İnsanlara hürriyət, millətlərə istiqlal!

Yavlinskinin müavinini həbs etdilər - FOTO

Bu gün səhər saatlarında Rusiyanın hələ də mövcud olan “Yabloko” partiyasının sədr müavini Lev Şlosberqin və onun 95 yaşlı atasının mənzillərində axtarışlar aparılıb.

Musavat.com xəbər verir ki, dindirildikdən sonra Şlosberqə “xarici agentin vəzifələrini dəfələrlə yerinə yetirmədiyinə görə iş qaldırıldığı (330.1-ci maddənin 2-ci hissəsi) elan olunub.

Onu iki ilə qədər həbs cəzası gözləyir.

Müxalif siyasətçi 2023-cü ilin iyununda xarici agent elan edilib, fevralda isə xarici agentlər haqqında qanunu pozduğuna görə iki protokol tərtib edilib.

Lev Şlosberq uzun illər Pskov Qanunvericilik Assambleyasının deputatı olub. 2021-ci ildə “ekstremist təşkilat”da iştirak etdiyi iddiası ilə seçkilərdən kənarlaşdırılıb və seçilmək hüququndan məhrum edilib. O, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı savaşı açıq şəkildə pisləməsi və Putin rejimini sərt tənqidi ilə tanınır.

“Ölkəmiz təhlükəli vəziyyətdədir: onun gələcəyi yoxdur”, “Putin sovet adamıdır. Bu, ölkə üçün böyük faciədir”, - deyə Şlosberq sosial şəbəkələrdə yazıb.

“Şlosberq ölkənin ən görkəmli siyasətçilərindən biridir, o, cari məsələlərlə bağlı dürüst və açıq danışır, xarici agent statusu aldıqdan sonra hakimiyyətin gözlədiyi kimi ölkəni tərk etməyib. O, diskvalifikasiya və qadağalara baxmayaraq, fəal siyasətlə məşğul olmaqdan çəkinməyib”, - deyə partiyanın Moskva təşkilatının sədr müavini Kirill Qonçarov bildirib.

Onun sözlərinə görə, Şlosberq polislərin həbs etməyə gəldiyi ilk “Yabloko”çu deyil. Amma ilk dəfə sədr müavini səviyyəsində həbs həyata keçirilib.

Qriqori Yavlinskinin rəhbərlik etdiyi “Yabloko” partiyası Rusiyada passiv şəkildə müxalifliyi ilə bilinir. Qurum Rusiyanın Ukraynaya qarşı müharibəsinə açıq şəkildə çıxmasa da, tərəfləri sülhə çağıran bəyanatlar verməklə məşğuldur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR