və ali təhsil müəssisələrinə qəbul olanların sayı 10 min nəfərdən artıq ola bilməz! Bu gün filan məktəbin şagirdi yüksək bal topladı deməklə məhz həmin şagirdə dərs deyən repetitor müəllimin haqqını, əziyyətini yerə vurmaq deməkdir”.

Müəllim-valideyn məngənəsindəki ŞAGİRDLƏR: “İmtahanlardan daha çox bal  toplamaları üçün onları sıxırlar” – Ekspert – Yenicag.Az

Adil Vəliyev

Təhsil eksperti Adil Vəliyev isə deyib ki, repetitorların üstünə düşmək, məktəblərdə dərs keçirilsə repetitorluğa ehtiyac olmaz kimi fikirlər doğru deyil: “Dünyanın dörd bir yanında adı fərqli olsa da, repetitorluq da var, kurslar da. Burada nə eyib bir şey var ki, siz bunun qarşısını almaq üçün çalışırsınız? Və ya sualı başqa formada versək, kurslar və repetitorlar olmasa, uşaqların nəticələri də aşağı olacaq axı. Məktəblərdə dərsin keyfiyyətinə gəldikdə isə məlumat üçün deyim ki, özəl məktəbə gedən uşaqlar da dərsdən sonra repetitor yanına hazırlığa gedir. Yəni bu məsələ ancaq məktəbdə təhsilin və tədrisin keyfiyyəti ilə əlaqəli deyil. Təhsil verənin və təhsil alanın da ötürmə və qəbul etməsi ilə əlaqədardır”.

Tanınmış pediatr Vaqif Qarayev valideynlərin şikayətlərinə toxunub: “Hər il valideynlərin məktəbli uşaqlarla bağlı şikayətləri çoxalır.  14 yaşı var, arterial təzyiqi yüksəkdir, gündüz 1-də dərsdən gəlir, sonra gedir hazırlıqlara. Axşam 7-8-də evə qayıdır, sonra gecə 2-3-ə kimi dərs hazırlayır. Səhər də 7-də oyanır... Əksər ailələrdə vəziyyət belədir. Müəllimlərin sertifikasiya imtahanı keçirilir, kim üçün yoxlanılır o  müəllimlər? Əgər uşaq başqa müəllimin yanına gedirsə, imtahan nəyə lazımdır? Bircə  "repetitor bütün ölkələrdə var" nağılı ilə bizi ələ salmasınlar. Hansı ölkədə repetitor yanına belə kütləvi axın var? Hələ ibtidai sinif şagirdlərinin hazırlıq kurslarından danışmıram. Hansı ölkədə uşaq məktəbdə aşağı sinifdə  hazırlığa gedir?! Təhsil sağlamlığın hesabına olmamalıdır! Uşaq sağlam olmalıdır ki, yaxşı oxusun! Zavallı valideyn boğazından kəsib repetitora verir, uşağın sağlamlığı da əldən gedir!"

Əhməd Qəşəmoğlu: “Sosial şəbəkələr ailələri dağıdır yanaşması doğru deyil”  » Azia.az

Əhməd Qəşəmoğlu

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu isə qəbul imtahanlarının ləğvini təklif edib. O deyib ki, ali məktəblərdə çox üzücü bir vəziyyət yaranıb: “Bakalavr pilləsində təhsil alan tələbələrin bir hissəsinin davranışı məyusedicidir. Onlar adətən dərslərə əhəmiyyət vermir, verilən tapşırıqları hazırlamır və arxa sıralarda otururlar. Bütün insanların hamısında özünü təsdiq tələbatı var. Həmin bu tələbələr özlərini təsdiqi öz tələbə yoldaşlarına replika atmaqda, yekə-yekə danışmaqda, özlərini sərbəst göstərmək üçün dərsi pozmaqda  və s. bəd əməllərdə görürlər. Onlar orta hesabla tələbələrin 15-20 faizini təşkil edirlər.  Nəticədə dərsin keyfiyyətinə, oxumaq, öyrənmək istəyən tələbə yoldaşlarına çox ciddi ziyan verirlər. Bir sosioloq olaraq bütün universitetlərdə olan belə tələbələrlə xeyli söhbət etmiş, onların sosial-psixoloji portretlərini müəyyən etməyə çalışmışam. Bəzi tələbələrimə bu mövzuda dissertasiya mövzusu da vermişəm. Həmin tələbələr birmənalı olaraq tələbə statusuna uyğun deyillər və onların alacağı diplom, sadəcə, təhsil ödənişi haqda qəbzdən başqa bir şey deyil. Amma təhsil sistemimizə vurduqları zərbə dəhşətlidir. Bu tələbələr öz davranışlarına bu cür haqq qazandırırlar - istədiyim ixtisasa düşməmişəm;  valideynlərimdən, qonşulardan utandığıma görə hazırlaşıb universitetə girmişəm; təhsilə marağım yoxdur; Universitetə çox az balla daxil olmuşam; universitetdən xaric olmaqdan qorxmuram, universitet  verdiyim təhsil haqqından məhrum olmamaq üçün məni xaric etməyəcək  və s. Təkrar edirəm, bu tələbələr ali təhsil sisteminə fəlakətli zərbələr vururlar. Bu vəziyyətdən qurtarmaq üçün bir model təklif edirəm. Birincisi, qəbul imtahanları ləğv edilsin, ali məktəblərə qəbul bir sıra xarici ölkələrdə olduğu kimi attestat balı ilə keçirilsin. İkincisi, hər bir universitet öz normasından 20% artıq tələbə qəbul etsin; Elə birinci semestrdə məlum olacaq ki, hansı orta məktəblərdə şişirtmə qiymətlər verilib. Həmin məktəbin rəhbərliyi, müəllimləri ciddi məsuliyyətə cəlb olunsun; bakalavr pilləsində öz davranışlarına, təhsildə göstəricilərinə görə qeyri-qənaətbəxş nəticə göstərənlərin universitetdən xaric edilsin. Universitet müəllimlərinin əməkhaqları və məsuliyyətləri daha da artırılsın.

Belə olduqda heç bir tələbə arzu etmədiyi ixtisasa düşməyəcək, tələbələr arasında istər intizama, istər dərsə hazırlığa görə məsuliyyət artacaq, universitetlər qovulanların ödədikləri təhsil haqlarına görə müəyyən qazanc əldə edəcək. Toplanmış fond müəllimlərin maaşının, təhsilin keyfiyyətinin daha da artmasına imkan yaradacaq, valideynlər öz övladlarının daha keyfiyyətli təhsil alaraq universitetlərə daxil olmalarına çalışacaqlar".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR