İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran - 22: bölgədə şərtləri kim diktə edəcək - Ankara, Moskva, yoxsa...

Politoloq: “Bu görüşdən mövcud beynəlxalq vəziyyətin şərtlərinə uyğun olaraq mövqeləri daha güclənmiş şəkildə Türkiyə çıxa bilər”

Gələn həftə Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin görüşü planlaşdırılır. Bu görüş həm də Ukraynadakı müharibə səbəbi ilə kifayət qədər gərginləşən beynəlxalq və regional münasibətlər dönəminə təsadüf edir.

Doğrudur, Türkiyə və İran Rusiya əleyhinə sanksiyalara qoşulmayıb. Ancaq bu da faktdır ki, konkret olaraq Güney Qafqazla bağlı bu üç dövlətin özəl maraqları var və bu maraqlar heç də həmişə üst-üstə düşmür. Bunu müəyyən mənada İran Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin ötən həftədəki İrəvan səfəri də təsdiqlədi.

Belə olan surətdə Tehrandakı üçlü görüşdə hansı məsələlərin müzakirəsi prioritet olacaq və hansı tərəf “əli daha da güclənmiş” şəkildə çıxacaq? Bu görüşdən Azərbaycanın gözləntisi nədir?

Anar Əliyev: “Bölgəmizə sülh qətirəcək addımların atılmasına başlanılıb”

Anar Əliyev 

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Tehranda gözlənilən üçtərəfli və təkbətək görüşlər üç istiqamətdə məsələlərin müzakirə edilməsi və hər üç dövlətin bu üç istiqamət üzrə öz əsas hədəflərinin bir daha qarşı tərəflərə çatdırılması ilə yadda qalacaq: “Birinci vacib məsələ Türkiyə, İran və Rusiyanın maraqlarının kəsişdiyi, bir sıra hallarda toqquşduğu Suriya məsələsi olacaq. Suriyadakı mövcud vəziyyətin müzakirə edilməsi və hər üç dövlətin maraqlarının müzakirə edilməsi ilə görüş yadda qalacaq. Burada vacib məqam ondan ibarətdir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra kifayət qədər manevr imkanları zəifləmiş Rusiyanın Suriyada öz mövqelərini qoruyub saxlamasında və bu mövqelərin qorunması istiqamətində addımlar atılmasında artıq müəyyən çətinliklər özünü göstərir.

Həmin boşluqları Türkiyə və İran öz gücü hesabına doldurmağa, öz maraqlarına xidmət eləyəcək istiqamətə yönləndirməyə çalışırlar. Hesab edirəm ki, Rusiya Türkiyənin Suriyada möhkəmlənməsinə, ən azı Suriyanın şimalında türkmənlərdən ibarət bufer zonanın yaradılması ilə bağlı istəklərinə məhz İran imkanlarını dəstəkləyərək qarşı çıxmağa, bu istəklərin reallaşmasına mane olmağa çalışır. Əsas müzakirə mövzularından biri məhz bu olacaq.

İkinci vacib məqam təbii ki, Rusiya-Ukrayna münaqişəsi və bu vəziyyətdə Rusiyanın üzləşdiyi problemlər olacaq. Rusiyanın üzləşdiyi indiki çətin məqamda İran və Türkiyənin bu proseslərdə alacağı rolla bağlı, xüsusilə də Türkiyənin tərəflər arasında sülh masası təşkil etmək imkanlarının müzakirəsi geniş şəkildə qabardıla bilər. Artıq Qərb dünyası Ukraynada müharibənin bitməsi ilə bağlı çağırışlar səsləndirir. Çünki Qərb böyük həcmdə öz istəklərinə nail ola bildi. Bundan sonra Ukraynanın güzəştlər etməklə Rusiya ilə sülh danışıqlarına gəlməsi çağırışları edilməyə başlayıb. Belə bir prosesin fonunda Türkiyənin vasitəçilik missiyası yenidən aktuallaşa bilər. Tehranda bu məsələnin müzakirəsi də mümkündür. Eyni zamanda dünyanın ərzaq və enerji təhlükəsizliyi məsələsi də müzakirə olunacaq".

Politoloq qeyd etdi ki, Tehran görüşündə müzakirə olunacaq üçüncü istiqamət Cənubi Qafqazda mövcud vəziyyət və Cənubi Qafqaza kollektiv Qərb dediyimiz gücün açıq-aşkar daxil olma istəkləri ilə bağlı olacaq: “Hesab edirəm ki, regional bu üç qüvvə Cənubi Qafqazda digər qüvvələrin iştirakını məqbul saymadıqları kimi, mümkün vasitələrdən istifadə etməklə, birgə səylərini birləşdirməklə buna qarşı mübarizə aparmağa çalışacaqlar. Amma təbii ki, hər üç dövlətin bölgədə özlərinə məxsus maraqları, bir çox hallarda toqquşan maraqları mövcuddur. Xüsusilə də İran Cənubi Qafqazda mövcud reallıqların diktə etdiyi şərtləri qəbul etmək istəmir. Bütün bunlar da Cənubi Qafqazda möhkəm sülhün əldə olunmasına xidmət etmir. Tərəflər görüşdə qeyd olunan istiqamətlər üzrə öz hədəflərini və qırmızı xətlərini bir daha qarşı tərəfə çatdırmış olacaqlar.

Bu görüşdən mövcud beynəlxalq vəziyyətin şərtlərinə uyğun olaraq mövqeləri daha güclənmiş şəkildə Türkiyə çıxa bilər. Türkiyənin şansları daha yüksəkdir. Türkiyənin indiki şəraitdə mövqeyinin güclənməsi Azərbaycanın da mövqelərinin güclənməsinə və Cənubi Qafqazda həyata keçirmək istədiyi, bölgəmizin maraqlarına xidmət edən planların reallaşmasını mümkün qədər sürətləndirəcək, Azərbaycanın əlini gücləndirmiş olacaq".   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR